Məhkəmə qərarları › İş №3(075)-43/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-43/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-43/2024 18.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X9 Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 30 avqust 1980-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 18 yanvar 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-1533/2023 saylı, xx.xx.2023-cü il tarixli icrası sənədinə əsasən borclu Şəxs bir uşaq üçün 170 manat məbləğində aliment alınaraq tələbkar X5 ödənilməlidir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borclu Şəxs icra məmurunun çagrışlarına gəlmədiyi üçün onun barəsində borclunun axtarılması haqqında qərar qəbul edilərək Şəki ŞRPŞ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Ondan həmin tarixdə izahat alınmışdır. Borcludan yaranmış 1530 manat aliment borcunun bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmişdir. Borclu izahatında maddi vəziyyətinin yaxşı olmadıgını həmçinin borclu yaranmış aliment borcunun ödəniş etmək imkanının olmadığını bildir. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş aliment borcunun ödənilməsindən heç vaxt qəsdən boyun qaçırmamışdır. Maddi imkanı yaxşı olmadığından aliment məbləğindən heç bir ödəniş edə bilməmişdir. Hal-hazırda işləmir. Borcunu imkanı olduqca az-az ödəyəcəkdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X9 Vəkil Bürosunun vəkili X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(036)-1533/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 12 yanvar 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment alınaraq tələbkar X5 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 04 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-1533/2023 saylı, 20 iyun 2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclunun axtarılması barədə 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 18 yanvar 2024cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 18 yanvar 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 18 yanvar 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 18 yanvar 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-43/2024 18 yanvar 2024-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-43/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 04 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar