Məhkəmə qərarları › İş №3(075)-38/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-38/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-38/2025 24.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qaffarov Mustafa Həmid oğlunun iştirakları ilə Qaffarov Mustafa Həmid oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyətindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qaffarov Mustafa Həmid oğlunun Azərbaycan Respublikası İXM-in 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatının hüquq şöbəsinin müdiri Əliəkbərli Ziyad Valeh oğlu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 10 yanvar 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 10 yanvar 2025-ci il tarixli protokolda göstərilmişdir ki, Qaffarov Mustafa Həmid oğlu Şəki rayonu, Kiş kəndi ərazisində barəsində məlumatlandırma icraatı tətbiq edilən tikilinin tikinti işlərinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulan əsas olmadan tikinti işləri aparmışdır. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qaffarov Mustafa Həmid oğlu izahat verərək bildirdi ki, özünü təqsirli bilir. Şəki rayonu, Kiş kəndi ərazisində ona məxsus olan həyətyanı torpaq sahəsində heç bir sənədləşdirmə işləri aparmadan fərdi yaşayış evinin tikinti işlərinə başlamışdır. Bir daha belə bir xətaya yol verməyəcəkdir. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşə əlavə olunmuş sənədlərlə aşağıdakılar müəyyən edilir: Təqdim olunmuş protokola qoşma fotoşəkillərdən görünür ki, Qaffarov Mustafa Həmid oğlu tərəfindən Şəki rayonu, Kiş kəndi ərazisində yerləşən torpaq sahəsində tikinti aparıldığı aşkar edilmişdir. Meşə fondu sahələrində elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üşün istifadə edilməsi barədə Şəki MMBMnin direktoru Rəsulov Niymət Şövkət oğlu və Qaffarov Mustafa Həmid oğlunun arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 01 nömrəli müqavilənin surətindən görünür ki, Qaffarov Mustafa Həmid oğlunun istifadəsinə Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 44 kvartalının 3 bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 0.40 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsindən görünür ki, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin məcəllənin 92.4.1-ci maddəsindən görünür ki, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə tikintiyə dövlət nəzarəti çərçivəsində müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən Qaffarov Mustafa Həmid oğlunun törətdiyi əməldən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, Qaffarov Mustafa Həmid oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi iş materiallarında olan sənədlərdən Qaffarov Mustafa Həmid oğlunun İXM-nin 395.1-2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyətinin icazəsi olmadan tikinti işləri aparması aydın olur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq, Qaffarov Mustafa Həmid oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Qaffarov Mustafa Həmid oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xəbərdarlıq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Qaffarov Mustafa Həmid oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar