Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-421/2021 12.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş 28.07.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ Yol patrul Xidməti inspektoru polis siravisi X5 tərəfindən tərtib edilmiş 28.07.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X2 və Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4 ərizəsində göstərmişdir ki, 28 iyul 2021-ci il tarixdə Bakı şəhərində etibarnamə ilə idarə etdiyi Opel Astra markalı, ** HY *** dövlət nömrə nişanı olan avtomobillə hərəkətdə olduğu zaman Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru polis sıravisi X5 tərəfindən 28.07.2021-ci il tarixində yol hərəkəti qaydasını pozmadığı halda, heç bir əsas olmadan onu saxlamış, Azərbaycan Respublikasının Polis haqqında qanununu kobud şəkildə pozaraq, özünü təqdim etmədən onun yol hərəkəti qaydasını pozduğunu bildirmişdir. O, polis əməkdaşına dəfələrlə üstündə olan kameranı qoşmasını və qayda pozuntusu olan xususi avadanlıqla çəkilmiş görüntüləri göstərməsini bildirsə də, polis əməkdaşı buna məhəl qoymamış və onun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Buna görə də şikayət ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bütün bunları nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 28 iyul 2021-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş 07 avqust 2021-ci il tarixli TP 452678 seriya nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə ərizəni təhlil etdikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi X4 İXM-nin 327.1-ci maddəsində göstərilən inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər hər hansı bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Ərizəçi şikayət ərizəsində göstərmişdir ki, İXM-nin 327.1-ci maddəsində göstərilən xətanı törətməmişdir. Bundan başqa ondan hər hansı sənəd tələb edilməmiş, həmçinin ona hər hansı sənəd təqdim edilməmişdir. İşin araşdırılması ilə bağlı protokol və qərar qəbul etmiş orqana sorğu verilmiş, protokolun və qərarın çıxarılmasına səbəb olan hallar (sübutlar- fotoşəkil, videoçəkiliş, xəta törətmiş şəxsin izahatı) onlardan istənilmişdir. İnzibati orqanın vəzifəli şəxsi tərəfindən məhkəməyə yalnız inzibati protokol və onun əsasında qəbul edilmiş qərar təqdim edilmişdir. Beləliklə də inzibati orqan tərəfindən X3 yol verdiyi qayda pozuntusunu əks etdirən hər hansı fotoşəkili, videoçəkilişi, həmçinin onun izahatını əks etdirən ərizəsi məhkəməyə təqdim edilməmişdir. İXM-nə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qanunvericiliyin yuxarıda sadalanan göstərişini nəzərə alaraq məhkəmə hazırkı iş üzrə şübhələri X3 xeyrinə şərh edir. Buna görə də Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ tərəfindən X3 barəsində tərtib edilmiş 28 iyul 2021-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 07 avqust 2021-ci il tarixli TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ tərəfindən X3 barəsində tərtib edilmiş 28 iyul 2021-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 07 avqust 2021-ci il tarixli TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-421/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-421/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver