Məhkəmə qərarları › İş №3(075)-425/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-425/2020

17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-425/2020 17.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı x3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 2000-ci ildə Şəki rayonu Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, Şəki rayonu Oxud kəndində qeydiyyatında olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı x6 tərəfindən tərtib edilmiş 16 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 iyul 2020-ci il tarixdə, saat 12:45 radələrində Şəki rayonu Oxud kəndində ucadan ünvansız nalayiq ifadələr işlərədək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı x6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 16 iyul 2020-ci il tarixdə, saat 12:45 radələrində Şəki rayonu Oxud kəndində ucadan ünvansız nalayiq ifadələr işlərədək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs islah olunması məqsədilə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, 16 iyul 2020-ci il tarixdə, təxminən saat 12:30 radələrində yaşadığı Şəki rayonu Oxud kəndində yolun kənarında dayanaraq ucadan telefonla danışmış, nalayiq ifadələr işlətmişdir. Bu zaman ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə ictimai qayda pozuntusuna yol verdiyini bildirmiş, onu nizam-intizama dəvət etmişlər. O, həmin vaxt əsəbi olduğundan özünü və hərəkətlərini idarə edə bilməmiş, polisin qanuni tələblərinə tabe olmamış, “siz kimsiniz ki mənim söhbətimə müdaxilə edirsiniz, əsəbləşmişəm söyürəm, sənə söymürəm ki” demişdir. Daha sonra ünvansız nalayiq söyüşlər söyməsini davam etdirmişdir. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, o, əsəbləşərək onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Etdiyi hərəkətə görə peşmandır və bir daha bu cür hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı x7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 16 iyul 2020-ci il tarixdə, təxminən saat 12:30 radələrində Şəki ŞRPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı Qüdrət Əlipaşayevlə birlikdə Şəki rayonu Oxud kəndində xidmətdə olduğu zaman bir nəfər şəxsin mobil telefon vasitəsilə ucadan danışaraq nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsə ucadan nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə ictimai qayda pozuntusuna yol verdiyini izah edib söyüş söyməməyini bildirmişlər. Lakin həmin şəxs “əsəbləşmişəm söyürəm, sənə söymürəm ki” deyərək onlara qarşı kobudluq etməyə başlamışdır. Onlar təkrarən ona yol kənarının olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə ətrafda olan vətəndaşların narahatçılığına səbəb olmasını izah edərək onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də sonuncu onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirdiyi üçün tərəflərindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki rayonu Oxud kəndində yaşayan xx xxxx 2000-ci il təvəllüdlü Şəxs olması müəyyən edilmiş, həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün raport tərtib olunaraq rəhbərliyə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB-nin əməkdaşı x1 şahid x4 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmən hesab edir ki, x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, şahidlərin izahatları, Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 16 iyul 2020-ci il tarixdən, saat 12:45-dən hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar