Məhkəmə qərarları › İş №3(075)-424/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-424/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-424/2021 23.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakı ilə, xx xxxx 1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Qızılarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2 və 334.3-cü maddələri ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs moto dəbilqədən istifadə etməyərək, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə motosikilet idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 329.2 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs saat təxminən 18:25 radələrində idarə etdiyi motodəbilqədən istifadə etməyərək, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi motosikletlə M.Ə.Rəsulzadə prospekti ilə iki zolaqlı yolla sağ zolaqla şəhər istiqamətində, yəni “X8” istiqamətində təxminən 20-25 km/saat sürətlə hərəkətdə olmuş, yol ayrıcına çatanda birdən qarşısında, sol zolaqda hərəkət edən “QAZ 31105” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Qəza nəticəsində həm motosikletdə olan sərnişinə, həm də “QAZ 31105” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bildirdi ki, sözügedən motosikletin mühərrikinin həcmi ona məlum deyil və motosikletin hazırda harada olduğunu bilmir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, onun ikitəkərli, markasını bilmədiyi, nömrəsi olmayan ikitəkərli motosikleti var. Təxminən 5 il olar ki, həmin motosikleti idarə edir. Sürücülük vəsiqəsi yoxdur, motosikletin ona aid olmasına dair də heç bir sənədi yoxdur. 17 iyul 2021-ci il tarixdə saat təxminən 17:00 radələrində Şəki rayonu Çeşməli kəndində olan “Qoşabulaq” kafesində təkcə oturub 1 bakal pivə içmiş, bundan sonra motosikletlə Qızılarx kəndinə gedib oradan xalası X3 evlərindən götürüb Şəki şəhərində kirayədə yaşadığı evə gətirmiş, saat təxminən 18:25 radələrində idarə etdiyi motosikletlə M.Ə.Rəsulzadə prospekti ilə iki zolaqlı yolla sağ zolaqla şəhər istiqamətində, yəni “X8” istiqamətində təxminən 20-25 km/saat sürətlə hərəkətdə olmuş, yol ayrıcına çatanda birdən qarşısında, sol zolaqda hərəkət edən “QAZ 31105” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil sağa tərəfə dönməyə başlamış, ani anda həmin qara rəngli avtomobilin sağa döndüyünü görən kimi o da motosikleti sağa tərəf çəkmiş, lakin motosikleti sağa tərəf çəkəndə həmin avtomobilin süriieüsü də motosikleti sağa tərəf çəkmişdir. Onda motosikleti saxlaya bilməmiş və motosikleti həmin avtomobilin qabaq sağ tərəfinə dəymişdir. Toqquşma olan kimi motosikleti sağa yıxılmış, həmin avtomobil də yolun ortasında dayanmış, o, başı üstə asflata yıxılmış, xalası isə onun üstündən asfalta yıxılmışdır. Həmin vaxt avtomobilin sürücüsü tez avtomaşından düşüb yanlarına gəlmiş, xalasını yerdən qaldırmışlar. Sonra xalası Gülnarı sonradan adını Səbuhi kimi bildiyi sürücünün avtomaşınına qoymuşlar. O, özündə olmamış və başı yerə çırpıldığı üçün özünü pis hiss etmişdir. Beynində ağrı olmuş, ona görə də motosikleti birtəhər yenidən işə doğum şöbəsi tərəfə aparmışdır. Ancaq motosiklet sönmüş, ona görə də motosikleti orada olan tanımadığı oğlanlara verib taksi ilə evə getmişdir. Bildirdi ki, ona məxsus olan motosikletin mühərrikinin həcmi ona məlum deyil və motosikletin hazırda harada olduğunu bilmir. Motosikiletinə minsk markalı motosikiletin mühərrikini qoymüşdür. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 18ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsi — asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir. Həmin Qanunun 1-ci maddəsinin 26-cı bəndinə əsasən motosiklet — mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (trisikllər və yüngül kvadrisikllər motosikletlərə bərabər tutulur). moped - iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər, motosiklet və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur). Məhkəmə iş materiallarına nəzər saldıqda müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş olsa da, Şəxs idarə etdiyi motosikletin mühərrikinin həcmi müəyyən edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, Şəki ŞRPŞ-dən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şəki ŞRPŞ-nə geri qaytarılsın. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar