Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-408/2022 05.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə olan Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən 28 iyun 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 28 iyun 2022-ci il tarixdə Şəki ŞRPŞ-də narkoloji testdən keçərkən analizində narkotik maddə qəbulu faktı aşkar edilməklə Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə Şəki ŞRPŞnin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Toğrul Mustafazadə ilə baş əməliyyat müvəkkili polis kapitanı Elnur Əliyev birlikdə Şəki şəhəri inzibati ərazisində xidmətdə olarkən Sülh küçəsində 3 nəfər şəxsin bir-biriləri ilə münaqişə etməsi və bir-birlərinin ünvanında nalayiq ifadələr işlətdiklərinin şahidi olmuşlar. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və onlara törətdikləri qanun pozuntusunu onlara izah edərkən həmin şəxslərin özlərini qeyri səmimi aparmalarından onların narkotik vasitənin təsiri altında olduqlarından şüpələnərək aidiyyatı üzrə polis şöbəsinə dəvət etmişlər. Şəki ŞRPŞ-də məlum olduki həmin şəxslər xx.xx.1991-ci il təvəllüdlü X4, xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.1999-cu il təvəllüdlü Şəxsdur. Şəxs 28 iyun 2022-ci il tarixdə Şəki ŞRPŞ-də narkoloji testdən keçərkən analizində narkotik maddə qəbulu faktı aşkar edilmiş, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 28 iyun 2022-ci il tarixdə tanışı Orxan və Pərvin ilə nalayiq ifadələrdən istifadə etdikləri üçün mübahisə edərkən polis əməkdaşları onlara yaxınlaşmış və yol verdikləri qayda pozuntusuna görə onları polis şöbəsinə dəvət etmişlər. Onların narkotik vasitətədən istifadə etdiklərindən şüpələndikləri üçün tibbi müayinədən keçirmişlər. O, səhhətində olan problemlə bağlı müalicə alır və qəbul etdiyi dərmanlar narkotik tərkiblidir. Qeyd etmişdir ki, bununla bağlı həkim resepti və müayinə edilməyi barədə həkim rəyi vardır. Müayinədən keçirilmiş, analizin nəticəsi olaraq guya narkotik vasitə qəbul etməsi bildirilmişdir. O, buna etiraz etmiş, heç bir narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Ona görə də özünü təqsirli bilmir və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. «Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanunu»nun 20.2ci maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması üsulları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. «Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 avqust 2000-ci il tarixli, 135 nömrəli qərarının 1-ci bəndinə əsasən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim olmadıqda isə feldşer-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə təhqiqat istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında, habelə işəgötürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü əsasında həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan vasitələrin və psixotrop maddələrin növü ehtiyac olduqda, miqdarı və təxmini istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi, aparılan tədqiqatın növləri və nəticəsi tərtib edilmiş rəydə öz əksini tapır. Həmin Qaydaların 3-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq 2 nüsxədə (əsli və surəti) Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formaya uyğun tibbi müayinə protokolu tərtib edir. Protokolda yoxlanılan şəxsin pasport məlumatları, müayinə aparılması barədə qərar çıxaran orqanın adı, müayinənin səbəbi qeyd olunur. Müayinə zamanı həkim-narkoloq yoxlanılan şəxsdən geniş anamnez toplayır, onun xarici görünüşünə, davranışına nəzarət yetirir, şüurunun vəziyyətini, nitq qabiliyyətini, vegetativ damar reaksiyalarını, tənəffüsün tezliyini, nəbzini və arterial təzyiqini, bəbəklərinin vəziyyətini, hərəkət sferasını, mimikasını yoxlayır, xüsusi sınaqlar aparır. Bunlarla yanaşı, yoxlanılan şəxsin psixi vəziyyəti (əhval-ruhiyyəsinin vəziyyəti və dəyişkənliyi, emosional fonu, yaddaş və diqqəti, psixi ajitasiya, aqressivlik, təfəkkürün sürəti, həyəcanlı, səksəkəli olması, vaxt gedişini qiymətləndirməsi, qeyri-adekvat ideyalar və sair) ətraflı müayinə olunur. Tibbi müayinə obyektiv və dəqiq anamnestik məlumatlarla birgə müayinə olunanın vəziyyətini qiymətləndirməyə və düzgün rəy verməyə imkan verir. Müayinənin nəticələri protokolda qeyd olunur və müayinə olunan şəxsə elan edilir. Müraciət olunduğu andan müayinə başlanmış hesab edilir və onun keçirilmə müddəti zəruri tədqiqatların aparılmasına sərf olunan vaxtdan asılıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin vaxt narkotik vasitə qəbul etməsi yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan onun bu hal qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki, narkotik sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, narkotik vasitələrin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tibbi müayinəsi narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən deyil, həmin tibbi müayinəni həyata keçirməyə qanunla icazə verilməyən şəxs tərəfindən həyata keçirilmişdir. “İnvitro” X2 həkim laborantının narkotik sərxoşluq vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə tibbi müayinə aparmağa hüququ, belə bir tibbi müayinəni aparmağa hər hansı qanuni əsası mövcud olmamışdır. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Buna görə də məhkəmə həkim laborant R.Əsgərovun guya apardığı tibbi müayinə əsasında tərtib etdiyi 28 iyun 2022-ci il tarixli müayinə arayışını sübut növü kimi qəbul etmir. Yuxarıda qeyd edilənləri birlikdə nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş 28 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsi məhkəmə iclasında sübut edilmədi. Azərbaycan Respublikasının İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 40, 43, 48-51, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş 28 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-408/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-408/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver