Məhkəmə qərarları › İş №3(075)-431/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-431/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-431/2024 21.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs – Şəki rayonu YNH baş inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Salahov Ruslan Fəxrəddin oğlunun iştirakları ilə, xx.xx.1997-ci ildə Şəki rayonu Qoxmuq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, X1 kiçik çavuş işləyən, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Şəhər-Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “X9” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qoxmuq kəndindən Baltalı kəndinə gedən istiqamətdə olan zaman İXM-in 327.1, 332.1 və 332.4-cü maddələrinin tələblərini pozaraq yolun sağ kənarında avtomobili geriyə verərkən **-CB-*** dövlət qeydiyyatı nişanlı “Mercedes Benz” 270 CDİ markalı avtomobilə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X4 maddi zərər vurulmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş X5 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “X9” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qoxmuq kəndindən Baltalı kəndinə gedən istiqamətdə hərəkətdə olan zaman İXM-in 327.1, 332.1 və 332.4-cü maddələrinin tələblərini pozaraq yolun sağ kənarında avtomobili geriyə verərkən **-CB-*** dövlət qeydiyyatı nişanlı Mercedes markalı avtomobilə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə **-CB- *** dövlət qeydiyyatı nişanlı “Mercedes Benz” 270 CDİ markalı avtomobilin sahibi X4 3062 manat maddi zərər vurmuşdur. Ona görə də Şəxs barəsində İXM-in 327.1, 332.1 və 332.4cü maddələri ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, sürücülük hüququnun müddəti yeni bitib. Özü də Vətən Müharibəsi iştirakçısıdır. Hadisə vaxtı Qoxmuq-Baltalı kəndi istiqamətində hərəkət edərkən yolun sağ kənarında maşını su almaq üçün saxlamış və maşını geriyə hərəkət etdirən zaman **-CB-*** dövlət qeydiyyatı nişanlı “Mercedes” markalı avtomobillə toqquşmuşdur. Sürücülük hüququ olmadan avtomobil idarə etməsinə və yol-nəqliyyat hadisəsi törətməsinə görə peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq erdilmiş; AE seriyalı, 708865 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs sürücülük hüququ xx.xx.2024-cü il tarixdə bitmişdir. AB-929594 seriyalı nəqliyyat vasitəsinin şəhadətnamənin surətindən görünür ki, **- DH-*** qeydiyyat nişanlı X9 markalı avtomobilin sahibi X3r. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, **-CB-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz 270 CDİ markalı avtomobilə ümumilikdə 3062 manat zərər dəymişdir. 468 nömrəli narkoloji aktın rəyindən görünür ki Şəxs hadisə vaxtı ayıq olmuşdur. Şəxs Azərbaycan Respublikası Prezidentinin № İ-2696 nömrəli, 29 dekabr 2022-ci il tarixli, 2372 nömrəli sərəncamı ilə (Azərbaycan Respublikası Medalının vəsiqəsi) “Kəlbəcərin azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin № İ-24629 nömrəli, 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə (Azərbaycan Respublikası Medalının vəsiqəsi) “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi yedəyə alma, yükdaşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalaının pozulmasına, səkilərlə və “yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuni ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat məbləğində cərimə edilir. 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında müəyyən edildi ki, Şəxs sürücülük hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə Qoxmuq kəndindən Baltalı kəndinə gedən istiqamətdə olan zaman yolun sağ kənarında avtomobili geriyə verərkən **-CB-*** dövlət qeydiyyatı nişanlı “Mercedes Benz” 270 CDİ markalı avtomobilə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X4 maddi zərər vurulmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı işdə protokolda qeyd edilmiş inzibati xətalardan İXM-in 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş xətalar vahid bir inzibati xətanın tərkibini əmələ gətirir. Belə ki, İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta tərkibinin müstəqil olaraq yaranması mümkün deyildir. Bu xətanın tərkibinin yaranması üçün ilk növbədə sürücü nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmadan nəqliyyat vasitəsini idarə etməli (bu zaman İXM-in 332.2-ci maddəsinin tərkibi yaranır), həmin zaman başqa şəxsin əmlakına maddi zərər vurmalı və ya sağlamlığına yüngül zərər vurmalıdır. Maddi və ya fiziki zərərin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi üçün isə hər hansı başqa qayda pozuntusunun baş verməsi zəruridir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını (İXM 32.1.1) onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, Vətən Müharibəsi iştirakçısı olmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar