Məhkəmə qərarları › İş №3(075)-451/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-451/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-451/2021 15.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X7 iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əlilliyi olmayan, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş, 04 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 sentyabr 2021-ci il tarixdə, saat 00:10-da Şəki rayonu, Qoxmuq kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 03.09.2021-ci il tarixdə VAZ-21015 markalı ** RU *** dövlət nömrə nişanlı avtomobildə əyləşən şəxslərdə narkotik maddə olması barədə Şəki ŞRPŞnə əməliyyat məlumatı daxil olmuşdur. Həmin avtomobil 04.09.2021-ci il tarixdə təxminən saat 00:10 radələrində Şəki rayonu, Qoxmuq kəndi ərazisində Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Vüqar Salamov, Coşqun Bəkirov, DYPB-nin və CAB-nin əməkdaşları ilə birlikdə saxlanılmışdır. Avtomobil polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra avtomobili idarə edən və digər 2 nəfər şəxs avtomobilin qapısını açmamışlar. Həmin vaxt avtomobilin sol arxa şüşəsi az açıq olduğu üçün qapını açmaq üçün Coşqun Bəkirov əlini içəriyə salmış, lakin qapını aça bilmədiyindən sol arxa şüşəni qırmışdır. Sonradan həmin şəxslər avtomobildən yerə düşərək ucadan nalayiq ifadələr işlədərək ictimai qayda pozuntusu törətmişlər. Polis əməkdaşları həmin şəxsləri nizamintizama dəvət etmişlər, lakin həmin şəxslər eyni hərəkətləri edərək qəsdən tabesizlik edərək polisin qanuni tələbini yerinə yetirməmışlər. Sonradan avtomobil və içərisində olan 3 nəfər şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxslərin Şəki şəhər sakinləri Şəxs, X8 və X9 olması müəyyən edilmişdir. Həmçinin Şəxs və X4 üzərindən şəxsi istehlak miqdarından az narkotik vasitə qurudulmuş marixuana çıxmışdır. Buna görə də onlar barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, Mikayıl Salamov 03 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində ona demişdir ki, Zaqatala da yaxın dostu var, istəyirsə gedib onunla görüşsünlər. Mikayılla razılaşmış və buna görə Mikayıl taxsi çağırmişdir. Mikayıl ilə birlikdə Zaur Məmmədova məxsus “VAZ 21015” markalı, ** RU *** qeydiyyan nömrəli avtomobil ilə Zaqatalaya getmişlər. Orada Mikayılın dostu onları qarşılamışdır. Bir kafedə oturub yemək yeyib, araq içmişlər. Zaur onlarla yalnız çay içmiş, bunadan sonra avtomobilinə gedib onları gözləmişdir. Yeyib-içdikdən sonra kefləri yaxşı olmuşdur. Bundan sonra Mikayılın dostu onlara çəkmək üçün marixuana vermişdir. Onlar marixuananı birlikdə çəkmişlər. Marixuanadan yerdə qalanını Mikayılla bölərək sonradan istifadə etmək üçün ciblərinə qoymuşlar. Təxminən 11-ə işləmiş Zaqataladan çıxaraq Şəki istiqamətində gəlmişlər. Şəki rayonunun Qoxmuq kəndi ərazisində hərəkətdə olan zaman DYP avtomobili avtomobili işiq və səs siqnalı ilə avtomobili saxlamasını bildirmişdir. Zaur da avtomobili sağa yaxınlaşdırıb saxlamışdır. Zaur polisə sənədlərini təqdim etmək üçün hazırlamışdır. Əvvəlcə bir polis əməkdaşı Zaura yaxınlaşmış və elə həmin andaca bir neçə polis əməkdaşı sanki onlara hücum edirlərmiş kimi tökülüşərək qabaqdan və arxadan avtomobilin qapılarını dartmağa başlamışlar. Polis əməkdaşı Zaurun hər iki əlini tutaraq çöldə saxlamışdır. Maşının qapısı “mərkəzi qapanma” olduğundan o qapını aça bilməmişdir. Lakin heç bir dəqiqə keçməmiş polis əməkdaşlarından biri avtomobilin arxa sol şüşəsini qırmış, qapını açmış və onları yerə düçürmüşdür. Onların üzərinə baxış keçirmişlər və onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onu vurmuşlar. Həmin vaxt polisə qarşı hər hansı kobudluq və ya tabesizlik göstərməmiş və ya səs-küy salmamışlar. Hazırkı protokol üzrə özünü təqsirli bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Şəki şəhərində taxsi fəaliyyəti göstərir. 03 sentyabr 2021-ci il tarixdə, saat təxminən 18:00-dan sonra Mikayıl adlı şəxs ona zəng edərək, Zaqatalaya getmək istədiyini və onu taksi kimi çağırmışdır. O, Mikayılı şəxsi avtomobili ilə götürməyə gəldikdə Mikayılın yanında tanımadığı bir şəxsin də olduğunu görmüşdür. Mikayılı əvvəllər də taksi kimi aparıbgətirdiyindən onu tanımışdır. Həmin şəxslər onun avtomobilinə oturduqdan sonra Mikayıl onu Vahabla tanış etmişdir. Daha sonra onlar Zaqatalaya getmişlər. Zaqatala şəhərində çatdıqdan sonra o, Mikayıl ilə Vahabı kafelərin biində düşürmüşdür. Onlarla biraz oturduqdan sonra avtomobildə onları gözləməyə getmişdir. Bir qədər sonra Mikayıl və Vahab kafedən çıxıb avtomobilə əyləşmişlər və təxminən 10:00-10:30 radələrində onlar Zaqataladan Şəkiyə yola düşmüşlər. Şəkiyə gələrkən Qax rayonunda həmin şəxslər ayaqyoluna getmək üçün ondan avtomobili saxlamasını istəmişlər. Əvvəl Mikayıl daha sonra Vahab avtomobildən düşərək getmişlər. Bir müddət sonra hər ikisi qayıdaraq avtomobilə əyləşmişlər. Zaqataladan gələndə avtomobilini çox yavaş sürmüşdür. Baş Göynük kəndində saata baxanda saat 23:23-ü göstərmişdir. Daha sonra onlar Şəkiyə çatdıqdan sonra, təxminən 11:45:00:00 radələrində Şəki rayonunun Qoxmuq kəndi ərazisində DYP avtomobili işiq və səs siqnalı ilə ona avtomobili saxlamasını bildirmişdir. O da avtomobili saxlamış və təqdim etmək üçün sənədlərini hazırlamışdır. Bu zaman bir YPX polis əməkdaşı ona yaxınlaşmış və qapının pəncərəsindən əli ilə onun hər iki əlini tutaraq pəncərədən çöldə saxlamışdır. Nə baş verdiyini anlamamışdır. Onun avtomobilinin qapıları “mərkəzi qapanma” olduğundan, həmçinin hər iki əlləri polis əməkdaşı tərəfindən çöldə tutulu olduğundan o qapını aça bilməmişdir. Polis əməkdaşları isə qapını açmağa çalışmışlar. Demək olar ki, təxminən 10-15 polis əməkdaşı və mülki geyimli şəxslər dörd bir yandan avtomobilin qapılarını açmağa çalışmışlar. Polislər onu qapının pəncərə yerindən dartaraq çölə çıxarmış, yerə yıxaraq üzərinə baxış keçirilmiş və onları polis şöbəsinə gətirmişlər. Vahab ilə Mikayılın necə çıxarıldığını görməmişdir. Onların üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Polis şöbəsində onu döymüşlər. Həmin vaxt polisə qarşı hər hansı kobudluq və ya tabesizlik göstərməmiş və ya səs-küy salmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Vahab Vüqar oğlu ilə eyni məzmunda ifadə vermişdir. Lakin göstərmişdir ki, polis əməkdaşları tərəfindən hər hansı fiziki təsirə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, 03.09.2021-ci il tarixdə polis şöbəsindən daxil olmuş məlumata əsasən YPX-nin inspektoru, polis baş serjantı Tural Mamedovla birlikdə “Mersedes-Benz" markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə 04.09.2021-cu il tarixdə təxminən saat 00:10 radələrində Şəki rayonu Qoxmuq kəndindən keçən macistral yolda VAZ-21015 markalı **- RU-*** dövlət nömrə nişanlı avtomaşın tərəflərindən saxlanılmışdır. Həmin avtomaşın saxlanıldıqdan sonra sürücüyə sənədləri təqdim etməsi üçün yaxınlaşdıqda o, sənədləri təqdim etməkdən imtina etmiş və avtomaşının qapılarını bağlayaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Tərəflərindən dəfələrlə sürücü və avtomaşında olan digər sərinişinlərə qanunlar izah olunaraq nizam-intizama dəvət olunsalar da onlar öz hərəkətlərin davam etdirmişlər. Həmin avtomaşının sürücüsü idarə etdiyi avtomaşını sürüb getməyə səy göstərmişdir. Buna görə X14 yerdən daş götürərək avtomobilin arxa sol qapı şüşəsini sındırmış, yalnız bundan sonra avtomobilin qapılarını açmışlar. Həmin avtomaşından şəxsləri digər polis əməkdaşlarının yardımı ilə düşürmüş və barələrində qanuni tədbir görülməsi üçün polis şöbəsinə gətirmişlər. Göstərmişdir ki, onlar sürücünü avtomobilin sol qapının pəncərə hissəsindən dartıb bayıra çıxarmışlar. Polis Şöbəsində həmin şəxslərin Şəki şəhər sakinləri, Şəxs, Şəxs və X11 olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 və X16 da şahid X13 ilə eyni məzmunda ifadə vermişlər. X2 da şahid X13 ilə eyni məzmunda ifadə vermiş və göstərmişdir ki, sürücü və sərnişinlər qapını açmadıqlarına görə yerdən daş götürərək avtomobilin arxa sol qapı şüşəsini sındırmış, yalnız bundan sonra avtomobilin qapılarını açmışlar. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nzirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X28 Şəki Rayon Şöbəsi tərəfindən verilmiş 10.09.2021-ci il tarixli, 510 nömrəli rəydən görünür ki, Şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: təpə nahiyəsinin sıyrığı, döş qəfəsin və sol biləyin yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 03.09.2021-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə tqədim edilən hadisənin video görüntüsünü əks etdirən “CD” diski izlədikdə aydın olur ki, qeyd olunan tarixdə YPX əməkdaşının qırmızı-sarı sayrışan işıqlarını görən sürücü Z.Məmmədov avtomobilini yolun sağ hissəsinə çəkərək saxlamışdır. Bu zaman bir YPX əməkdaşı sürücü Z.Məmmədova yaxınlaşmış və dərhal da onun əllərini avtomobilin qapı şüşəsindən çöl hissədə tutaraq saxlamışdır. Həmçinin eyni anda bir neçə mülki və polis geyimində olan şəxslər avtomobilin qapılarını dörd bir yandan açmağa çalışmış və qısa zaman kəsiyində sürücü və sərnişinləri avtomobildən çölə çıxarmışlar. Sürücü avtomobilin sol qapının pəncərə hissəsindən dartılaraq bayıra çıxarılmışdır. Bundan sonra onlar yerə yıxıldılmış və sonra polis maşınına mindirilmişdir. Göründüyü kimi həmin vaxt Şəxs və digər şəxslər tərəfindən hər hansı ictimai qaydanın pozulması və ya polisin qanuni tələbinə tabe olmama kimi hərəkətlər yol vermə halları müəyyən olunmur. Ümümiyyətlə həmin anda polis əməkdaşlarının Şəxs və digər şəxslərə hər hansı qanuni tələb və tələblərə tabe olmağa dəvət etmə öz əksini tapmır. Yəni polis əməkdaşı tərəfindən belə bir tələb irəli sürülməmişdir. Çünki görüntülərdən və polis əməkdaşlarının özlərinin də dediyi kimi həmin anda polis əməkdaşları əməliyyat keçirmiş və hər üç şəxsə qarşı hər hansı qanuni tələb irəli sürmədən avtomobildəki sərnişinləri və sürücünü yerə düşürmək istəmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddəsinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində polis leytenantı X3 tərtib etdiyi 04 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinə əsasən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi 04 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar