Məhkəmə qərarları › İş №3(075)-41/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-41/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-41/2025 24.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, X1 barəsində DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25402711 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25402711 saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərardan şikayət verən ərizəçi və inzibati xəta haqqında qərarından şikayət verilmiş DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xx.xx.2025-ci il tarixli məhkəmə iclasının iştirakı olmadan keçirilməsini vər ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərardan şikayət verən ərizəçinin və inzibati xəta haqqında qərarından şikayət verilmiş DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə "BMW" markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki-Qax yolu ilə hərəkətdə olarkən həmin yolun 8-ci kilometrliyində 90 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin yer yaşayış məntəqəsi deyildir. Orada sürət həddinin 50 km/saat olması barədə yol nişanı yoxdur. xx.xx.2025-ci il tarixdə elektron kabinetə baxdıqda yuxarıda qeyd etdiyi ərazidə sürət həddinin 50 km/saat olması, xx.xx.2024-cü il tarixdə saat 18:50:08-də 91 km/saat sürətlə hərəkətdə olmağı, yolda hərəkət sürəti həddini 41-60 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən EQ 25402711 nömrəli inzibati protokol tərtib olunaraq 200 manat cərimə olunmağı məlum olmuşdur. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixdə DİN-nin BDYPl-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən "İnzibati tənbeh vermə haqqında" EQ 25402711 nömrəli elektron qərar çıxarılmışdır. Protokol və onun əsasında çıxarılmış qərar tam qanunsuzdur. Şəki-Qax yolunun yolunun 8-ci kilometrliyində sürət həddini bildirən hər hansı nişan yoxdur. Bununla bağlı video sübut işə əlavə olunmuşdur. İkincisi həmin yerdə sürət həddinin 50 km/saat olmasına ümumiyyətlə əsas yoxdur. Həmin ərazi yaşayış məntəqəsi deyildir. Göründüyü kimi çıxarılmış olan qərar qanunsuzdur və ləğv edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25402711 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, tərtib edilmiş elektron qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki o, BMW" markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki-Qax yolu ilə hərəkətdə olarkən həmin yolun 8-ci kilometrliyində 90 km/saat sürətlə hərəkətdə olmuş, bu səbəbdən də, barəsində inzibati xəta haqqında qərar tərtib edilmişdir. O, ərizəsində həmin ərazidə surət həddinin 50 km/saat olmadığını bildirsə də qərara baxış keçirilərkən onun yolun hərəkət hissəsində təyin olunmuş surət həddinin 50 km/saat olduğu halda surət həddini aşdığı müəyyən edilməklə, şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X4 şikayət ərizəsi iş materiallarında olan qərar ilə təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Beləliklə məhkəmə, X2nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenant Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25402711 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar