Məhkəmə qərarları › İş №3(075)-41/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-41/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-41/2024 17.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1974-cı il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəki rayonu Qızılarx kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 17 yanvar 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-2292/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutularaq tələbkar X2 ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Hazırda borclu Şəxs tələbkar X2 ödənilməmiş 7300 manat aliment borcu mövcuddur. İcra sənədləri xx.xx.2017-ci il tarixdə Ağcabədi İcra Şöbəsinin icratına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərizdə borclu tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Həmçinin könüllü müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. İcra sənədi üzrə borclu Şəki rayonu Qızılarx kəndində yaşadığına görə xx.xx.2023-cü il tarixində aidiyyəti üzrə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət edilmişdir. Şöbədə borcluya hüquq və vəzifələri izah edilmiş və izahatı alınmışdır. Borclu Şəxs onun hal-hazırda 7300 manat aliment borcu olduğu bildirilmiş və ondan hər hansı ödəniş edə biləcəyi soruşulmuşdur. Borclu verdiyi izahatında hal-hazırda hər hansı ödəniş etmək imkanının olmadığını bildirmişdir. Həmçinin borclu 10 gün müddətində 100 manat ödəniş edəcəyini bildirmişdir. Bununla da keçən 5 il müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədindən məlumatı var. Barəsində dəfələlə inzibati tənbeh tədbiri tədbiq olunmuşdur. Həmçinin Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını tam şəkildə çəkmişdir. Hazırkı icra sənədi aliment məbləğinin artırılması ilə bağlıdır. Hər iki övladı yetkinlik yaşına çatmışdır. Uzun müddət idi ki, keçmiş həyat yoldaşı alimenti tələb etmirdi. O düşünürdü ki, artıq ona qarşı heç bir tələbi yoxdur. Çünki uşaqları da yetkinlik yaşına çatmışdır. Uşaqları ilə mütəmadi olaraq əlaqə saxlayır. Yaşlı anası ilə birlikdə yaşayır. Sonradan ailə həyatı qurmamışdır. İcra sənədinin icrasından boyun qaçırmır. Hazırda odun yarmaqla dolanışığını həyata keçirir. Hər ay borcundan 100 manat ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etdi. X4 Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, icra sənədinin icrasından boyun qaçırmağından, qərəzli olaraq icra sənədini icra etməmə halı olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Tərəflərin izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində dəfələrlə inzibati tənbeh tədbiri tədbiq olunmuşdur. 3(017)-701/2017 saylı xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmiş, 3(017)-437/2018 saylı xx.xx.2018-ci il qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmiş, 3(017)-497/2019 saylı xx.xx.2019-ci il qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmiş, 3(017)-2667/2020 saylı xx.xx.2020-ci il qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmiş, 3(017)-384/2021 saylı xx.xx.2021-ci il qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs barəsində dəfələrlə inzibati həbs növündə tənbeh tətbiq edilmiş, hətta bir dəfə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəxs yenidən ailə həyatı qurmamış, rəsmi olaraq işləmir və hər hansı əmlakı da mövcud deyil. Həmçinin bundan sonra hər ay ödəniş edəcəyini bildirir. Həmçinin iş materiallarından da görünür ki, Şəxs barəsində sonuncu dəfə 2021-ci il tarixdə icra tədbirləri həyata keçirlmiş, daha sonra icra sənədi hərəkətsiz qalmışdır. xx.xx.2023-cü il tarixli qərarla icra sənədi aidiyyəti üzrə baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materialları xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə izahatı alınaraq barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar