Məhkəmə qərarları › İş №3(075)-400/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-400/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-400/2021 06.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs 02 iyun 2021-ci il tarixdə X1 200 manat pulunu soyuducu almaq məqsədilə almış, soyuducunu və ya pulunu geri qaytarmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya nümayəndəsinin izahatı göstərilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və zərər çəkmiş şəxsin yaşadığı yerin ünvanı göstərilməmiş, iş materiallarına zərər çəkmiş şəxsin izahatı əlavə edilməmişdir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokolun surəti zərər çəkmiş şəxsə təqdim edilməmiş və ya göndərilməmişdir. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür: tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək; tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək; tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək; tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək; tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq; tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən törədilən inzibati xətanın sanksiyasında inzibati həbs nəzərdə tutulmasına baxmayaraq Şəxs müdafiə hüququ pozularaq ona Şəki Regional Vəkil Bürosunda fəaliyyət göstərən bütün vəkillərin siyahısı təqdim olunmamış, həmin siyahıda bu barədə Şəxs tərəfindən müvafiq qeyd aparılmamış, “inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsin müdafiəçidən imtina etməsi haqqında” protokol iş materiallarına əlavə edilməmişdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Bütün bunları nəzərə alaraq təqdim edilmiş materiallar natamam olduğundan və onun tamamlanması mümkün olmadığından inzibati xətalar haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Şəki şəhər-rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən məhkəmə təqdim edilmiş sənədlər natamamdır və işə baxarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəki Rayon Məhkəməsinə göndərilmiş Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material İXM-nin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Şəki şəhər-rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Şəki şəhər-rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar