Məhkəmə qərarları › İş №3(075)-373/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-373/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-373/2022 23.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Şəki ŞRPŞ-nin YPX inspektoru polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1 və 339.1-1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs tərəfindən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunması halına yol verilmişdir. Beləliklə də, o, Azərbaycan Respublikası İXM-nin 332.1, 334.1 və 339.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin YPX inspektoru polis baş serjantı X3 protokolu müdafiə edərək göstərdi ki, Şəxs tərəfindən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunması halına yol vermişdir. Belə ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:45 radələrində “Vaz-21013” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində Şəki rayonu ərazisində idarə edərkən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, 17 iyun 2022-ci il tarixdə saat 19:40 radələrində idarə etdiyi “Vaz- 21013” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bağbanlar küçəsində yolun sol istiqamətinə keçən zamany yol polisləri onu saxlamışdır. Həmin zaman, o, sərxoş olmuşdur. Etdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1 və 339.1-1 maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, iş materiallarında əlavə edilmiş 17 yun 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyininin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1 və 339.1-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarında olan 17 iyun 2022-ci il tarixli Şəxs barəsində alkotesterin çıxarışından görünür ki, alkoqol tərkibi 0.531% -dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 334.1 və 339.1-1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 334.1-ci maddəsinin sanksiyası çərçivəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar