Məhkəmə qərarları › İş №3(075)-403/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-403/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-403/2025 08.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Şəki Regional vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu YPX baş inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 01 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 01 iyul 2025-ci il tarixdə İXM-nin 327.1 və 333.3-cü maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş serjantı X3 protokolu müdafiə edərək izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 iyul 2025-ci il tarixdə, saat 23:580 radələrində idarə etdiyi “Cevrolet” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Şəki şəhəri, S.Mümtaz küçəsində, qarşısında hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Renault” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Qəza nəticəsində xəsarət alan olmasa da, “Renault” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Hadisə yerinə yaxınlaşmış, sığorta ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alkotester vasitəsilə yoxlamışdır. Göstərdikləri ilə bağlı Şəxs barəsində İXM-nin 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəki şəhəri, S.Mümtaz küçəsində dostuna məxsus olan “Cevrolet” markalı **-PL-*** nömrəli avtomobili idarə edərkən, işıqfora yaxınlaşan zaman qırmızı işığın tələbini gözləyən “Renault” markalı **-TE-*** nömrəli tranzit yük avtomobilinə diqqət etməyib. Onun yanından keçən zaman idarə etməsini itirib və onu sol hissəsindən dəyib. Hadisə sonrası DYP əməkdaşlarına məlumat veriblər. Əməkdaşlar yaxınlaşıb, müayinə aparan zaman alkotester vasitəsi ilə onu yoxlayıblar, orta dərəcəli sərxoş olduğu məlum olmuşdur. Səhvini səmimi qəbul edir. Sipirtli içki təsiri altında avtomobili idarə edib, alkotesterin rəyi ilə tanış olub və tamamilə doğrudur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Şəki Regional vəkil Bürosunun vəkili X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməllərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - Şəki rayonu YPX baş inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələrinin tələblərini pozmuşdur. - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin yoxlanılması barədə xx.xx.2025-ci il tarixli alkotester çıxarışından görünür ki, Şəxs 3.914 promil sərxoşdur. - Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Cevrolet” markalı **-PL-*** nömrəli avtomobil “Renault” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sol arxa təkərinə dəymişdir. - Avtovaz Texniki Xidmət” Yevlax 1 saylı “Xəzər-Lada” Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 40 saylı rəyindən görünür ki, “Renault” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 4000 manat maddi ziyan dəymişdir. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 3.6-cı bəndinə əsasən müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərəflərin izahatı, Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 01 iyul 2025-ci il tarixli çıxarışa əsasən müayinə zamanı Şəxs sərxoş olduğu müəyyən olunmuşdur. Eyni zamanda iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə avtomobil idarə edən zaman qarşısında hərəkətdə olan “Renault” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini vurmuş, bununla da qeyd olunan yük avtomobilinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona sürücülük hüququnu müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə məhdudlaşdırmağı və cərimə tənbeh tətbiri tətbiq etməyi məqsədəuyğun hesab edir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki şəhərrayon Polis Şöbəsinə göndərilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar