Məhkəmə qərarları › İş №3(075)-454/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-454/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-454/2023 16.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, subay, işləməyən, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-nin X5 daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 16 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, X2 16 may 2023-ci il tarixdə, saat 20:30 radələrində Şəki rayonu, Kiçik Dəhnə kəndində nalayiq söyüşlər söyərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 15 may 2023-cü il tarixdə, saat 20:30 radələrində Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis baş serjantı Vüsal İsmayılov və Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis serjantı Vəli Rzayev birlikdə xidmətdə olduqları zaman Şəki rayonu, Kiçik Dəhnə kəndinin mərkəzi küçəsində bir nəfər şəxsin ünvansız nalayiq küçə söyüşləri söyərək, ucadan səs-küy saldığını görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsə ictimai qaydaları pozduğunu bildirərək nizam-iltizama dəvət etmişlər. Bu zaman həmin şəxs polis əməkdaşlarına məhəl qoymayaraq daha da aqresiv şəkildə öz hərəkətlərini təkrar şəkildə davam etdirmişdir. Polis əməkdaları həmin şəxsi sakitləşdirməyə çalışaraq polis şöbəsinə dəvət etdikdə, həmin şəxs açıq-aşkar şəkildə hörmətsizlik nümayiş etdirərək “siz kimsiz ki, məni polis bölməsinə aparırsıınız, mən getmirəm və məni heç kim apara bilməz” kimi ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən çox çətinlikdə polis şöbəsinə gətirilmişdir. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki rayonu Kiçik Dəhnə kənd sakini Şəxs olması müəyyən olunmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 15 may 2023-cü il tarixdə o, aqronom işləyən Sahib adlı şəxsdən əmlak pay torpaqlarının pulunu nə vaxtı köçürüləcəyini soruşduqda, həmin şəxs ona gec olacağını bildirmişdir. O, da bundan əsəbləşib Şəki rayonu Kiçik Dəhnə kəndinin mərkəzində ucadan ünvansız nalayiq küçə söyüşləri söymüşdür. Bu vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışlar. Lakin o, əsəbi olduğundan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları polis şöbəsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirmişdir. Bir daha bu cür əməllərə yol verməyəcəyinə söz verir. Ona yüngül tənbeh tədbirinin tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 15 may 2023-cü il tarixdə, təxminən saat 20:30 radələrində Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis serjantı Vəli Rzayevlə birlikdə xidmətdə olduqları zaman Şəki rayonu Kiçik Dəhnə kəndinin mərkəzi hissəsində bir nəfər şəxsin küçə söyüşləri söyərək ucadan səsküy saldığını görmüşlər. Onlar dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə ictimai qaydanı pozduğunu izah edib, onu nizam iltizama dəvət edib sakitləşdirməyə çalışan zaman həmin şəxs onlara məhəl qoymamış, öz hərəkətlərini təkrar davam etdirərək, onlara qarşı hörmətsizlik nümayiş etdirmişdir. Bundan sonra onlar həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxs aqresiv şəkildə onlara “siz kimsiz ki, məni polis bölməsinə aparırsınız, mən getmirəm və məni heç kim apara bilməz” kimi ifadələr işlədərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onlar çox çətinliklə həmin şəxsi polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin şəxsin Şəki rayonu Kiçik Dəhnə kənd sakini Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis serjantı X9 şahid X4 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 may 2023-cü il tarixdə saat 21:15-də inzibati qaydada tutulmuş və 16 may 2023-cü il tarixdə saat 13:00-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, cərimənin məbləği müəyyən olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 may 2023-cü il tarixdə saat 21:15-dən 16 may 2023-cü il tarixdə saat 13:00-dək olan müddətdə inzibati qaydada tutulması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar