Məhkəmə qərarları › İş №3(075)-431/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-431/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-431/2025 29.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Üvli Valeh oğlunun katibliyi, Protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokola və ona əlavə edilən sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-yə 13 iyun 2025-ci il tarixdə məktub göndərilməsinə və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində təqdim edilməsinin tələb edilməsinə, həmçinin məktubun 18 iyun 2025-ci il tarixdə QSC-yə çatdırılmasına baxmayaraq, tələb edilən sənədlər protokol tərtib olunan günədək təqdim edilməmişdir. Nəticədə Şəxs QSC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilmiş 13 iyun 2025-ci il tarixli sorğu məktubu, reyestr, çıxarışla təsdiq edilir. Məhkəmə iclasında Protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək bildirilmişdir ki, məktuba cavab verilmiş, məktub və göndərilmə haqqında qəbz sistemə əlavə edilmişdir. Bunların nəzərə alınaraq məhkəmədən inzibati xəta üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və müddətinin vaxtında bildirilməsinə baxmayaraq məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib edən idarənin nümayəndəsini dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, tərtib edilən protokol əsaslı olduğundan hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 13 iyun 2025-ci il tarili Şəxs QSC-nin rəhbərliyinə ünvanlanmış sorğudan görünür ki, vətəndaş X1 Şəxs QSC-də əmək hüquqlarının pozulması barədə DƏMX-nin Şəki- Zaqatala Regional şöbəsinə ünvanlanan müraciətinə baxılması ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaş X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX Şəki- Zaqatala Regional şöbəsinə göndərilməsi tələb edilmişdir. Məktuba əlavə edilmiş poçt göndərişinin izlənməsi barədə çıxarışdan görünür ki, sözügedən sorğu 18 iyun 2025-ci il tarixdə alıcı Şəxs QSC tərəfindən qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nin 30 iyun 2025-ci il tarixli EL 235 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinə ünvanladığı məktubdan görünür ki, təsisçinin qərarına əsasən şirkətdə baş vermiş rəhbərlik (direktor) və hüquqi ünvanla bağlı dəyişiklik baş verdiyi və həmin işçi xx.xx.2022ci il tarixdə işə qəbul olunduğu üçün arxivləşdirilmiş sənədlərin əldə olunması ilə texniki çətinliklər yaranmışdır, qeyd olunan halların nəzərə alınaraq tələb olunan arxiv sənədlərinin təqdim edilməsi üçün əlavə vaxt verilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nin məktuba əlavə etdiyi “Operativ Express” kuryer xidməti tərəfindən tərtib edilmiş 00509 kodlu qaimədə göndərici Şəxs QSC, alıcı X8 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsi, çatdırılma tarixi 04.07.25 qeyd edilmiş, alıcıya aid olan hissə boş saxlanılmış ( ad, soyad, imza qeyd edilməmiş), kuryerə aid hissədə oxunması mümkün olmayan söz qeyd edilmiş, imza hissəsinə imza edilmişdir. Məhkəmə iş üzrə obyektiv araşdırmanı təmin edilməsi məqsədi ilə Şəxs QSC tərəfindən X7 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinə göndərilmiş arxiv sənədlərinin təqdim edilməsi üçün əlavə vaxt verilməsi barədə ( xx.xx.2025-xx.xx.2025-ci il tarixləri üzrə) hər hansı rəsmi müraciətin daxil olub-olmaması barədə qeydiyyat kitabçasından və elektron sistemdən çıxarışların qısa müddət ərzində məhkəməyə təqdim edilməsi ilə bağlı 25 avqust 2025-ci il tarixdə X7 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinə müvafiq sorğu göndərmişdir. X7 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinin məhkəməyə ünvanladığı 26 avqust 2025-cii l tarixli 3-17-5/2-76301/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrdə Şəxs QSC-nin hər hansı bir məktubu daxil olmamış, daxil olan sənədlərin və məktubların qeydiyyat kitabına, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Dövriyyəsi altsisteminə baxış keçirilən zaman Euroline” QSC-nin hər hansı bir məktubunun və ya sənədinin daxil olmadığı, qydiyyata alınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən hüquqi şəxsə sənədlərin təqdim edilməsi üçün sorğu göndərilmişdir. Sorğu hüquqi şəxsin ünvanına 18 iyun 2025-ci il tarixdə çatdırılmış, müvafiq sorğuya cavab isə 27 iyun 2025-ci il tarixdə verilməli olduğu halda, bu tələbə əməl edilməmişdir. Hüquqi şəxs isə idarəyə 30 iyun 2025-ci il tarixdə əlavə vaxt verilməsi ilə bağlı müraciət etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Operativ Express” kuryer xidməti tərəfindən tərtib edilmiş 00509 kodlu qaimədən həmin sənədin X8 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinə göndərilməsi, göndərildiyi təqdirdə idarə tərəfindən təhvil alındığı öz təsdiqini tapmır. Belə ki, həmin sənədin hüquqi şəxsin reyestrində qeydə alınmasını təsdiq edən müvafiq çıxarış məhkəməyə təqdim edilməmişdir. Həmin qaimə Şəxs QSC tərəfindən göndərilmiş olsa belə, sənədin “alıcı və alıcının imzası” hissələri boş saxlanıldığı üçün onun X8 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinə çatdırılmış olması sübuta yetirilmir. Məhkəmənin sorğusu əsasında X8 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinin məktubunda da Şəxs QSC tərəfindən həmin idarəyə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə hər hansı məktubun göndərilmədiyi qeyd edilmişdir. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.28-ci maddəsinə əsasən xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Beləliklə, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yaranmışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Şəxs QSC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən, onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəuyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar