Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-372/2024 23.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 08 fevral 1992-ci il tarixdə Şəki rayonu Köbər Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu Orta Zəyzid Ə/D, Köbər Zəyzid kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 23 may 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədi üzrə ödəməli olduğu borcunun ödənişindən qərəzli olaraq yayınmışdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1798/ 2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 467 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin e-2(075)- 226/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2483 manat məbləğində pul vəsaiti və 45.24 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASCnin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2022 və xx.xx.2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti və ondan sonra keçən müddət ərzində tələbin icrası təmin etməmiş, icra sənədləri üzrə olan borclardan ümumiyyətlə ödəniş etməmişdir. Borclu könüllü müddətdə icra sənədləri üzrə tələbləri yerinə yetirmədiyindən borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə "Elektron İcra" sistei vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Borclunun yaşadığı yeri məlum olmadığından xx.xx.2024-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şəki ŞRPŞ-nə göndərilmiş, Şəki Şəhər- Rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tapılaraq şöbəyə gətirilmişdir. Şöbədə olarkən borcluya iki icra sənədi üzrə borcunun olduğu bildirildi, ümumiyyətlə ödəyib-ödəməməsi barədə sual verildi, borclu bildirdi ki, indiyədək ümumiyyətlə heç bir ödəniş etməmişdir. Borcludan icra sənədləri üzrə tələəblərin yerinə yetirilməsi tələb edildi, borclu icra sənədi üzrə tələbi yerinə yetirmədi, borclarının ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədi. Borclu izahatında rəsmi işyeri olmasada fərdi olaraq işlədiyini, fəhləlik etdiyini, gündəlik 40-60 manat qazancının olduğunu, borclarını gələcəkdə ödəyəcəyini bildirir. Həmçinin borclu çağırışlara gəlməməsinin səbəbləri barədə suala cavab verə bilmədiyini bildirdi. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu tam olaraq ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Hazırda hər iki icra sənədi üzrə 300 manat olmaqla cəmi 600 manat ödəmişdir. Qalıq borcu bir növbəti ay ərzində ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. X5 Vəkil Bürosunun vəkili X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi 23 may 2024-cü il tarixli MN ******* №-li protokolundan görünür ki, yaranmış borcun ödənilməsi borclu Şəxs tərəfindən təmin edilmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 19 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1798/2022-005 nömrəli, 13 sentyabr 2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan "xxxx"-un Şəki rayon İcra və Probasiya şöbəsinə xx.xx.2024cü il tarixli 462/11 nömrəli ərizəsində borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib edilməklə baxılması üçün məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, hər iki icra sənədi üzrə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində ödəniş edilmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin tərəflərin izahatı nəticəsində müəyyən olunmuşdur ki, borclu Şəxs tərəfindən qarşı tərəfə hər iki icra sənədi üzrə 300 manat olmaqla cəmi 600 manat ödənilmişdir. Qalıq borcu bir növbəti ay ərzində tam olaraq ödəyəcəyini bildirmişdir. Belə vəziyyətdə məhkəmə onun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-372/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-372/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver