Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-376/2021 28.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1, qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X3 iştirakları ilə X1 Balakən rayonu YPX inspektoru, polis serjantı X8 tərəfindən barəsində tərtib edilmiş 25 mart 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Şəki şəhər-rayon Polis Şöbəsinin İTÜB inspektoru, polis kapitanı X6 tərəfindən qəbul edilmiş 20 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş İXP-3857515 saylı protokolun və qərarın ləğv edilməsi və müvafiq inzibati xəta üzrə işə xitam verilməsi barədə qərar verməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, barəsində İXP-3857515 saylı protokol tərtib edilmişdir. Protokol İXM-nin 342.2.2-ci maddəsi üzrə tərtib edilmişdir. Sonradan öyrənmişdir ki, 20 aprel 2021-ci tarixli, İQ-3857515 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən ona 150 (bir yüz əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərarı 06 iyul 2021-ci il tarixdə rəsmi olaraq əldə etmişdir. Halbuki, o, qeyd olunan inzibati xəta hadisəsini törətməmişdir. Digər tərəfdən protokol Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş forma əsasında tərtib edilməmişdir. O cümlədən inzibati xətaya dair işə səlahiyyəti olmayan şəxs tərəfindən baxılmış, işə baxılmasının vaxtı və veri barədə məlumatlandırılmamışdır. Bundan başqa protokol tərtib etmək üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Bütün bu səbəblərə görə sözügedən protokol və qərar ləğv edilməli və icraata xitam verilməlidir. Belə ki, o, "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. 25 mart 2021-ci il tarixdə İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozması əsası ilə barəsində İXP-3857515 saylı protokol tərtib edilmişdir. Protokolu tərtib edən polis M.Qarayev bildirmişdir ki, avtomobilin yük verində olan və malların çeşidinə uyğun yığılması üçün nəzərdə tutulan rəflər qeydiyyat şəhadətnaməsində olmadığından o, avtomobilin texniki vəziyyətinə dair tələbləri pozmuş hesab olunur. Halbuki, birincisi, maşın onun deyil, şirkətindir. O, həmin şirkətdə sürücü kimi çalışır. Ona görə hətta M.Qarayevin dediyi düzgün olsa belə, bunun məsuliyyətini o daşımalı deyil. İkincisi, avtomobilin yük yerində rəflərin quraşdırılması onun texniki vəziyyətinə dair tələblərin pozulması hesab edilə bilməz. Ümumiyyətlə, nə protokolda, nə də ki qərarda pozuntunun konkret olaraq nədə ifadə olunması, nə ilə bağlı olması göstərilməmişdir. Üçüncüsü, əgər belə normativ tələblər varsa, bunların nədən ibarət olduğu izah edilməli, aydın şəkildə göstərilməlidir ki, normativ tələb bu cürdür və o (və ya şirkət) məhz həmin tələbi pozub. Göstərilənlərə əsasən hesab edir ki, həmin protokol və qərar qanunsuz və əsassızdır Buna görə də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobil texniki baxışdan keçirilərkən onlardan belə bir tələb olmamışdır. Əgər belə bir tələb olsa idi, avtomobil texniki baxışdan keçirilə bilməzdi. Bundan başqa barəsində inzibati araşdırma aparılmasından məlumatı olmamışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, avtomobilə quraşdırılmış avadanlıq iti deyil, idarəetmə sisteminə yaxın yerdə quraşdırılmamışdır və arxa pəncərəni örtmür. Həmin avadanlığın sürücüyə zərər vermək təhlükəsi yoxdur. Bundan başqa Bakıya getməyə maddi imkanı yoxdur. Məhkəmə iclası zamanı qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X6 izahatında bildirdi ki, "xxxx" MMC-yə məxsus və yol vərəqəsi əsasında X5 idarə etdiyi Hyundai HD78 yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Balakən rayonu YPX inspektoru, polis serjantı X8 tərəfindən saxlanılmışdır. Avtomobilin və sürücünün sənədləri yoxlanılarkən avtomobilin yük verində olan və malların çeşidinə uyğun yığılması üçün nəzərdə tutulan rəflərin qeydiyyat şəhadətnaməsində əks olunmadığı müəyyən edilmiş və şəxs barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə 25 mart 2021-ci il tarixli, İXP-3857515 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra toplanmış material qərar qəbul edilməsi üçün Şəki ŞRPŞ-yə göndərilmiş, tərəfindən 20 aprel 2021-ci tarixli, İQ-3857515 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati araşdırma Balakən RPŞ tərəfindən aparılmış, tərəfindən qərar material üzrə araşdırmanın nəticəsi olaraq qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, iş üzrə ekspertiza təyin edilməmişdir. Əgər məhkəmə məqsədəmüvafiq hesab etsə, təyin edə bilər. Məhkəmə şikayətçinin və protokol tərtib etmiş şəxsin nümayəndəsinin izahatlarını dinlədikdən sonra və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X2nun şikayət ərizəsi qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən mütəxəssis qismində cəlb edilmiş AR DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin dövlət avtomobil müfəttişi, polis kapitanı X7 məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, avtomobilin yük verində olan və malların çeşidinə uyğun yığılması üçün nəzərdə tutulan rəflərin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunub-olunmamalı olduğunu dəqiq deyə bilmir. Ümumiyyətlə, ilk dəfə texniki baxış zamanı nəqliyyat vasitəsinin sahibinə bir il müddətinə güzəşt edilir. Lakin ikinci və növbəti illərdə avtomobilin texniki baxışdan keçirilməsindən imtina edilir. Əgər anlaşılmazlıq yaranarsa, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin texniki şöbəsindən rəy alınır. İşdə olan Balakən rayonu YPX inspektoru, polis serjantı X4 25 mart 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, X9 nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni avadanlığın quraşdırılmasına görə Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X3 qəbul etdiyi 20 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, Hyundai HD78 yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “kuza” hissəsinə rəf formalı avadanlıq quraşdırılmışdır. Ərizəçi Balakən rayonu YPX inspektoru, polis serjantı X4 qəbul etdiyi 25 mart 2021ci il tarixli, İXP seriyalı, ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 20 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* saylı qərardan məhkəməyə şikayət vermişdir. Məhkəmə X5 şikayətinə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra şikayətlə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. “Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi” barədə xidmətin inzibati reqlamentindən görünür ki; kütləvi istehsalda olan yük, minik avtomobillərində və avtobuslarda (ban dəyişdirilmədən) xüsusi avadanlıqların quraşdırılması Bu halda yenidən quraşdırılmış avtomobillər aşağıdakı hərəkət təhlükəsizliyi tələblərinə cavab verməlidir: - tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin əsas texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır; - xüsusi avadanlıqlar dayanıqlı, etibarlı bərkidilməlidir; - minik avtomobillərində xüsusi avadanlıqların iti, xəsarət yetirə biləcək çıxıntıları olmamalıdır; - minik avtomobillərində xüsusi avadanlıqlar idarəetmə sisteminə yaxın yerdə quraşdırılmamalı və arxa pəncərəni örtməməlidir(https://mia.gov.az/?/az/content/29775/) İş materiallarından müəyyən olunur ki, şikayət verən şəxsin avtomobilində olan avadanlıq yol-polisi əməkdaşları tərəfindən 25.03.2021-ci il tarixdə aşkar olunmuşdur. Lakin həmin avadanlığın “Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi” barədə xidmətin inzibati reqlamentinə uyğun olmamasına dair hər hansı məlumat (dayanıqlı olub-olmadığı, etibarlı bərkidilib-bərkidilmədiyi, iti, xəsarət yetirə biləcək çıxıntılarının olub-olmadığı, idarəetmə sisteminə yaxın yerdə quraşdırılıbquraşdırılmadığı və arxa pəncərəni örtüb-örtmədiyi) nə inzibati xəta protokolunda, nə də ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarda öz əksini tapmış, bununla əlaqədar digər sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa Hyundai HD78 yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsus olmuş və X9 nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmişdir. 25 mart 2021-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol tərtib edilərkən inzibati xətanın (əgər varsa) törədilməsində kimin (nəqliyyat vasitəsinin sahibinin və ya sürücünün) təqsirli olmasına hüquqi qiymət verilməmiş, hüquqi şəxsin nümayəndəsi dindirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Göründüyü kimi səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır və bu hallar aradan qaldırılmadan şəxsin əməlinə hüquqi qiymət verilməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən inzibati icraat zamanı tərəflərin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə etmək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək kimi hüquqları vardır. İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmaması məsələsini aydınlaşdırır. Beləliklə, hazırkı iş üzrə İXM-lə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadından, İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-nin tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin, şikayətin inzibati xətanın törədilib-törədilməməsi, iş üzrə icraata xitam verilib-verilməməsi məsələsi isə həmin işə səlahiyyətli orqanda baxılarkən, həmin səlahiyyətli orqanın araşdırmaq səlahiyyəti olduğundan, məhkəmə şikayətin bu hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X3 qəbul etdiyi 20 aprel 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsində yenidən baxılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-376/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-376/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver