Məhkəmə qərarları › İş №3(075)-356/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-356/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-356/2025 30.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X2 barəsində qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilməyi ilə bağlı verilmiş xx.xx.2024-cü il tarixli qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, X4 "xxxx" MMC-nin direktorudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən barəsində 3500 (üç min beş yüz) manat cərimə olunmağı ilə bağlı xx.xx.2024cü il tarixli MN ******* nömrəli qərara əsasən İXM-nin 192.1 maddəsi ilə inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, eyni iş üzrə X5 Xidmətinin Bakı şəhəri idarəsinin baş əmək müfəttişli X7 tərəfindən tərtib edilmiş, hüquqi şəxs "xxxx" MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Şəki Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli 2(075)-1178/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Cavadehin qanunsuz hərəkətləri nəticəsində hüququ pozulduğundan məhkəməyə müraciət etməli olmuşdur. Həmin qərar qəbul edilərkən barəsində tətbiq edilmiş 3500 (üç min beş yüz) manat miqdarında inzibati cərimənin onun ailəsinin maddi vəziyyətinə böyük mənfi təsiri, şəxsiyyəti, direktoru olduğu müəssisənin iqtisadi durumunun aşağı olmasını, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti və digər hallar, o cümlədən qeyd edilən pozuntulara texniki cəhətdən yol verilməsi nəzərə alınmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialarına əlavə edilmiş: - 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X1 "xxxx" MMC-nin işə götürəni ilə bağladığı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində müvafiq olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 2 “q” bəndi ilə xitam verilmiş, lakin işdən azad olunarkən ona çatacaq son haqq-hesabları ödənilməmiş, həmçinin 2024-cü ilin iyun və avqust ayları üçün əmək haqqısı əmək müqaviləsində nəzərdə tutulmuş müddətdə ödənilməmiş, eyni zamanda xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Əmək Məcələsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sürücü işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(075)-1178/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-32/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(075)-1178/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-36668/2025 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinə əsasən vəzifəli şəxs X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən 3500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən vəzifəli şəxs X2 əmək haqqından hər ay 50% olmaqla 3500 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə balanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Belə ki, 28 iyun 2024-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 21-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.5-ci maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Qeyd edilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamışdır. Belə ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında 24 may 2024-cü il tarixdə bağlanmasına baxmayaraq əmək müqaviləsi elektron sistemə 27 may 2024-cü il tarixdə daxil edilmişdir. 28 iyul 2024-cü il tarixədək qüvvədə olan Əmək Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq əmək müqaviləsi bildirişi 1 iş günü ərzində (həmin ayın 25 və 26-sı tarixləri qeyri-iş günü olmuşdur) qeydə alınmaqla, işəgötürənə elektron qaydada məlumat verilmiş və qanunun tələblərinə müvafiq qaydada əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən qüvvəyə minmiş və işçi məhz əmək müqaviləsi qüvvəyə mindikdən sonra işə cəlb olunmuşdur. Bundan başqa səlahiyyətli orqanın nümayəndəsi X3 tərəfindən X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hüquqi şəxs X2 əməllərində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından da göründüyü kimi hüquqi şəxs "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən onun tərəfindən inzibati xəta haqqında protokolda adı qeyd edilən şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan, hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar