Məhkəmə qərarları › İş №3(075)-434/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-434/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-434/2021 27.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi X1, Protokol tərtib etmiş şəxs Qax RPŞ-nin DYPB YPX inspektoru, polis serjantı X4 iştirakı ilə, Ərizəçi X1 tərəfindən barəsində tərtib edilmiş 04.06.2021-ci il tarixli, İXM ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Ərizəçi X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilən 04.06.2021-ci il tarixli, İXM ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilən inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında protokolu tərtib edən, eyni zamanda həmin protokol əsasında qərar qəbul edən şəxslər barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi X3 izahatında göstərdi ki, o, 03 iyun 2021-ci il tarixdə, günorta saatlarında təxminən 15:00-da Şəki şəhərində S.Rəhman küçəsində yerləşən “Bağdad” kafesində dostları ilə birlikdə yemək yemiş, həmçinin həmin zaman 2 bakal pivə içmişdir. Bundan sonra isə çay da içmişlər. Daha sonra dostu ilə avtomobilinə əyləşərək evə getmək istəmişdir. Yolda dostu mağazadan çörək almaq istəmiş buna görə də avtomobilini saxlamışdır. Bu zaman iki nəfər DYP əməkdaşı ona yaxınlaşaraq sərxoş olduğunu soruşmuşdur. O da 2-3 saat əvvəl 2 bakal pivə içdiyini demişdir. Bundan sonra onlar birlikdə Şəki ŞRPŞ-nin DYPB-nə getmişlər. O, Şəki ŞRPŞ-nin DYPB-də olarkən bu barədə zəng edərək bölmə rəisi Şəhmir Uluxanova məlumat vermək istəmiş, lakin Şəhmir Uluxanov onun zənginə cavab verməmişdir. Bundan sonra isə onun içkili olub-olmaması yoxlanılmadan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin göstərmişdir ki, həmin vaxt sürücülük vəsiqəsinin müddəti bitdiyindən onu dəyişmək üçün Şəki regional “ASAN” xidmət mərkəzinə təhvil vermiş, yeni sürücülük vəsiqəsini isə almamış olmuşdur. Hesab edir ki, protokol əsassız və qanunsuzdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş şəxs Qax RPŞ-nin DYPB YPX inspektoru, polis serjantı X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, qeyd edilən protokolu tərtib edən zaman ŞRPŞ-nin DYPB-də işləmişdir. Həmin vaxt YPX inspektoru Tural Mamedovla xidmətdə olarkən 04 iyun 2021-ci il tarixdə, saat təxminən 16:00-16:30 radələrində şəhər ərazisində xidmətdə olarkən “Mercedes-Benz” markalı avtomobilə saxla işarəsi vermiş və avtomobilin sürücüsü avtomobilin hərəkətini dayandırmışdır. O, avtomobilin sürücüsünə yaxınlaşmış, özünü təqdim etmiş və sürücüdən kəskin spirtli içki qoxusu gəlmiş, ondan içkili olubolmamasını soruşmuş, o isə cavabında pivə içdiyini bildirdiyindən onu avtomobilin idarə edilməsindən kənarlaşdıraraq Şəki ŞRPŞ-nin DYPB-nə gətirmişdir. Orada sürücü alkotestr müayinəsindən keçmiş və 0,418 faiz alkoqol miqdarı ilə sərxoş olduğu və sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. Daha sonra sürücü bölmə rəisi Şəhmir Uluxanovla əlaqə saxlayacağını bildirmişdir. Lakin bundan sonra ona hər hansı məlumat verilməmişdir. Buna görə də o, sürücü X3 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şikayəti əsassız hesab etmiş və onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin DYPB YPX inspektoru, polis serjantı X6 tərəfindən tərtib edilmiş 04.06.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında Şəki ŞRPŞ-nin DYPB-nin rəisi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 13.06.2021-ci il tarixli İQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 02.06.2021ci il tarixli, alkoqol testinin nəticəsinin təsdiq edilmiş surətindən görünür ki, X3 0,418 faiz alkoqol miqdarı ilə sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi ərizəçi X3 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, Şəki şəhərində yerləşən “Bağdad” kafesində dostları ilə birlikdə 2 bakal pivə içmiş, sürücülük vəsiqəsinin müddəti bitmiş və bu halda avotomobil idarə etmişdir. Göstərilən əsaslarla məhkəmə X1 barəsində tərtib edilən 04.06.2021-ci il tarixli İXM ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilən inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında protokolu tərtib edən, eyni zamanda həmin protokol əsaında qərar qəbul edən şəxslər barədə xüsusi qərardad çıxarılması barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Ərizəçi X1 barəsində tərtib edilən 04.06.2021-ci il tarixli İXM ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilən inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında protokolu tərtib edən, eyni zamanda həmin protokol əsaında qərar qəbul edən şəxslər barədə xüsusi qərardad çıxarılması barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar