Məhkəmə qərarları › İş №3(075)-428/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-428/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-428/2024 18.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi iştirakı ilə, X5 tərəfindən Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin barəsində çıxardığı 30 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X5 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin Şimal Regional X11 İdarəsinin barəsində tərtib etdiyi 30 may 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Küdürlü kənd ümumi orta məktəbin direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin Şimal Regional X11 İdarəsinin nümayəndələri tərəfindən rəhbərlik etdiyi məktəbdə yoxlama aparılmış və yanğın təhlükəsizliyi norma və qaydaları tələblərinin yerinə yetirilməməsi əsas götürülərək 16 may 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən barəsində 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 30 may 2024-cü il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. O həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin Şimal Regional X11 İdarəsinin 30 may 2024-cü il tarixli MN № ******* saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, məktəb binası 2000-ci ildə istifadəyə verilmişdir. Həmin vaxtdan hazırki dövrədək binanın daxilindəki elektrik xətlərində və dam örtüyündə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməsinə görə heç bir tədbir görülməmişdir. X11 İdarəsinin nümayəndəsinin barəsində qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Çünki həmin idarə tərəfindən keçirilən yoxlamanın nəticəsinə dair verilən yazılı göstərişləri vəzifə borcu kimi aidiyyəti quruma, yəni Şəki şəhər Təhsil Sektoruna rəsmi qaydada göndərmiş və bunu təsdiq edən poçt qəbzi var. Protokolda göstərilənlər, yəni köhnəlmiş elektrik naqillərinin yenisi ilə əvəz edilməsi, dam ortüyünün tavan hissəsinə yanğın əleyhinə mayenin hopdurulması və sair təhlükəsizlik işlərinin yerinə yetirilməsi maddi cəhətdən və praktiki olaraq onun şəxsi imkanı və salahiyyəti xaricindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mənə 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin Şimal Regional X11 İdarəsinin 30 may 2024-cü il tarixli MN N ******* saylı qərarı ona rəsmi qaydada verilməmiş, qərar whatshapp vasitəsi ilə 12 iyun 2024-cü il tarixdə istifadəsində olan mobil telefona göndərilmişdir. Bu səbəbdən də hazırki şikayətlə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin Şimal Regional X11 İdarəsinin barəsində tərtib etdiyi 30 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin rəisinin X5 barəsində 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və əməlində inzibati xəta tərkibi olmadığı üçün X5 barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 16 may 2024-cü il tarixli MN1215001 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 barəsində 16 may 2024-cü il tarixdə məktəbdə diqqətli YTM zamanı YTQ No 06-2004 bənd 5.3; YTQ No06.2004 bənd 13.7; YTQ No 01- 2001 bənd 4.4 yerinə yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istinad olunmaqla onun haqqında həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin rəisi X8 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 11 yanvar 2023-cü il tarixli 325 nömrəli tələbnaməsində Şəki rayonu, Küdürlü kənd ümumi orta məktəbdə aşağıdakı tələblərin yerinə yetirilməsi tələb edilmişdir: İ Bölmə 1. Binanın elektrik xətt avadanlıqları elektrik mütəxəssisləri tərəfinfən izolyasiya müqaviməti yoxlanılaraq nəticəsi barədə baxış aktı tərtib edilsin 2) Obyektə yanğın xəbər verici siqnalizasiyası qurğusunun quraşdırılsın 3) Binanın ağac taxta materialları odadavamlı məhsullarla (antipiren) hopdurulsun (NH2) 2 HPO4diammonisfosfat; NH4HSPO4-monoammoniyfosfat; H3BO3-Bor turşusu və s.) 1m³ taxtaya 66kq duzların hopdurulması təmin edilsin 4) Məktəbdə mövcüd olan odsöndürən balonların tərkibi dəyişdirilsin və əlçatan yerlərdən asılsın. Tələblər:İİ Bölmə: 1) Çardaq otaqlarının və texniki mərtəbələrin qapıları daima qıfılla kilidlənsin, qıfılın açarı isə sutkanının istənilən vaxtında götürülməsi üçün mümkün olan əlverişli yerdə saxlanılsın 2) Nazas elektrik razetkalarından, birləşdirici ayrıcı qutulardan və digər elektrik quraşdırıcı məmulatlardan istifadə etmək qadağan olunsun 3) Məktəbdə işçi persionalı mütəmadi olaraq “Yanğın təhlükəsizliyi” qaydalarına uyğun ilkin və təkrar təlimatlandırılsın, nəticələr barədə xüsusi jurnalda qeydlər aparılsın 5) Standartlara uyğun olmayan elektrik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək qadağan olunsuz. İş materiallarında olan Şəki rayonu, Küdürlü kənd ümumi orta məktəbin müdiri M.Çələbiyev tərəfindən Şəki şəhər Təhsil sektorunun müdiri Z.Çələbiyevə ünvanlanmış məlumatında göstərilir ki, Fövqaladə Hallar Nazirliyi baxçaya baxış keçirən zaman maddiyat tələb edən nöqsanların olduğunu bildirdi. Göstərilən nöqsanların aradan qaldırılması üçün onlara köməklik göstərilməsi xahiş olunur. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, X5 barəsində tərtib edilmiş 16 may 2024-cü il il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda planlı YTM zamanı YTQ No 06-2004 bənd 5.3; YTQ No 06.2004 bənd 13.7; YTQ No 01-2001 bənd 4.4 yerinə yetirilməməsi əsası ilə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmiş, faktiki olaraq həmin protokolla X5 barəsində İXMnin 518.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin görə inzibati məsuliyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, X1 rayonu Küdürlü kənd ümumi orta məktəbin müdiridir. O, İXMnin 518.1-ci maddəsilə YTQ No 06-2004 bənd 5.3; YTQ No 06.2004 bənd 13.7; YTQ No 01-2001 bənd 4.4 tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Halbuki qanunvericiliyə əsasən X5 həmin yanğın mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, Şəki rayonu Küdürlü kənd ümumi orta məktəbinin müdirinin vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2 təhsil müəssisəsinin müdiri üçün məktəb binasına baxış keçirilməsi, binanın elektrik xətt avadanlıqları elektrik mütəxəssisləri tərəfinfən izolyasiya müqaviməti yoxlanılaraq nəticəsi barədə baxış aktı tərtib edilməsi, obyektə yanğın xəbər verici siqnalizasiyası qurğusunun quraşdırılması, binanın ağac taxta materialları odadavamlı məhsullarla (antipiren) hopdurulması ( (NH2) HPO4-diammonisfosfat; NH4HSPO4-monoammoniyfosfat; H3BO3- Bor turşusu və s.) 1m³ taxtaya 66kq duzların hopdurulması, vəzifələrini, yəni məsul şəxs olaraq yanğından mühafizəyə dair göstərilən tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Bundan başqa, yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün Mehrabı Çələbiyev tərəfindən dəfələrlə Şəki- Zaqatala Regional Təhsil İdarəsinin aidiyyəti qurumuna həmin idarənin Şəki rayon sektor müdirinə rəsmi məktublarla müraciət olunmuş, lakin həmin idarə tərəfindən bu tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Halbuki qanunvericilikdə bununla bağlı müvafiq tədbirlərin görülməsi və yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi həmin idarənin məsul şəxsinin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəki rayonu Küdürlü kənd ümumi orta məktəbinin müdiri X5 hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin subyekti deyildir, onun əməlində həmin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İşdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq edilməmişdir. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayəti əsaslı olduğundan təmin edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası FHNnin X11 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin rəisi X8 30 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Şikayət təmin edilsin. X4 barəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 30 may 2024-cü il tarixli MN1168782 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar