Məhkəmə qərarları › İş №3(075)-367/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-367/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-367/2024 05.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1953-cu il tarixdə anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəki rayonu, Birinci Biləcik kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs hər hansı icazə sənədi olmadan yaşadığı evdə qanunsuz ov silahı saxlaması səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, həmin silah ona vəfat etmiş mərhum atasından qalmışdır. Həmin ov tüfəngini yaşadığı evində saxlamışdır. Həmin ov tüfənginin sənədləri yoxdur. Həmin ov tüfəngindən indiyə qədər istifadə etməmişdir. Törətdiyi əməldən peşmandır. Qanuni qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib edən məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/370 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu, Birinci Biləcik kəndi ərazisində Şəxs yaşadığı evə baxış keçirilən zaman oradan aşkar edilmiş müvafiq olaraq, 1 ədəd 16 kalibrli, yivsiz, “İj” markalı, A-52356 nömrəli təklülə ov tüfəngi və həmin tüfəngə məxsus 6-sı dolu, 4-ü boş olmaqla ümumilikdə 10 (on) ədəd patron saxlanılması üçün şöbənin aidiyyəti xidmət sahəsinə verilməsi, qərarın surətinin maraqlı tərəflərə göndərilməsi və onlara qərardan şikayət etmək hüququnun olması və qaydasının izah edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin xx.xx.2024-cü il tarixli ekspert rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə hazırlanmış, “İJ” markalı, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “A-52356” №-li, daxili çaxmaqlı, təklüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “tüfəngin atəşə yararlı olub-olmaması müəyyən edilsin” sualını cavablandırmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissəsidirlər-gilizidirlər. Tədqiqata təqdim edilmiş 06 (altı) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində istidafə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlardır, istifadəyə yararlıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 16 kalibrli, yivsiz, “İj” markalı, A-52356 nömrəli təklülə ov tüfəngi və həmin tüfəngə məxsus 6-sı dolu, 4-ü boş olmaqla ümumilikdə 10 (on) ədəd patron dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar