Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-40/2021 08.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əilliyi olmayan, Şəki şəhəri, Sarabski küçəsi, 20 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 09:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Bazar Store” ticarət mərkəzinin qarşısında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizamintizama dəvət edən polisin tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 09:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Bazar Store” ticarət mərkəzinin qarşısında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polisin tələbinə qəsdən tabe olmamış, polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etsələr də o, daha da aqressivləşərək öz hərəkətlərini davam etdirmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 08:45-09:00 radələrində idarə etdiyi “VAZ 2104” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Bazar Store” ticarət mərkəzinin qarşısında yerləşən “Nar mobile” telefon mağazasının önündə saxlayan zaman güzgü ilə arxaya baxdıqda bir polis əməkdaşının avtomobili götürməsi üçün ona əllə işarə etdiyini görüb avtomobilini sürərək oradan uzaqlaşmış və geri dönərək avtomobilini yolun əks tərəfində olan “Bazar Store” ticarət mərkəzinin çöl hissəsində yerləşən dayanacaqda saxlamışdır. Daha sonra başqa bir polis əməkdaşı ona yaxınlaşaraq avtomobili həmin yerdə olan dayanacaqda deyil, “Bazar Store” ticarət mərkəzinin qarşısında yerləşən dayanacaqda saxlamasını bildirmişdir. O isə polis əməkdaşına dayandığı yerin də dayanacaq olduğunu, avtopark işçisinə 30 qəpik pul da verdiyini və onun avtomobilinin orada dayanmasına etirazın olmadığını bildirmişdir. Polis əməkdaşı isə ona avtomobili yolun yuxarı hissəsində dayanacaqda saxlamasını bildirmişdir. Bundan sonra polis əməkdaşının əmrinə tabe olaraq avtomobilini sürüb daha yuxarıda dayanacaqda saxlamaq istəyərkən bundan əvvəl ona əllə işarə edən əvvəlki polis əməkdaşı Vüsal Qaffarov kobud şəkildə “ə tez elə sür maşını” demişdir. O da avtomobili sürərək maşınını polis əməkdaşlarının göstərdiyi yerdə saxlamışdır. Bu zaman Vüsal Qaffarov ona yaxınlaşaraq kobud şəkildə “məni başqaları ilə səhv salma” demiş, o isə polis əməkdaşından onunla mülayim formada danışmasını xahiş etməklə sözdə mübahisə etmişdir. Həmin vaxt ətrafda taksi sürücüləri olmuşdur. Dayanacaqda isə avtomobillərin sayı az olmuşdur. Lakin o, polis əməkdaşlarına hər hənsı kobudluq etməmiş, ictimai qaydanı və polis əməkdaşlarının iş rejimini pozmamışdır. Sadəcə Vüsal adlı polis əməkdaşı ona kobudluq etdiyindən polisə onunla mülayim rəftar edilməsini təklif etmiş və bununla əlaqədar sözlə onunla mübahisə etmişdir. Digər polis əməkdaşı isə onunla nəzakətli və səmimi davranmışdır. Vüsalla sözdə mübahisə etməsinə görə peşmandır. Özünü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qisimində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 09:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində Nihad Nəcəfovla xidmətdə olduğu zaman həmin ərazidə yerləşən “Bazar Store” ticarət mərkəzinin qarşısında yerləşən yerləşən “Nar mobile” telefon mağazasının önündə “VAZ 2104” markalı avtomobilin yolun hərəkət hissəsində dayanaraq nəqliyyat vasitələrinə və piyadalara maneəçilik törətdiyini görmüş və avtomobilin sürücüsünə yaxınlaşaraq avtomobili dayanacaqda saxlamasını tələb etmişdir. Həmin vətəndaş da avtomobilini dərhal oradan götürmüşdür. Daha sonra isə vətəndaş avtomobilini “Bazar Store” ticarət mərkəzinin qarşısında olan dayanacaqdan solda, yəni yolun avtomobillərin gediş-gəliş hissəsində saxlamışdır. Bu zaman o, birlikdə xidmətdə olduğu Nihad Nəcəfova həmin avtomobilin sürücüsünə avtomobili dayanacaqda saxlamasını tələb etməsini demişdir. Nihad Nəcəfov vətəndaşa yaxınlaşaraq avtomobili dayanacaqda saxlamasını tələb etdikdə, vətəndaş aqressiv şəkildə “mən burada dayanmaq üçün pul vermişəm, harada dayanmalıyam” demişdir. Daha sonra o da vətəndaşa yaxınlaşaraq avtomobili dayanacaqda saxlamasını bildirmişdir. O, vətəndaşa ictimai qaydanı pozmamasını bildirərək onu nizam-intizama dəvət etsə də, vətəndaş ətrafdaki insanların diqqətini özünə çəkməkdə davam etmişdir. Daha sonra isə onlar həmin vətəndaşı polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qisimində dindirilmiş X4 ifadəsində göstərdir ki, xx.xx.2021ci il tarixdə saat 09:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində Vüsal Qaffarovla xidmətdə olduğu zaman “Bazar Store” ticarət mərkəzinin qarşısında dayanacağa yaxın dayanan “VAZ 2104” markalı avtomobil görmüşlər. Vüsal Qaffarov ona həmin avtomobilin oradan götürülməsini və daha yuxarıda saxlatmasının təmin edilməsi barədə göstəriş vermişdir. O, həmin avtomobilin sürücüsünə yaxınlaşaraq avtomobili yolun hərəkət hissəsindən götürərək yuxarıda dayanacaqda saxlamasını bildirmişdir. Həmin vaxt isə dayanacaq tamamilə boş olmuşdur. Vətəndaş isə ona “mən burada dayanmaq üçün pul vermişəm, harada dayanmalıyam” demiş və ətrafdaki insanların diqqətini özünə çəkməyə başlamışdır. Lakin daha sonra vətəndaş avtomobili dayanacaqda saxlamışdır. Bundan sonra isə vətəndaşın hərəkəti barədə rəhbərliyə məruzə edilmiş və vətəndaş polis şöbəsinə gətirilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, polis əməkdaşlarının məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsini, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-40/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-40/2021
08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver