Məhkəmə qərarları › İş №3(075)-368/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-368/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-368/2024 22.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Şəki, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 22 may 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1019/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs 300 manat aliment tutularaq tələbkar X1 ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmalıdır. Hazırda borclu Şəxs tələbkar X1 qızına ödənilməmiş 3400 manat aliment borcu mövcuddur. İcra sənədləri xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icratına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərizdə borclu tərəfindən borcun ödənilməsini təmin etməmişdir. Həmçinin könüllü müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət edilmişdir. Şöbədə borcluya tərəflərindən hüquq və vəzifələri izah edilmiş və izahat alınmışdır. Tərəflərindən borclu Şəxs onun hal-hazırda 3400 manat aliment borcu olduğu bildirilmiş və ondan hər hansı ödəniş edə biləcəyi sorulmuşdur. Borclu verdiyi izahatında hal-hazırda hər hansı ödəniş etmək imkanının olmadığını bildirmişdir. Həmçinin borclu hər ayın axırında 100 manat ödəniş edəcəyini bildirmişdir. Bununla da keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu bu gün saat 10:00-da şöbəyə özü gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, icra sənədində göstərilən borc məbləğlərindən ümumilikdə 440 manat məbləğdə ödəniş etmişdir. Himayəsində yaşlı, xəstə anası vardır. Keçən ay 100 manat məbləğdə ödəniş etmişdir. O, hər ay borcundan 100 manat olmaqla hissə-hissə ödəniş edə bilər. Rəsmi iş yeri yoxdur. İş olanda fəhlə kimi işləyir. Əməlindən peşmandır. Bu gün 10:00-da şöbəyə getmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. X9 Vəkil Bürosunun vəkili X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, borclu icra sənədi üzrə ümumilikdə 440 manat məbləğdə ödəniş etmişdir. Bir dəfə 90 manat, bir dəfə 50 manat, üç dəfə 100 manat olmaqla hissə-hissə ödəniş etmişdir. Sonuncu dəfə keçən ay 100 manat məbləğdə ödəniş etmişdir. Borclunun hal-hazırda ona ümumilikdə 3400 manat məbləğdə borcu vardır. Özü tütündə fəhlə işləyir. 1000 manat ödəniş olunsa, müəyyən müddət gözləyə bilər. Borcludan şikayətçidir, barəsində tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, zərərçəkmiş şəxsin izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 22 may 2024-cü il tarixdə, saat 10:00-da Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gəlmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 22 may 2024-cü il tarixdən, saat 10:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 22 may 2024-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini, məhkəmə qətnaməsi qüvvəyə mindiyi tarixdən bu günə qədər hər hansı ödəniş etməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və İXM-nin 31.4-cü maddəsi nəzərə alınmaqla barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 22 may 2024-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar