Məhkəmə qərarları › İş №3(075)-374/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-374/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-374/2024 27.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Şəki rayonu, Oraban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, aliləli, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Oraban kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 27 may 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1697/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs 906.9 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin e- 2(075)-1467/2023-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu X1 1467.95 manat borc və 35.08 manat dövlət rüsumu tutularaq tələbkar “X8” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Hal-hazırkı tarixədək icra sənədləri üzrə borclu X3 icra sənədi üzrə ödənilməli olan borcdan heç bir ödəniş etməmiş və Şəki Rayon Məhkəməsinin e-2(075)-1697/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 906.9 manat borc və 30 manat məbləğində dövlət rüsumu və Şəki Rayon Məhkəməsinin e- 2(075)-1467/2023-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1467.95 manat borc və 35.08 manat dövlət rüsumu olmaqla, cəmi 2439.93 manat məbləğində borcu mövcuddur. Şəki Rayon Məhkəməsinin e-2(075)-1697/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün dəfələrlə xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-1467/2023-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün dəfələrlə xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2024-cü il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında hal-hazırda borc məbləğini ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs iltzam alınaraq, ona borc məbləğini ödəməsi üçün möhlət verilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs icra sənədi üzrə ödənilməli borc məbləğini qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 11 avqust 2022-ci il tarixdə Rusiya Federasiyasına getmiş, 30 aprel 2024-cü il tarixdə Azərbaycana gəlmişdir. Sahə müvəkkili ona barəsində axtarış olduğunu dediyi gün icra şöbəsinə getmişdir. Tələbin könüllü icrası barədə bildirişi 23 may 2024-cü il tarixdə qəbul etmişdir. 2022-ci ildən Rusiya Federasiyasında olduğundan bu vaxta kimi onun məhkəmə qətnamələrindən və icra sənədlərindən məlumatı olmamışdır. Borcunu qəbul edir. Bildirişin ona təqdim edildiyi vaxtdan qısa müddət keçmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Ailəlidir, himayəsində 3 övladı vardır. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X9 Vəkil Bürosunun vəkili X10 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İcra haqqında Azərbaycan respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsası sayılır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1697/2023 saylı icra vərəqəsi üzrə 19 oktyabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi üçün müddət verilmişdir. Eyni zamanda Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1467/2023 saylı icra vərəqəsi üzrə 16 aprel 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi üçün müddət verilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, həmin bildirişlər xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi icranı könüllü olaraq təmin etməsi üçün borcluya 10 gün müddətinə vaxt verilir, borclu tərəfindən verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsası sayılır. Hazırkı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildirişləri xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. İnzibati xəta haqqında protkol isə icranı könüllü olaraq təmin etməsi üçün borcluya verilmiş 10 gün müddət bitmədən, yəni 4 gün sonra 27 may 2024-cü il tarixdə tərtib olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməllərində inzibati xəta tərkibi yoxdur. Bundan başqa məhkəmə iclasında Şəxs 11 avqust 2022-ci il tarixdə xaricə getdiyini və 30 aprel 2024-cü il tarixdə Azərbaycana gəldiyini bildirmişdir. Tələbin könüllü icrası haqqında bildirişlərin, eyni zamanda icra sənədlərinin borcluya daha əvvəl təqdim edilməsinə dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Odur ki, məhkəmə belə vəziyyətdə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar