Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-454/2021 07.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X2 və onun müdafiəçisi X16, Azərbaycan Respublikası DİN Şəki ŞRPŞ-nin etbarnamə üzrə nümayəndəsi polis baş leytenantı X4, (əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Şəki rayonu YPX inspektoru polis serjantı X10) iştirakları ilə, X2 Şəki ŞRPŞ-nin DYPB-nin rəisi X8 03.09.2021-ci il tarixli İQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin DYPB-nin rəisi X8 03.09.2021-ci il tarixli İQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsibarədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 izahat verərək göstərdi ki, 02 sentyabr 2021-ci il tarixdə, saat təxminən 23:50 radələrində Şəki şəhərində mövcud olan “MTS” adlanan kafedən çıxaraq avtomobilini idarə edərək evə getmək istəyərkən Şəki ŞRPŞ-nin PPX polis əməkdaşları onun avtomobilini saxlatdırmışlar. O da polis əməkdaşlarının göstərişinə əməl edərək maşınını saxlamışdır. Səbəbini soruşduqda ona bir az gözləməsini demişlər. 10 dəqiqə keçməmiş olduqları yerə DYP polis əməkdaşları gəlmişdir. O, DYP əməkdaşlarından saxlanılmasının səbəbini soruşduqda ona sərxoş olduğunu bildirərək, polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına sərxoş olmadığını, alkotestr təqdim etmələrini və onun sərxoş olub-olmadığını yerində yoxlamalarını xahiş etmişdir. Lakin polis əməkdaşları təkidlə onun polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarının bu tələblərinə tabeçilik göstərərək, öz avtomobilini özü idarə edərək polis əməkdaşlarının müşayiəti ilə polis şöbəsinə getmişdir. Onun avtomobili polis şöbəsinin həyətinə yerləşdirildikdən sonra polis əməkdaşları onun iradəsinə zidd olaraq onun mobil telefonunu əlindən almışlar. Polis əməkdaşlarının ona qarşı qərəzli hərəkətləri bununla da yekunlaşmamış, onu zorla xidməti maşınlarına otuzduraraq Oğuz şəhərinə aparmışlar. O, qorxu və həyəcan içində onlardan nə baş verdiyini, barəsində heç bir axtarış, tutulma, məcburi gətirilmə barədə qərar olmadığı halda onu niyə məcburi şəkildə Oğuz şəhərinə apardıqlarını soruşduqda, polis əməkdaşları mənə “tapşırıq belədir, az danış” deyə cavab vermişlər. Oğuz şəhərinə çatdıqdan sonra onu Oğuz rayon mərkəzi xəstəxanasına gətirmişlər. Orada ona məlum olmuşdur ki, Şəki şəhərində səhiyyə müəssisələri olduğu halda polis əməkdaşları onu Oğuz şəhərinə sərxoşluq müayinəsindən keçirmək üçün gətirmişlər. O, xəstəxanada onu sərxoşluq müayinəsindən keçirən həkimə “Şəki şəhərində xəstəxana olduğu halda, mən Şəki şəhər sakini olduğum halda niyə məni siz sərxoşluq müayinəsindən keçirirsiniz” deyə sual verəndə həkim ona “belə lazımdır” deyə cavab vermişdir. Orada olan polis əməkdaşları da ona kobud şəkildə “tez ol, təbesizlik göstərmə” deyərək, onun etirazına baxmayaraq onu zorla sərxoşluq müayinəsindən keçməyə məcbur etmişlər. Həkim ona futbol hakiminin fitinə oxşar bir cihaz verib ona üfüləməsini demişdir. O da həmin cihazı alıb üfüləmişdir. Həmin cihaz heç alkotestrə də oxşamamışdır. O, polis əməkdaşlarından xüsusi texniki vasitənin (alkotester) cavabını özündə əks etdirən kağız daşıyıcını (qəbzi) tələb etsə də nə həkim, nə də polis əməkdaşları həmin qəbzi ona verməmişlər. Bundan sonra həkim akt tərtib elmiş və ondan həmin aktı imzalamğı tələb etmişdir. O, isə həm sərxoş olmadığı üçün, həm də həkimin və polis əməkdaşlarının ona qarşı kobud və qərəzli hərəkətlərinə etiraz olaraq həmin aktı imzalamaqdan imtina etmişdir. Həkim və polis əməkdaşları süni surətdə gərginlik yaratmağa çalışsalar da o, həkimə və polis əməkdaşlarına sərxoş olmadığını bildirərək aktı imzalamayacağını bildirmişdir. Bundan sonra onu Şəki ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Burada isə polis əməkdaşları yenə süni gərginlik yaratmağa çalışmışlar. Saat artıq 02:30 olarmış. Elə bu vaxt onun müdafiəçisi polis şöbəsinə gəlmiş və orada olan vəziyyəti görüb polis əməkdaşlarından soruşmuşdur ki, “niyə İntiqam Əşirovun avtomobili Şəki ŞRPŞ-nin DYPB-nin duracağında deyil, Şəki ŞRPŞ-nin həyətində saxlanılır, əgər İntiqam Əşirov yol hərəkəti qaydalarının pozulması ilə bağlı hansısa inzibati xəta hadisəsi törədibsə niyə onun barəsində sənədləşmə işləri Şəki ŞRPŞ-nin DYPB-nin inzibati binasında yox, Şəki ŞRPŞ-nin rəis müavininin otağında aparılır, niyə onun mobil telefonu əlindən alınır.” Elə bu zaman polis əməkdaşları bildirdilər ki, “bütün bunları İntiqam Əşirov özü yaxşı bilir, şəhərin bir rəisi var, İntiqam Əşirov da bunu dərk etməli və səhvini başa düşməlidir.” Bundan sonra müdafiəçisi ona qısa şəkildə izahat verərmələrini, dərhal polis şöbəsindən çıxmaq lazım olduğunu, bütün baş verənləri isə məhkəmədə deməyə kifayət qədər imkanının olacağını bildirmişdir. O da hansısa spekulyasiyaya məruz qalacağından ehtiyat edərək, qısa şəkildə izahatını verib, polis əməkdaşlarından ona getməyə icazə vermələrini xahiş etmişdir. Polis əməkdaşları isə protokolu imzaladıqdan sonra getməyə icazə verəcəklərini demişlər. O da protokolu imzalayaraq, polis şöbəsini tərk etmişdir. 02.09.2021-ci il tarixdə ona məlumat verilmişdir ki, iştirakı olmadan barəsində İQ ******* saylı inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olaraq onun avtomobilini idarə edərkən alkoqol sərxoşluğu vəziyyətində olması, qanında olan alkoqolun konsentrasiyasının qanunla müəyyən edilmiş həddi olan 0,3 promilli və daha artıq olması halı əsaslı şübhədən kənar olan heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Həmçinin, polis əməkdaşlarının istinad eldiyi sübutların mötəbərliyi isə həddindən artıq şübhə doğurur. Həmçinin, barəsində tərtib olunan protokol əsasında inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilərkən onun iştirakı təmin olunmamış, izahatı alınmamış, vəsatəti və etirazının olub-olmaması aydınlaşdırılmamış, o, barədində tərtib olunmuş inzibati xəta haqqında protokoldan narazı olduğu halda protokol üzrə inzibati xəta haqqında məsələyə baxmaq qanunla məhkəmənin səlahiyyətinə aid edildiyi halda Şəki ŞRPŞ-nin DYPB-nin rəisi öz mülahizəsinə əsasən birtərəfli qaydada işə baxaraq onun 400 manat cərimə olunmağı qənaətinə gəlmişdir. Ona görə də həmin qərardan məhkəməyə şikayət vermək məcburiyyətində qalmışdır. Hesab edir ki, Şəki ŞRPŞ-nin DYPB-nin rəisi X8 02.09.2021-ci il tarixli İQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz, əsassız və ədalətsizdir. Şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X2 müdafiəçisi X22 da X5 ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İXP ******* saylı protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru polis serjantı X18 izahat verərək göstərmişdir ki, 02 sentyabr 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində Şəki ŞRPŞ-nin PPX əməkdaşları efir vasitəsilə onlara çıxaraq demişlər ki, X6 olduğu üçün onun idarə etdiyi nəqliyyat vasitəsini saxlamışlar. Bu məlumatı aldıqdan sonra dərhal hadisə yerinə gəlmişlər. Hadisə Şəki şəhərində “MTS” adlanan ərazidə baş vermişdir. Əraziyə çatdıqda sürücü X9 PPX əməkdaşları tərəfindən saxlanıldığını görmüşlər. Sürücünü İ.Əşirovu Şəki ŞRPŞ-nin PPX əməkdaşları saxladığından onlar X25 ŞRPŞ-nin DYPB-nin inzibati binasına deyil, Şəki ŞRPŞ-nin əsas inzibati binasına aparmışlar. Həmin vaxt sürücü X17 avtomobilini özü idarə edərək Şəki ŞRPŞ-nə gəlmişdir. Onlarda olan alkotestr yeni müəyinə-baxış olunması üçün Bakı şəhərinə göndərilmiş, həmçinin Şəki şəhərində həkim narkoloqda da alkotestr olmamışdır. Bundan başqa gecə saatları olduğundan qan müayinəsi üçün sürücü X13 qan analizi etdirilməsi üçün Şəki rayon Mərkəzi Xəstəxanasına aparmamışlar. Buna görə də məcburiyyət qarşısında qalaraq İntiqam Əşirovu sərxoşluq testindən keçirmək üçün Oğuz şəhərinə aparmışlar. Sürücünün sərxoşluq müayinəsi nəticəsində onda qanda alkoqolun konsentrasiyasının 0,3 promil olduğu müəyyən edilmişdir. Buna görə də X17 barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək o 400 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, şikayət əsassızdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Axırıncı məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Şəki ŞRPŞnin etbarnamə üzrə nümayəndəsi polis baş leytenantı X7 bildirmişdir ki, iş materialları ilə tanış olmüşdür. Göstərmişdir ki, İXP ******* saylı protokol və həmin protokol əsasında Şəki ŞRPŞ-nin DYPB-nin rəisi X14 tərəfindən tərtib edilmiş 03.09.2021-ci il tarixli İQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı və qanunidir. Onların ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Buna görə də şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş həkim-narkoloq X19 ifadəsində göstərmişdir ki, o, Oğuz rayon Mərkəzi Xəstəxanasında həkim narkoloq vəzifəsində işləyir. 03 sentyabr 2021-ci il tarixdə gecə saatlarında Şəki ŞRPŞ-nin DYPB əməkdaşları X1 vəziyyətinin müəyyən edilməsi ilə bağlı müayinədən keçirilməsi üçün onu Oğuz rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. O sürücü X13 “Dinqo A-025” adlı havanı müayinə edən cihazla müayinə etmişdir. Göstərmişdir ki, müayinə zamanı X11 alkoqolun konsentrasiyasının 0,3 promil olması müəyyən edilmişdir. Qeyd etmişdir ki, həmin “Dinqo A-025” aparatı sərxoşluğun nəticəsini aparatının ekran hissəsində göstərsə də, aparat bu barədə qəbz - yəni kağız daşıyıcı vermir. Həmçinin bildirmişdir ki, polis əməkdaşları və sürücünün özü tərəfindən İ.Əşirovun sərxoşluğunun qan ilə müəyyən olunması ondan xahiş edilməmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin DYPB-nin YPX inspektoru, polis baş sejantı X18 tərəfindən tərtib edilmiş 02.09.2021-ci il tarixli, İXP-4161245 nömrəli protokolun və onun əsasında Şəki ŞRPŞ-nin DYPB-nin rəisi, polis mayoru, X14 tərəfindən qəbul edilmiş 03.09.2021-ci il tarixli, İQ-4161245 saylı inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X17 02.09.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə olunmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş “Nəqliyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 02.09.2021-ci il tarixli, 143 saylı aktın təsdiq edilmiş surətindən görünür ki, X17 “Dinqo A-025” aparatı ilə müayinə olunmuş və onda yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Göründüyü kimi YPX əməkdaşı tərəfindən hər hansı protokol tərtib edilərək İ.Əşirov avtomobili idarə etməkdən kənarlaşdırılmamışdır. Yəni məhkəməyə təqdim edilən sənədlərin içərisində belə bir protokol aşkar edilməmişdir. Həmçinin məhkəmə iclası zamanı Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru polis serjantı X18 izahat verərək göstərmişdir ki, həmin vaxt sürücü X17 avtomobilini özü idarə edərək Şəki ŞRPŞ-nə gəlmişdir. Belə olan halda sürücünün avtomobili idarə edilməsindən kənarlaşdırılmaması məhkəmədə onun sərxoş olmaması qənaəti yaradır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q2-001-12 nömrəli, 19 yanvar 2012ci il tarixli «Yol-patrul xidməti haqqında Təlimat»-ın 5.16-cı maddəsinə əsasən YPX inspektoru alkotesteri onun istismarı üzrə təlimata müvafiq olaraq nəqliyyat vasitəsinin sürücüsünün alkoqoldan istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək məqsədilə nəfəs verilməklə yoxlanılır. Müayinənin nəticəsi YPX inspektoru tərəfindən müayinə olunan şəxsə bildirilir. Müayinə olunan şəxs sərxoş halda olmasını etiraf edərək alkotesterin nəticəsi ilə razı qaldıqda bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda şahidlərin iştirakı ilə protokol tərtib olunaraq təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır. Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması üsulları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qərarın 2.3-cü maddəsinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.5-ci maddəsinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333-cü maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməidir. X27 Haqqında Təlimatın 5.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət sürətinin müəyən olunması üçün nəzarət ölçü cihazları, YHQ pozuntularını qeydə alan digər texniki vasitələr, nəqliyyat vasitələrinin məcburi saxlanılması üçün qurğular, sürücülük vəsiqələrində, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində saxtalaşdırmaların aşkarlanması üçün cihazlar, avtomobilin şüşələrinin işıqburaxma qabiliyyətini, nəqliyyat vasitələrinin tullantılarında çirkləndirici maddələrin miqdarını ölçən qurğular və digər texniki vasitələr onlardan istifadə qaydaları haqqında təlimata uyğun olaraq tətbiq edilir. Metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 həmin vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmaması yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan onun həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olması qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir. Nəqliyyat vasitəsi sürücüsünün sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə üsulu ilə aparılır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olması müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Müayinənin nəticəsi YPX inspektoru tərəfindən müayinə olunan şəxsə bildirilir. Müayinə olunan şəxs sərxoş halda olmasını etiraf edərək alkotesterin nəticəsi ilə razı qaldıqda bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda (alkotesterin göstəricisi ilə razılaşmadıqda), lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, şahidlərin iştirakı ilə protokol tərtib olunaraq tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır. Alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun müəyyən edilməsi həmin şəxsin qanında alkoqolun konsentrasiyasının ölçülməsi yolu ilə aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 alkoqol sərxoşluğunun tibbi müayinəsi narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən “Dinqo A-025” aparatı ilə müayinə olunmuşdur. Göründüyü kimi müayinə Oğuz rayon Mərkəzi Xəstəxanasında həkim narkoloqu X19 tərəfindən aparılsa da X11 alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını əks etdirən hər hansı kağız daşıyıcı iş materiallarına əlavə edilməmişdir. Həkim narkoloq X19 məhkəmə iclasında ifadəsi alınarkən qeyd etmişdir ki, həmin “Dinqo A-025” aparatı sərxoşluğun nəticəsini aparatının ekran hissəsində göstərsə də, aparat bu barədə qəbz, yəni kağız daşıyıcı vermir. Halbu ki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə etməlidir. Göründüyü kimi X3 olmasını əks etdirən kağız daşıyıcı əldə edilərək işə əlavə edilməmişdir. Həmçinin sürücünün qanı müayinə edilərək onun sərxoşluğu müəyyən edilməmişdir. Bildiyimiz kimi qanunvericiliyə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Buna görə də məhkəmə həkim narkoloq X12 apardığı tibbi müayinə əsasında tərtib etdiyi 02.09.2021-ci il tarixli, 143 saylı «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını sübut növü kimi qəbul etmir. Bundan başqa məhkəmə həmçinin diqqətə çatdırır ki, Şəki şəhərində DYP bölməsində alkotestr olduğu, həmçinin Oğuz rayonuna münasibətdə daha çox və daha böyük tibb müəssisələri olduğu halda sürücü X1 müayinəsinin Oğuz rayonunun tibb müəssisələrində aparılması zərurəti nədən yaranmışdır. Bütün bunlar məhkəmədə müəyyən şübhələr yaradır. Bütün bunlar isə X9 tibbi müayinəsi aparılmış həmin rəyin göstəricilərinin düzgünlüyünə şübhə üçün əsasdır və məhkəmə həmin analizin nəticəsini etibarlı hesab etmir. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, sürücünün protokolu imzalamaqdan imtina etmək, bu barədə protokolda müvafiq qeyd aparmaq, sürücünün izahat vermək, protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, onun bu izahatı və mülahizələri protokola əlavə olunmasını və protokolun surətinin ona təqdim edilməsini tələb etmək hüququ olmasına baxmayaraq, X17 öz barəsində tərtib edilmiş tibbi müayinə aktı ilə şifahi tanış edilmişdir. Bununla da X9 qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd edilənləri birlikdə nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki X9 barəsində Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş sejantı X18 tərəfindən tərtib edilmiş 02.09.2021-ci il tarixli, İXP-4161245 nömrəli protokol və onun əsasında Şəki ŞRPŞ-nin DYPB-nin rəisi, polis mayoru, X14 tərəfindən qəbul edilmiş 03.09.2021-ci il tarixli, İQ-4161245 saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ərizə təmin edilsin. X9 barəsində Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş sejantı X18 tərəfindən tərtib edilmiş 02.09.2021-ci il tarixli, İXP-4161245 nömrəli protokol və onun əsasında Şəki ŞRPŞ-nin DYPB-nin rəisi, polis mayoru, X14 tərəfindən qəbul edilmiş 03.09.2021-ci il tarixli, İQ-4161245 saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-454/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-454/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver