Məhkəmə qərarları › İş №3(075)-369/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-369/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-369/2024 22.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn hüquqi şəxs Şəxs MMC-nin hаqqındа Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin (bundan sonar İXM-nin) 430.4-cü mаddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından dаxil оlmuş inzibаti xətа hаqqındа iş mаteriаllаrını nəzərdən keçirib, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü mаddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar, baxılması və inzibati məsuliyyətə cəlb edilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilatı işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi tərəfindən 16 may 2024-cü il tarixdə tərtib edilmiş EP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC 46300.50 Avro məbləğində vəsaiti 25 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 46300.50 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 26 aprel 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verərək, təmsil etdiyi hüquqi şəxsin inzibati xəta hesab edilməsi iddia edilən hərəkətinə “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi deyil Qaydaların 4.3.2-1-ci yarımbəndinin tətbiq edilməli olduğunu bildirdi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsi və Şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallqarına əlavə ediməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəxs MMC və Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "xxxx" MMC arasında 10 mart 2022-ci il tarixdə imzalanmış 10/03/22 nömrəli müqavilədən və 1 saylı əlavəsindən görünür ki, müqavilənin predimeti olaraq oynaq və sakit çaxırların, şampan şərablarının ağzının bağlanması üçün müxtəlif ölçülü və formalı tıxacların tədarükü, qiyməti, keyfiyyəti, təchizat müddəti və sair nəzərdə tutulmuş, X2 ticarət agenti olaraq fəaliyyət göstərəcəyi və müqavilə üzrə Şəki Şəraba ödənilən pul vəsaitinin Lozanın mülkiyyəti olması və Şəki Şərab tərəfindən müqavilə və bu razılaşma üzrə nəzərdə tutulmuş məqsədlər üçün istifadə ediləcəyi, X4 tapşırığına əsasən Müqavilə üzrə nəzərdə tutulmuş malların alınması üçün satıcıları müəyyən edərək onlarla Lozanın adından və Lozanın hesabına müqavilələr bağlamağı, Loza isə Müqavilə üzrə müəyyən ödənilmiş ödənişləri vaxtında həyata keçirməyi və əlavə olaraq muzd ödəməyi öhdəsinə götürmüş, müqavilə çərçivəsində malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi nəzərdə tutulmamışdır. Şəxs MMC və Portuqaliya şirkəti olan “Amorim Corc S.A.” arasında 10 mart 2022-ci ildə imzalanmış 10/03/22 nömrəli müqavilədən və 1 saylı əlavəsindən görünür ki, müqavilənin predimeti olaraq oynaq və sakit çaxırların, şampan şərablarının ağzının bağlanması üçün müxtəlif ölçülü və formalı tıxacların tədarükü, qiyməti, keyfiyyəti, təchizat müddəti və sair nəzərdə tutulmuş, xidmətin təhvil məntəqəsi olaraq Türkiyə Respublikasının İstanbul şəhəri göstərilmişdir. ABB ASC X3 Şərab MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli, 6-2-87Şək/2- 83/2024 nömrəli məktubunda göstərilir ki, Şəxs MMC-nin ABB ASC Şəki filialında olan EUR valyutasında olan cari bank hesabından xx.xx.2022-ci il tarixdə 266OCT********** referans üzrə 46300,50 EUR köçürülən vəsait, xx.xx.2022-ci il tarixdə 113İCT********** referans üzrə daxil olmuş 46804,50 EUR məbləğində vəsaitin müqabilində edilmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs MMC və Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 10 mart 2022-ci il tarixində müqavilə imzalanmışdır. Müqavilənin 1 saylı Əlavə Razılaşmasında qeyd edilmişdir ki, Şəxs MMC "xxxx" MMC-nin ticarət agenti olaraq fəaliyyət göstərəcək və müqavilə üzrə birinciyə ödənilən pul vəsaiti "xxxx" MMC-nin mülkiyyətidir və Şəxs MMC tərəfindən müqavilə və bu Razılaşma üzrə nəzərdə tutulmuş məqsədlər üçün istifadə ediləcəkdir. Əlavənin 1-ci maddəsinə əsasən, Şəxs MMC "xxxx" MMC-nin tapşırığına görə müqavilə üzrə nəzərdə tutulmuş malların alınması üçün satıcıları müəyyən edərək onlarla sonuncunun adından və onun hesabına müqavilələri bağlamağı, "xxxx" MMC isə müqavilə üzrə müəyyən edilmiş ödənişləri vaxtında həyata keçirməyi və əlavə olaraq muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə tərəflər təsdiq etmişdilər ki, X4 ticarət agenti olaraq Müqavilə üzrə fəaliyyət göstərir. Loza tərəfindən Şəki Şəraba ödənilən pul vəsaiti Lozanın mülkiyyətidir və Şəki Şərab tərəfindən Müqavilə və bu Razılaşma üzrə nəzərədə tutulmuş məqsədlər üçün istifadə ediləcəkdir (vasitəçilik fəaliyyəti ilə bağlı pul köçürmələridir). Müqavilə çərçivəsində Şəxs MMC-nin "xxxx" MMC üçün ölkədən kənardan alınıb ötürüləcək malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi nəzərdə tutulmamışdır. Şəxs MMC ilə "xxxx" MMC arasında 10 mart 2022-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən 20 aprel 2022-ci il tarixində Şəxs MMC-nin müvafiq bank hesabına 46804,50 avro məbləğində avans ödənişi həyata keçirilmişdir. Bundan başqa, Şəxs MMC ilə Portuqaliya şirkəti olan “Amorim Corc S.A.” arasında 10 mart 2022-ci il tarixində müqavilə imzalanmışdır. Müqavilənin 6.1-ci maddəsində xidmətin təhvil məntəqəsi olaraq Türkiyə Respublikasının İstanbul şəhəri göstərilmişdir. Şəxs MMC ilə “Amorim Corc S.A.” arasında 10 mart 2022-ci il tarixli müqavilə əsasında Şəxs MMC tərəfindən 22 aprel 2022-ci il tarixində “Amorim Corc S.A.”-nın Portuqaliyadakı müvafiq bank hesabına 46300,50 avro məbləğində avans ödənişi həyata keçirilmişdir. Şəxs MMC ilə "xxxx" MMC və “Amorim Corc S.A.”arasında bağlanmış müvafiq müqavilələrin bilavasitə bağlılığı, hər iki müqavilənin predmetinin eyni olmaqla bir-biri ilə əlaqəsi, ikinci müqavilənin birincinin icrasına xidmət etdiyi aydın görünür və məhz həmin müqavilənin icra olunması üçün "xxxx" MMC tərəfindən 20 aprel 2022-ci il tarixində Şəxs MMC-nin müvafiq bank hesabına 46804,50 avro məbləğində ödəniş həyata keçirilmiş, (həmin məbləğin əvvəlcədən köçürülmüş ödəniş olduğu kredit haqqında bank bildirişindən aydın olur), Şəxs MMC-də həmin vəsaitdən vasitəçilik fəaliyyəti müqabilində xidmət haqqını götürüb 22 aprel 2022-ci il tarixində 46 300,50 avro məbləğində avans ödənişini “Amorim Corc S.A.”-nın müvafiq bank hesabına köçürmüşdür. Göründüyü kimi müqavilələr üzrə əməliyyatlar aparılarkən Şəxs MMC öz vəsaitini sərf etməmiş, alınan malları ölkəyə idxal etmək öhdəliyi götürməmiş, başqasının vəsaiti hesabına malların tranzit yolu ilə alınıb-satılmasında vasitəçi olmuşdur. İş materiallarında olan sorğuya bank tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabda göstərilir ki, Şəxs MMC-nin ABB ASC Şəki filialında olan EUR valyutasında olan cari bank hesabından xx.xx.2022-ci il tarixdə 266OCT********** referans üzrə 46300,50 EURO köçürülən vəsait, xx.xx.2022-ci il tarixdə 113İCT********** referans üzrə daxil olmuş 46804,50 EUR məbləğində vəsaitin müqabilində edilmişdir. Göründüyü kimi inzabati xəta ittihamının əsası ölkədən çıxarılıb geri qaytarılmadığı iddia edilən pul məbləği təqsirləndirilən hüquqi şəxsə vasitəçilik hərəkətləri üçün köçürülmüş vəsait olmuş, həmin vəsaitin müqabilində vasitəçi qazanc əldə etmiş və malın ölkəyə gətirilməsi öhdəliyi daşımamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində göstərilir ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadanödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir; Qaydaların 4.3.2-1-ci yarımbəndində isə göstərilir ki, malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Belə köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Yarımbəndlərin əlaqəli təhlilindən görünür ki, hazırki inzibati xəta haqqında işdə Şəxs MMC-nin kommersiya fəaliyyətində müqavilələr üzrə öhdəliyi vasitəçilik olduğundan, əvvəlcədən ödənişi edənin vəsaiti hesabına həmin vəsaitdən çox olmayan məbləğlə malı aldığından və ölkəyə daxil edilmə öhdəliyi olmadığından tranzit ötürülməsi hərəkətləri malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələrin aid olduğu Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənməlidir. Belə olduğu halda, yəni bu hərəkətlər Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə nizamlandığı üçün əməldə heç bir qanun pozuntusu, inzibati xəta olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Konstitusiyanın 79-cu maddəsinə əsasən, heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Hər bir normativ-hüquqi aktın əsasında qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsipləri dayanmalıdır. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla sadalanan prinsiplərin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında dəfələrlə istinad etdiyi hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 30 sentyabr 2024-cü il tarixli Qərardadında qərara alınmışdır ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır. Həmçinin göstərilir ki, Qaydaları”ın 4.3.2-1-ci yarımbəndi məhz vasitəçiliklə bağlı maliyyə əməliyyatlarının aparılması qaydalarını, köçürülən məbləğlərə dair müvafiq məhdudiyyətləri, lazımi sənədləri və müəyyən şərtlərə əməl edilmədikdə atılmalı olan addımları müəyyən edir. Vasitəçilik mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin (vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri) rəsmiləşdirilir. Belə müqavilələr əsasında bir tərəf muzd (haqq) müqabilində digər tərəf qarşısında malların alınması və ya satılması sahəsində, habelə malların müəyyən bazarda yerləşdirilməsinə yönələn öhdəlikləri öz üzərinə götürür. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına və ya əvvəlcədən bank qarantiyası ilə təmin etməklə və ya geri çağrılmayan akkreditiv açmaqla vasitəçinin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Odur ki, bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır. Beləliklə, Qaydaların 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır. Əks yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb edilməsi və nəticədə onların maliyyə vəziyyətlərinin pisləşməsi, habelə Konstitusiyanın 59-cu maddəsində nəzərdə tutulmuş sahibkarlıq hüquqlarının pozulmasına səbəb ola bilər. İXM-nin 430.4-cü maddəsinə əsasən, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Konstitusiyanın 59-cu maddəsi hər bir fərdin sahibkarlıq fəaliyyətini onun şəxsi azadlığının iqtisadi sahədə təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir. Azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi iş üzrə İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun əsası kimi, Şəxs MMC-nin 2 il müddət keçsə də, 25 aprel 2022-ci il tarixdə xaricə köçürdüyü 46300.50 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması göstərilmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, təqsirləndirilən Şəxs MMC-nin ittihamda göstərilən öhdəliyi olmamışdır və hərəkətləri vasitəçiliklə bağlı oıduğundan bunu etməməsinə görə məsuliyyəti yaranmır. Yəni, ittihamın verildiyi İXM-nin 430.4-cü maddəsi, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimlənən kommersiya hərəkətlərində baş vermiş pozuntular nəticəsində yaranan münasibətlərə aid olub, hazırki halda baş vermiş kommersiya hərəkətləri Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə nizamlanmalı olduğundan əməldə inzabati xəta hadisəsi aşkar edilməmişdir. Göründüyü kimi nə sənədlərlə, nə də digər hər hansı bir faktiki müəyyən edilmiş halla Şəxs MMC-nin inzibati xəta törətməsi təsdiqini tapmır. Qeyd edilənləri məcmu halda nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi məhkəmə iclasında sübuta yetmədi. Belə olduğu üçün İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi mövcud deyildir. İXM-nin 75.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsinin törədilməsi, 75.0.3-cü maddəyə görə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığı üçün Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 75, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilatı işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi tərəfindən 16 may 2024-cü il tarixdə tərtib edilmiş EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar