Məhkəmə qərarları › İş №3(075)-404/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-404/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-404/2021 09.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Şəki rayonu, Aşağı Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1541/2021 nömrəli, 22.07.2021-ci il tarixli icra sənədinə əsasən tələbkarlar X5 və X2 borclu Şəxs yanında olan nəvələri 18 iyun 2013-cü il təvəllüdlü X3 və 10 dekabr 2014-cü il təvəllüdlü X4 ilə hər həftənin bazar günləri saat 10:00-dan saat 18:00-dək görüş və ünsiyyətdə olmalarına borclu Şəxs tərəfindən maneələr yaradıldığından onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1541/2021 nömrəli, 22.07.2021-ci il tarixli icra sənədinə əsasən tələbkarlar X5 və X2 borclu Şəxs yanında olan nəvələri 18 iyun 2013-cü il təvəllüdlü X3 və 10 dekabr 2014-cü il təvəllüdlü X4 ilə hər həftənin bazar günləri saat 10:00-dan saat 18:00-dək görüş və ünsiyyətdə olmalarına borclu Şəxs tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. İcra sənədi üzrə 23.07.2021-ci il tarixli qərarla icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar olaraq 30.07.2021-ci il tarixdə borclunun izahatı alınmışdır. Borclu izahatında tələbkarların öz nəvələri ilə görüş və ünsiyyətdə olmalarına heç bır maneəçilik yaratmadığını və icra sənədinin icrasına heç bır maneəçilik törətməyəcəyini bildirmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq 01.08.2021-ci il tarixdə tələbkarların nəvələri ilə görüş və ünsiyyətdə olmalarına borclu tərəfindən yaradılan maneələrin aradan qaldırılması üçün borclu və uşaqların yaşadığı ünvan 1i ünvanında olan zaman borclu Şəxs uşaqların nənə və babaları ilə görüş və ünsiyyətdə olmalarına hər hansı şərait yaratmamış, icra sənədinin icrasına maneə törədən hərəkətlər etmiş və nəticədə tərəfindən borclu tərəfindən yaradılan maneələrin aradan qaldırılması mümkün olmamışdır. Bu barədə tərəflərindən müvafiq olaraq 01.08.2021-ci il tarixli akt tərtib edilmişdir və video görüntülər vardır. İcra sənədinin icrası borclu və uşaqların olduğu ünvanda mümkün olmadığı üçün daha sonra tərəfindən icra prosesi 08.08.2021-ci il tarixə Şəki rayonu üzrə İcra və Probasıya Şöbəsinin inzibati binasına təyin edilmiş və borcludan uşaqları icra hərəkətlərinin həyata keçiriləcəyi yerə gətirməyi tələb edilmişdir. Həmçinin, borcluya icra prosesinə psixoloqun da dəvət ediləcəyi bildirilmişdir. Lakin, icra prosesi barədə əvvəlcədən bildiriş verilməyinə və xəbərdarlıq olunmağına baxmayaraq borclu Şəxs uşaqları tələb olunan yerə gətirməyərək nəticədə uşaqların tələbkarlarla görüşməyinə maneəçilik yaratmışdır. Bu barədə tərəfindən müvafiq akt tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 09 avqust 2021-ci il tarixdən, saat 12:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da o, məhkəməyə gətirilmişdir. Həmçinin göstərdi ki, icra sənədini icra edən zaman digər icra məmurları ilə birlikdə borclunun yaşadığı ünvanda olmuşlar. Həmin zaman onlar görüşü videoçəkilişə almışlar. Eyni zamanda borclu özü də çəkiliş aparmış və bu uşaqları panikaya salmışdır. Tələbkarları borclunun həyətinə daxil olmağa imkan verməmişlər. Həmçinin borclu onlara uşaqlarla söhbət etməyə imkan verməmiş, özünü səmimi aparmamışdır. Qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1541/2021 nömrəli, 22.07.2021-ci il tarixli icra sənədinə əsasən tələbkarlar X5 və X2 onun yanında olan nəvələri 18 iyun 2013-cü il təvəllüdlü X3 və 10 dekabr 2014-cü il təvəllüdlü X4 ilə hər həftənin bazar günləri saat 10:00-dan saat 18:00-dək görüş və ünsiyyətdə olmalarına onun tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. İcra sənədindən xəbəri var. İcra sənədinin icrasından yayınmır. O, uşaqlarının baba və nənələri ilə görüşərək ünsiyyətdə olmalarına hər hansl maneə yaratmır. Yalnız icra məmuru uşaqların baba və nənələri ilə görüşdürülməsi prosesini icra edən zaman o, videoçəkiliş etmişdir. Lakin uşaqlar özləri ağlayaraq görüşməkdən imtina edirlər. Əlavə olaraq bildirdi ki, 09 avqust 2021-ci il tarixdən, saat 12:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. İş materialına əlavə edilmiş həm icra məmurları, həm də borclu tərəfindən qeydə alınmış 2 diskdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1541/2021 nömrəli, 22.07.2021-ci il tarixli icra sənədi icra edilərkən borclu Şəxs tələbkarların uşaqlarla görüşməsinə müvafiq şərait yaratmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, izahatları, işə əlavə edilmiş CD diskindəki görüntülərlə və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə olunmalıdır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göründüyü kimi Şəxs himayəsində on dörd yaşına çatmamış 2 uşağı var və o həmin uşaqları təkbaşına böyüdür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar