Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-42/2022 18.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin (VÖEN **********) ünvanına 01 dekabr 2021-ci il tarixdə Serbiya Respublikasından AK1397-6/A3052B-6 nömrə nişanlı qeydiyyat vasitəsilə idxal edilmiş Tütün yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin TŞ-nin təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərtib etdiyi 12 yanvar 2022-ci il tarixli, DGK-A seriyalı, 081573 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İXM-nin 18.5-ci maddəsinə əsasən məhkəməyə göndərilərək Şəki rayonu Qoxmuq kəndində yerləşən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5-ci mddəsinə əsasən, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 101-ci maddəsində isə göstərilmişdir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi,yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmətəleyhinəvə bu Məcəllənin 227ci,232-1-ci, 351-1-ci,602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuşinzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır (İXM-nin 102.1-ci maddəsi). İstinad olunan prosessual hüquq normalarının məna və mahiyyətində görə, inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsas hüquqi aktı olmaqla tərtib edilir və bundan sonra şəxsə inzibati qaydada tənbeh tətbiq edilir. Yəni, şəxsin inzibati qaydada tənbeh edilməsinin əsası kimi inzibati xəta haqqında protokol mühüm əhəmiyyət daşıyan sənəd kimi çıxış edir. Məhz bu səbəbdən də qanunverici protokolu ciddi hesabat sənədi hesab etmiş, onun nömrələnmiş blanklarda tərtib olunmasını göstərmiş və protokolun forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmişdir. “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin2016-cı il 15 fevral tarixli 795 nömrəliFərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:
1. “İnzibati xəta haqqında Protokol”un forması təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati xəta haqqında Protokol”un forması təsdiq edilsin (2 nömrəli əlavə). 3.“İnzibati tənbeh vermə haqqında Elektron Qərar”ınforması təsdiq edilsin (3 nömrəli əlavə).
4. “İnzibati tənbeh vermə haqqında Qərar”ın forması təsdiq edilsin (4 nömrəli əlavə).
5. “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın forması təsdiq edilsin (5 nömrəli əlavə).
6. “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar”ın forması təsdiq edilsin (6 nömrəli əlavə).
7. “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar”ın forması təsdiq edilsin (7 nömrəli əlavə).
8. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərardad”ın forması təsdiq edilsin (8 nömrəli əlavə).
9. “Nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən Sənəd”in forması təsdiq edilsin (9 nömrəli əlavə). O da qeyd olunmalıdır ki, məhkəmənin icraatında olmuş digər inzibati xətalara dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi) struktur tərkibinə daxil olan qurumlar əməli fəaliyyətlərində Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respulikası Maliyyə Nazirliyinin sifarişi ilə çap olunmuş inzibati xəta haqqında protokollardan istifadə edirlər. Göstərilənlərdən əlavə olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli, 795 nömrəli Fərmanının 5.12-ci bəndinə görə həmin Məcəllənin 231.1, 480–505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.1-ci bəndinə görə Məcəllənin 231.1, 469.3 (avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 479 (Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 480–505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Komitənin sədri, onun müavinləri, X2-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, onun müavini, ərazi vəixtisaslaşdırılmışbaş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinlərinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli, 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikasının İXM-nin 99.2-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan məlumatlara iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikasının İXM-nin 480–505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə yalnız Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi qismində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həmin işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş vəzifəli şəxslər (Komitənin sədri, onun müavinləri, X2-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, onun müavini, ərazi vəixtisaslaşdırılmışbaş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri) İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə hüquqi şəxs barəsində protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərilməlidir. Hazırkı işin hallarından isə görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 12 yanvar 2022-ci il tarixli, DGK-A seriyalı, 081573 nömrəli protokol komitənin buna səlahiyyəti olmayan əməkdaşı, yəni idarənin təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən tərtib edilmişdir. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır (Həmin Məcəllənin 4-cü maddəsi). İXM-nin qanunçuluq prinsipinə görə isə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (maddə 6.1). Hüquqi müəyyənlik prinsipindən çıxış edən məhkəmənin qənaətinə görə, şəxsə inzibati xətaya görə inzibati tənbeh yalnız o halda verilə bilər ki, həmin şəxs İXM-nin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilsin. Əks halda bununla bağlı qəbul edilmiş hər hansı qərar şübhədən kənar olmayacaq. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokol düzgün tərtib olunmadığından məhkəməyə təqdim edilmiş sənədlər natamam hesab olunur və işə baxarkən tamamlamaq mümkün deyildir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim edilmiş protokol düzgün tərtib olunmadığından, materiallar natamam olduğundan və onun tamamlanması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq,
QƏRARA ALDİM:
Şəki Rayon Məhkəməsinə göndərilmiş Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qaytarılsın.
Hakim Pərviz Hacıyev