Məhkəmə qərarları › İş №3(075)-402/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-402/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-402/2025 29.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, X7 oğlunun katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Şəki ŞRPŞ-nin DYP bölməsi yol patrul xiddmətinin inspektoru X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, hadisə xx.xx.2025-ci il tarixdə, saat 16:53 radələrində Şəki şəhəri A. Məmmədov küçəsi ilə M. Ə. Rəsulzadə küçəsinin kəsişməsində baş vermişdir. Həmin vaxt o, işıqforun qırmızı işığında dayanmışdır. Yaşıl işıq yandıqdan sonra qarşısındakı nəqliyyat vasitələri hərəkət etmiş və o da sola dönmə siqnalı verərək hərəkətə başlamış, qarşıdan gələn avtomobillərə yol vermişdir. Sonuncu avtomobil qara rəngli "Hyundai Elantra" markalı maşın hərəkətini dayandırmışdır. Bu zaman arxasında olan Yol Patrul Xidməti avtomobilindən “sola dön və yolun sağ kənarında dayan” əmri almışdır. Əmrə uyğun olaraq sola dönmüş və sağa siqnal verərək yolun kənarında dayanmışdır. Yol patrul əməkdaşından saxlanma səbəbini soruşduqda, o, guya onun daha əvval yol patrul avtomobilini ötməsini əsas gətirərək, İnzibati Xatalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən cərimə tətbiq ediləcəyini bildirmişdir. O, bu iddianın əsassız olduğunu və heç bir qayda pozuntusuna yol vermədiyini izah etməyə çalışmışdır. Əməkdaş isə bunun guya yol patrul xidmətinə qarşı hörmətsizlik olduğunu bildirmişdir. O, belə bir hüquqi norma olmadığını deyərək etiraz etdikdə, əməkdaş izahat verməkdən imtina etmiş və əvəzində qarşıdan gələn avtomobilə yol vermədiyini iddia etmişdir. Halbuki, həmin avtomobil artıq tam dayanmış vəziyyətdə imiş və o, hələ manevr etməmişdir. Üstəlik, ona artıq yol patrul xidməti əmakdaşı tərəfindən dayanma əmri verilmiş və o, bu əmri icra etmişdir. Hadisə yerində izahatlarını təqdim etməsinə baxmayaraq, əməkdaş yol patrul avtomobilini ötməsini “hörmətsizlik” kimi qiymətləndirərək, İXM-in 327.1-ci maddəsinə əsasən cərimə tətbiq ediləcəyini bildirmiş və həmin an ona kağız daşıyıcıda xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı təqdim etmişdir. Həmin qərarla ona Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə və 3 (üç) cərimə balı tətbiq edilmişdir. Hesab edir ki, YPX əmakdası tərəfindən qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, əgər onun inzibati xəta tərkibi var idisə, YPX əməkdaşı əvvəl protokol tərtib etməli və o, protokolla razı olub-olmamağı barədə protokola qeydlər etməli idi. Protokolla razı olmadığı halda, yuxarı səlahiyyətli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə araşdırma aparılmalı və bundan sonra qərar qəbul edilməli idi. Bundan başqa tərəfindən inzibati xəta hadisəsinin törədilməsi ilə işdə heç bir sübut mövcud deyildir. Bundan başqa YPX əməkdaşlarından biri X6 - avtomobilindəki yan güzgülərin guya zavod istehsal olmadiğını, bu səbəbdən dəyişikliklərin "konstruktiv dəyişiklik" kimi qiymətləndiriləcəyini bildirib, əlavə cərimə tətbiq etməklə onu hədələmişdir. O, ona güzgülərin konstruktiv dəyişiklik hesab olunmadığını və bununla bağli texniki əsaslandırmaları təqdim etməyə çalışsa da, əməkdaş izah vermədən qərar təqdim etmiş və aqressiv şəkildə ərazini tərk etmişdir. Qəbul edilən qərar onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X4, şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətinin əsaslı olduğundan təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Şəki ŞRPŞ-nin DYP bölməsi yol patrul xiddmətinin inspektoru X5 oğlu şikayətə etiraz edərək bildirmişdir ki, hadisənin videogörüntülərindən də açıq-aşkar görünür ki, şikayətçi X4 tərəfindən bir neçə yol hərəkət qaydalar kobud şəkildə pozulmuşdur. Sözügedən inzibati xəta haqqında qərar ötmə və yolayrıcını keçmə qaydalarının pozulmasına görə tərtib edilmişdir. Həmin videogörüntüləri özündə əks etdirən disk məhkəməyə təqdim edilmişdir. Qərarı tərtib edən şəxs Fikrət Fikrətli məhkəmə iclasında üzrlü səbəblərdən iştirak etmir. Lakin, onun özü də qərar qəbul edilərkən orada olmuşdur. Şikayət əsassızdır. Buna görə də qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə idarə etdiyi VAZ 21154 markalı, 99SR166 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 100 manat məbləğində cərimə edilmişdir. Şəki ŞRPŞ-nin DYP bölməsi yol patrul xiddmətinin inspektoru X5 tərəfindən əlavə edilmiş hadisənin videogörüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Şəki şəhəri A. Məmmədov küçəsi ilə M. Ə. Rəsulzadə küçəsinin kəsişməsində Vaz 21154 markalı, 99SR166 dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcını keçmə qaydalarını açıq-aşkar pozaraq işıqfordan sonra yolu sola dönən zaman orta xətdə gözləyərkən yolu keçən hərəkətdə olan və ondan sağda olan avtomobilə yol verməmişdir. Həmçinin hadisənin olduğu yerə gələnə qədər, Şəki şəhəri A.Məmmədov küçəsi ilə irəliləyən zaman Yol Patrul Xidməti avtomobilini ötərkən əks istiqamətdə gələn avtomobili gözləmədən ötmə hərəkəti etmiş, yol hərəkəti iştirakçılarına təhlükə yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində V bənddə qeyd edilmişdir ki, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin Qanunun 51-ci maddəsinə əsasən İ. ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Şəki ŞRPŞ-nin DYP bölməsinin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, Azərbaycan Respublikası İXM–in tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–in 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Şəki ŞRPŞ-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Şəki ŞRPŞ-nin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar