Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-389/2021 09.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə 09 avqust 1974-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN ********** Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şəki şəhəri S.Rəhman küçəsində yerləşən, ona məxsus “Nur çörək & şirniyyat evi” adlı sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki şəhəri S.Rəhman küçəsində yerləşən “Nur çörək & şirniyyat evi” adlı sahibkarlıq obyektində cəmi 8 sayda, ümumi ölçüsü 21.94 m2 ölçüdə fasad reklamları icazəsiz reklam yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, icrası məcburi olan göstəriş obyekt sahibinin ünvanına göndərilərək törədilmiş pozuntunun aradan qaldırılması tələb edilmiş, lakin sonuncu göstərişi qəbul etməkdən imtina etmişdir. Nəticədə həmin obyektin sahibi Şəxs bu əməlinə görə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə 22 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir və Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinin sanksiyası çərçivəsində Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli, İRY 001344 nömrəli icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən açıq məkanda reklam yayımı hallarının müəyyən edilməsi haqqında aktdan görünür ki, Şəxs “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə zidd olaraq Şəki şəhəri S.Rəhman küçəsində yerləşən, ona məxsus “Nur çörək & şirniyyat evi” adlı sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirməsi və yayımı faktı aşkar edilmişdir. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli, İMG 001344 nömrəli “Reklam haqqında” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin pozulmasına dair icrası məcburi olan göstərişdən görünür ki, Şəxs aktda qeyd olunan qanun pozuntuların 05 (beş) gün ərzində aradan qaldırmadığı təqdirdə İXM-nin 428.7.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan SS710208675AZ nömrəli xəbərnamədən görünür ki, Şəxs qeydiyyatda olduğu ünvana göndərilmiş icrası məcburi olan göstəriş və bildiriş 21 iyun 2021-ci il tarixdə ünvan sahibi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan SS710210586AZ nömrəli xəbərnamədən görünür ki, Şəxs 22 iyul 2021-ci il tarixdə, saat 11:45-də barəsində İXM-nin 428.7-ci maddəsi ilə protokol tərtib ediləcəyi barədə xəbərdar edilmiş, bildiriş 16 iyul 2021-ci il tarixdə ünvan sahibi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri S.Rəhman küçəsində yerləşən, ona məxsus “Nur çörək & şirniyyat evi” adlı sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmiş və onun barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Həmin Qanunun 34.2-ci maddəsinə görə Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, açıq məkanda reklam sahəsində nəzarət isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. Həmin Qanunun 39.1-ci maddəsinə görə reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə görə müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yayımını dayandırmalı olduğu halda həmin göstərişi qəbul etməkdən imtina etmiş, beləliklə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.2-ci maddəsinə əsasən vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İnzibati xəta törətmiş vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-389/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-389/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver