Məhkəmə qərarları › İş №3(075)-444/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-444/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-444/2020 14.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ərizəçi X3, qərarından şikayət verilmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis serjantı X4 iştirakları ilə, Ərizəçi X3 Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilərək ödədiyi 90 manat cərimənin qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi X8 ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2019-cu il tarixdə yıxılaraq sağ ayağı 4 yerdən sınmış, xx xxxxxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək fasiləsiz olaraq əmək qabiliyyətini itirmiş və bu hal müvafiq xəstəlik vərəqələri ilə rəsmiləşdirilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə isə sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Sağlamlıq vəziyyəti və fiziki imkanları olmadığı üçün yalnız xx xxxxxx 2020-ci il tarixdə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün Şəki regional “ASAN” xidmət mərkəzinə müraciət etmişdir. Lakin həmin vaxt sınmış ayağında “İLİZAROV” aparatı olduğu, sağlamlığı, fiziki hərəkət qabiliyyəti tam bərpa olunmadığı əsas gətirirlərək sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina edilmiş və fiziki imkanları bərpa olunduqdan sonra müraciət etməsi tövsiyə edilmişdir. “İLİZAROV” aparatının ayağından çıxarılması və sərbəst yerimək imkanının bərpa olunması isə 2020-ci ilin aprel ayına təsadüf etmiş, həmin dövrdə karantin rejimi ilə əlaqədar “ASAN” xidmət mərkəzləri işləmədiyi üçün sürücülük vəsiqəsini dəyişdirmək mümkün olmamış, televiziyada və mətbuatda Daxili İşlər Nazirliyi tərəfindən etibarlılıq müddəti bitmiş sürücülük, şəxsiyyət vəsiqələri və sair sənədlərin karantin rejimi bitənə qədər etibarlılıq müddətinin uzadılması barədə məlumatı ilə tanış olduqdan sonra xx xxx 2020-ci il tarixdə ona məxsus Hyundai Accent markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən YPX inspektoru tərəfindən saxlanılmış, barəsində X5 327.1 və 332.2-ci maddələri ilə protokol tərtib edilmiş, protokolla razılaşmadığı barədə qeyd aparmışdır. xx xxx 2020-ci il tarixdə karantin rejimi bitdiyi və “ASAN” xidmət mərkəzlərinin fəaliyyətinə icazə verildiyi üçün həmin tarixdə Şəki regional “ASAN” xidmət mərkəzinə sürücülük vəsiqəsini dəyişdirmək üçün müraciət etmişdir. Həmin vaxt ona xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni ödəmədən sürücülük vəsiqəsinin dəyişdirilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də məcbur olub cəriməni ödəyərək sürücülük vəsiqəsini dəyişdirmişdir. Sözügedən qərarın surəti hazırkı vaxtadək ona təqdim edilməmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi X8 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis serjantı X7 göstərdi ki, xx xxx 2020-ci il tarixdə Şəki şəhəri H.Əliyev prospektində xidmət aparan zaman «Hyundai Accent» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyini müəyyən etmiş və avtomobil tərəfindən saxlanılmışdır. Bundan sonra avtomobili idarə edən şəxsin sənədləri tələb edilmiş, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyini müəyyən etmişdir. Törədilmiş qanun pozuntusu barədə sürücüyə məlumat vermişdir. «Hyundai Accent» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 həmin vaxt inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış, niyə təkcə onun avtomobilinin saxlanıldığını bildirmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 14:28 radələrində «Hyundai Accent» markalı, **-BP-*** dövlət nömrə nişanlı minik avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş, həmçininyolların hərəkət hissəsinin işarələrinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ tərəfindən X6 ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 189-26985/2 nömrəli məktubdan görünür ki, X3 müraciətinə əsasən aparılmış araşdırma zamanı toplanmış materiallarla, patrul avtomobilində quraşdırılmış xüsusi texniki vasitənin qeydə aldığı videogörüntü və səsyazısı ilə ona qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Həmçinin, sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb edilməyəcəkləri nəzərdə tutulsa da, X1 vəsiqəsinin etibarlılıq müddəti karantin rejimi dövründə deyil, xx xxxxxx 2019-cu il tarixdə bitmişdir. Əslinə baxmaqla tədqiq edilərək iş materiallarına əlavə edilmiş X1 vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi xx xxx 2020-ci il tarixdən xx xxx 2030-cu ilədək etibarlıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən X3 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. İşə əlavə edilmiş video görüntüdən görünür ki, X8 yolun hərəkət hissəsinin işarələrinin tələblərini pozaraq hərəkətini davam etdirmişdir. Ərizəçi X3 məhkəməyə təqdim etdiyi ərizəsində Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX baş inspektoru, polis serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt yolların hərəkət hissəsinin işarələrinin tələblərini pozmadan hərəkətini davam etdirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, video görüntüdən və səs yazısından qeyd olunan tarixdə X3 idarə etdiyi avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi, həmçinin yolların hərəkət hissəsinin işarələrinin tələblərini pozaraq hərəkətini davam etdirməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələrinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. Ərizəçi X3 şikayət ərizəsində qeyd etdiyi Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX baş inspektoru, polis serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X3 Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX baş inspektoru, polis serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX baş inspektoru, polis serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilərək ödədiyi 90 manat cərimənin qaytarılması ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar