Məhkəmə qərarları › İş №3(075)-381/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-381/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-381/2021 16.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs barəsində 16 iyul 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, MÜƏYYƏN ETDİM: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 16 iyul 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Balakən Rayon Məhkəməsinin 27 aprel 2019-cu il tarixli, 3(019)-156/2019 saylı qərarı ilə tətbiq edilmiş 180 saat ictimai işlər cəzasını icra etmədiyindən onun barəsində protokol tərtib edilmişdir. Tərəfindən dəfələrlə məlumat verilməsinə baxmayaraq Şəxs tərəfindən icra sənədində göstərilən ictimai işlər cəzası icra edilməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. İş materialına Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırması ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. İş materiallarının tədqiqi zamanı görünür ki, Şəxs işlə təmin olunmuş, lakin Böyük Dəhnə kənd icra nümayəndəliyində işləməsi üçün ona təqdim edilmiş göndərişi nümayəndəliyə təqdim etmədiyindən ictimai işlər növündə cəza çəkmədən boyun qaçırmışdır. Lakin onun hərəkətləri Azərbaycan Respublikasının İXM-nin 529.4-cü maddəsinin qeyd hissəsində də qeyd olunan dörd halın heç birinə uyğun gəlmədiyindən Şəxs hərəkətləri Azərbaycan Respublikasının İXM-nin 529.4-cü maddəsinin təsiri altına düşmür. Göründüyü kimi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri mümkündür. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar