Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-417/2021 18.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxxx 1980-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞdən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 17 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 avqust 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin inzibati binasında ucadan səs-küy salaraq polisin iş fəaliyyətini pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək aclıq aksiyası keçirəcəyini və Bakı şəhərində yürüş etmək istədiyini bildirmişdir. Həmin müraciətin icrası ilə əlaqədar vətəndaş Şəxs 17 avqust 2021-ci il tarixdə, saat 16:00 radələrində Şəki ŞRPŞ-nin inzibati binasına dəvət edilmiş, qanunsuz aksiya keçirmək istəməsi ilə bağlı izah işləri aparılarkən o, bununla bağlı polis şöbəsinə çağırılmasına etiraz edərək polis şöbəsinin xidməti iş otağında ucadan səs-küy salaraq polisin iş fəaliyyətini pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Şəki şəhərində yaşayır. Heç bir yerdə işləmir. Bir müddət əvvəl cənab prezidentə məktub yazaraq onu işlə təmin etməsini xahiş etmişdir. Təxminən 1 ay qabaq ona zəng gəlmiş, Azərpoçtun Oxud kənd şöbəsində poçtalyon işi olduğu, onu həmin işə təyin edə biləcəkləri bildirilmişdir. O, təklifi qəbul etmiş, Azərpoçtun Şəki şöbəsinin müdiri Seyran müəllimin yanına getmişdir. Seyran müəllim onu süzüb bu işin öhdəsindən gələ bilməyəcəyini, lakin 1-2 gün sınaq üçün işləməyini bildirmişdir. O, iki gün ona verilmiş məktubları ünvana çatdırmış, səylə çalışmışdır. Bir neçə gün sonra ona yenidən zəng gəlmiş, bu işin onu qane edib-etmədiyi soruşulmuşdur. O da işlə razı olduğunu bildirmişdir. Daha sonra yenidən poçtun müdirinin yanına getmiş, ondan işə qəbul üçün 10-15 yerdən sənəd istənilmişdir. O isə sənədləri düzəltməyə imkanı olmadığını bildirmiş, lakin ona vaxt verilməsini xahiş etmişdir. Bir neçə gün sonra poçtun müdiri onu yenidən yanına çağırıb maaş alanda onu “görüm-baxım” edib-etməyəcəyini soruşmuşdur. O isə kirayədə qaldığını, anasının xəstə olmaqla maddi imkanlarının aşağı səviyyədə olduğunu bildirmişdir. Poçtun müdiri heç nə deməmiş, sənəd üçün ona gedib şəkil çəkdirməyini bildirmişdir. O, fotostudiyaya yenicə çatanda poçtun müdiri zəng edib geri qayıtmağını bildirmişdir. O da geri qayıtmış, müdirdən nə baş verdiyini soruşmuşdur. Müdir ona işinin alınmadığını, bu işi başqa bir şəhid anasına verdiklərini bildirmişdir. O, 10 dəqiqə içərisində onun işinin necə başqasına verildiyinə izah tapa bilməmiş, ona görə də Daxili İşlər Nazirliyinə müraciət edərək aclıq aksiyası keçirəcəyini və Bakı şəhərində yürüş etmək istədiyini bildirmişdir. Daha sonra ona polis şöbəsindən zəng gəlmiş, 17 avqust 2021-ci il tarixdə polis şöbəsinə dəvət edilmişdir. Şöbədə izahatı alınarkən ondan niyə aclıq aksiyası keçirmək istədiyi soruşulmuş, o da hadisəni olduğu kimi danışmışdır. Polis əməkdaşı aksiya keçirməyin qanunsuz olduğunu bildirdikdə o əsəbiləşmiş, ona qarşı edilən hərəkətlərin qanunsuz olduğunu bildirmişdir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, o, hər hansı xuliqanlıq hərəkətlərinə yol verməmiş, həmçinin polis əməkdaşlarına tabesizlik etməmişdir. Ona poçt şöbəsi tərəfindən haqsızlıq edildiyini hesab etdiyindən irad bildirmişdir. Lakin heç bir nalayiq ifadə işlətməmiş, ictimai qaydanı pozmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X8 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin nəfəri, polis serjantı X4 ifadəsində göstərdi ki, 17 avqust 2021-ci il tarixdə polis nəfəri Toğrul Nizamovla birlikdə polis şöbəsində olarkən polisin xidməti iş otağından səs-küy gəldiyini eşitmişlər. Onlar həmin otağa yaxınlaşmış, bir nəfər şəxsin səs-küy saldığını görmüşlər. Həmin şəxs daha sonra səs-küy salaraq dəhlizə çıxmışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, o daha da əsəbiləşmiş, aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxs barəsində tədbir görülməsi üçün raportla aidiyyəti üzrə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin əməkdaşı X5 şahid X1 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, məhkəmə iclası zamanı tədqiq olunmuş sənədlərlə inzibati xətanın törədildiyi sübuta yetirilməmişdir. Belə ki, inzibati xəta hadisəsi 17 avqust 2021-ci il tarixdə, saat 16:00 radələrində Şəki ŞRPŞ-nin inzibati binasında baş vermiş, həmin vaxt polisin xidməti iş otağında izahatı alan polis əməkdaşı və Şəxs başqa heç kəs olmamışdır. Məhkəmə iclasında dindirilən şahidlər də polisin xidməti iş otağından səs-küy eşitdikləri, səs-küyə iki nəfər polis əməkdaşının gəldiyini bildirmişlər. Odur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətlərinin törədilməsi məhkəmə iclasında bilavasitə təsdiq edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilsə də, protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin, Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bundan başqa məhkəmə iclasında dindirilmiş şahidlər də Şəxs polisin hansı qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı heç bir fikir ifadə edə bilməmiş, bunu Şəxs polisin iş rejimini pozması ilə əlaqələndirmişlər. Buna görə də Şəxs qeyd edilən hərəkətləri xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bundan başqa Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi 17 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinə əsasən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-417/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-417/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver