Məhkəmə qərarları › İş №3(075)-352/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-352/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-352/2024 02.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1991-cı il tarixdə Şəki, Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Layısqı ərazi dairəsi, Qumux kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 02 may 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 1221 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 566 manat borc və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 1222 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 119 manat borc və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 9356 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 623 manat məbləğində borc və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 4828 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 510.62 manat borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 4829 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 291 manat borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin e-2(075)- 1564/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 7453.52 manat borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Şəki rayonu üzrə icra və probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu Şəxs barəsində olan icra sənədləri xx.xx.2022-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. İcra sənədlərinin mahiyyətinə və icraata daxil olma ardıcıllığına uyğun olaraq ayrı- ayrı tarixlərdə borclu barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq edilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Borclu Şəxs çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək icrası üçün Şəki şəhər-rayon Polis şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin polis əməkdaşları tərəfindən borclunun şöbəyə gətirilməsi təmin edilmiş, həmin tarixdə borclu Şəxs Şəki rayonu üzrə İcra və probasiya şöbəsində verdiyi izahatında hal-hazırkı tarixədək icra sənədləri üzrə borc məbləğindən heç bir ödəniş etmədiyini və qalan borc məbləğini hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bununla da icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən uzun müddət ərzində qərəzli olaraq təmin edilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 1221 nömrəli, xx.xx.2022-ci il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 1222 nömrəli, xx.xx.2022-ci il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 4828 nömrəli, xx.xx.2021-ci il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 4829 nömrəli, xx.xx.2021-ci il tarixli, Şəki Rayon Məhkəməsinin e-2(075)- 1564/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borclu heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icraatında olan altı icra sənədi üzrə ümumilikdə borcu 9135,14 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu barəsində axtarış verildiyindən Bakı şəhərində saxlanılaraq gecə polis şöbəsində qalmış, bu gün səhər saat 10:00-da şöbəyə gətirilmişdir. Özünün deməsinə görə dünən Bakı şəhərində saxlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 2021-ci ildən işdən çıxmışdır. İşlədiyi vaxtlar ödənişləri edirdi. Hazırda taksi fəaliyyəti ilə məşğul olur. 2 azyaşlı övladı var. “Baku elektroniks”ə olan borclarından birini bağlamışdır. Hər ay hissə-hissə ödənişlə edəcəkdir. Onu dünən saat 11:00-da Bakı şəhərində saxlayıblar. Bu gün Şəki şəhərinə gətirilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. X5 Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 izahat verərək bildirdi ki, borclu tərəindən cüzi miqdarda ödənişlər edilmişdir. Borc məbləği qalmaqdadır. Bankın əməkdaşları tərəfindən borclu ilə əlaqə saxlanıldıqda kobud formada cavab vermişdir. Qeyd edilənlərə əsasən borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, zərərçəkmişin izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 01 may 2024-cü il tarixdə, saat 11:00 radələrində Bakı şəhərində saxlanılmış, 02 may 2024-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 01 may 2024-cü il tarixdən, saat 11:00-dan, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 01 may 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini, məhkəmə qətnaməsi qüvvəyə mindiyi tarixdən bu günə qədər hər hansı ödəniş etməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və İXM-nin 31.4-cü maddəsi nəzərə alınmaqla barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 01 may 2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar