Məhkəmə qərarları › İş №3(075)-410/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-410/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-410/2025 21.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs Şəki rayonu, Qoxmuq kənd ərazisində babasına məxsus qanunsuz ov silahı gəzdirməsi səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında bildirdi ki, o, silahı gəzdirməmiş, babasından yadigar kimi saxlamışdır. Babasının ona dediyinə görə, silaha dair sənədləri olsa da, sonradan saxlanıldığı bina yandığından qalmamışdır. Ov silahını evdə saxlamışlar. Onların hər hansı bir icazə sənədi yodur. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/225 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəki ŞRPŞ-nın NMQ-nun baş əməliyyat müvəkkili Çıraq İsgəndərov şöbə rəhbərliyinə raport edərək Şəxs Şəki rayonu, Qoxmuq kənd ərazisində babasına məxsus qanunsuz ov silahı gəzdirməsi və silahın hər hansı sənədinin olmaması aşkar edilmiş, № TO3-34P modelli, 11835 nömrəli, 01 ədəd 12 kalibrli, qoşa lüləli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı yivsiz ov tüfənginin DİN-nin X2 Baş İdarəsinə təhvil verilməsi üçün şöbənin aidiyyəti xidmət sahəsinə verilməsi, onun əməlində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 17/108 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, № TO3-34P modelli, 11835 nömrəli, 01 ədəd 12 kalibrli, qoşa lüləli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı yivsiz odlu ov tüfəngidir, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silahın atəşə yararlı olub-olmaması müəyyən edilsin” sualını cavablandırmaq mümkün olmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd TO3-34P modelli, № 11835 nömrəli, 12 kalibrli, daxili çaxmaqlı, qoşa lüləli, yivsiz odlu ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar