Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-421/2024 14.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjant X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Kəlbəcər; Ağcakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Kəlbəcər rayonu, Ağcakənd ərazi dairəsi, Ağcakənd kəndində qeydiyyatda olan, Şəki şəhəri, Yeni Çələbixan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjant X3 tərəfindən İXM-nin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjant X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Şəxs Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsində etibarnamə ilə idarə etdiyi VAZ 21099 markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən davamlı şəkildə yol hərəkət qaydalarını və ictimai təhlükəsizliyi pozaraq avtomobili idarə etmişdir. O, dairəvi yol ayrıcına dairəyə daxil olmadan əks istiqamətli hərəkət zolağına daxil olmuş və digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmışdır. Yolda ziqzaqvari hərəkətlər etmişdir. Bununla da o, İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan pozuntunu törətmişdir. Nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilmiş. Bu gün saat 11:30-da nəqliyyat vasitəsi özünə təhvil verilmiş və tərtib edilmiş protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilənlərə əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Marxal istiqamətində hərəkət edərkən tələsdiyi üçün dairəyə daxil olmadan birbaşa əks yola çıxmış və üzü Marxal istiqamətdə hərəkətini davam etdirmişdir. Vermiş olduğu izahatını təsdiq edir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, dostu Səfərlə birlikdə Bəxtiyar Vahabzadə küçəsində yanacaq doldurma məntəqəsinin üstündə yerləşən çayxanada oturarkən VAZ 21099 markalı yaşıl rəngli maşın üzü Marxal istiqamətində yüksək sürətlə hərəkətdə olarkən dairəyə girmədən birbaşa əks istiqamətli yola çıxmış və digər tərəfdən qara rəngli BMW markalı avtomobillə toqquşma təhlükəsi yaranmışdır. Daha sonra VAZ 21099 markalı avtomobil dayanmadan hərəkətini davam etdirmişdir. Həmin vaxt VAZ 21099 markalı avtomobilin təkərlərindən ciyilti səsləri gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, dostu Fəridlə birlikdə Bəxtiyar Vahabzadə küçəsində yanacaq doldurma məntəqəsinin üstündə yerləşən çayxanada oturarkən VAZ 21099 markalı yaşıl rəngli maşın üzü Marxal istiqamətində yüksək sürətlə, təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən dairəyə girmədən birbaşa əks istiqamətli yola çıxmış və digər tərəfdən qara rəngli BMW markalı avtomobillə toqquşma təhlükəsi yaranmışdır. Daha sonra VAZ 21099 markalı avtomobil hərəkətini davam etdirmişdir. Həmin vaxt VAZ 21099 markal avtomobilin təkərlərindən yüksək səs çıxmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəki ŞRPŞ-nin DYPB-nin YPX baş inspektoru polis baş leytenantı Rəşad Cavadov raportla Şəki ŞRPŞnin rəisinə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdən çıxıb nahar fasiləsinə gedərkən təxminən saat 14:00 radələrində Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsində hərəkətdə olan “VAZ 21099” markal **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mütəmadi olaraq manevr qaydalarını pozaraq dairəvi yol nişanına daxil olmayaraq əks istiqamətli hərəkət zolağına çıxıb hərəkət iştirakçılarına təhlükəli anlar yaşatmışdır. Həmin sürücünün tapılaraq barəsində tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan görünür ki, Şəki DYPB-nin YPX inspektoru Nəbizadə Rəşad VAZ 21099 ** NH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saxlanca qəbul etmiş xx.xx.2024-cü il tarixdə isə nəqliyyat vasitəsi sahibinə geri qaytarılmışdır. İş materiallarında olan “İnzibati qaydada tutulma haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 11:30-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç nə aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş 11 iyun 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola münasibətdə qeyd edir ki, Şəxs tərəfindən 11 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin izahatları ilə təsdiq edildi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən 11 iyun 2024-cü il tarixdə barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi öz təsdiqini tapdığından o, 11 iyun 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və ona nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 14 iyun 2024-cü il saat 11:30-dan hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-421/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-421/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver