Məhkəmə qərarları › İş №3(075)-458/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-458/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-458/2021 09.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxx 1974-cü il tarixdə Şəki rayonu, Baş Küngüt kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, Şəki rayonu, Baş Küngüt kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.1-ci maddələri ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İnzibati xəta haqqında potokolda göstərilmişdir ki, Şəki ŞRPŞ-nin ******* nömrəli, 31.05.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 50 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, Şəki ŞRPŞ-nin ******* nömrəli, 31.05.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 50 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi 07.09.2020-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, borc məbləği ödənilməmiş qalmışdır. Həmçinin borclu 25.09.2020-ci il tarixində şöbəyə çağırılmış, lakin borclu heç bir üzürlü səbəb göstərmədən çağırışa gəlməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu çağırışlara gəlmədiyi üçün onun məcburi gətirilməsi barədə qərar qəbul edilərək ünvanına göndərilmiş, borclu bu dəfə də Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gəlməmişdir. Belə olan halda borclunun məcburi gətirilməsi barədə məhkəməyə müraciət olunmuş, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar icra olunması üçün Şəki Şəhər Rayon Polis Şöbəsinə göndərilmiş, polis tərəfindən borclunun məcburi gətirilməsi təmin olunmuşdur. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Borclu Şəxs 09.09.2021-ci il tarixli izahatında mövcud cəriməni ödəməyə imkanının olmadığını bildirmişdir. Protoklu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki rayonu, Baş Küngüt kəndində yaşayır. İmkanı olmadığından indiyədək ailə qurmamışdır. Bütün bu müddət ərzində yaşlı ata-anasına baxmışdır. Lakin valideynlərinin hər ikisi vəfat etmişdir. Hal-hazırda kənddə atasına məxsus evdə tək yaşayır. Heç bir yerdə işləmir, əlavə hər hansı müavinət almamışdır. Qeyd edilən cərimə məbləğindən xəbəri belə yoxdur. Ondan bu günə kimi həmin 50 manat cərimənin ödənilməsi heç kim tərəfindən tələb olunmayıb. Hazırda da ona vaxt verilsə 50 manat cəriməni ödəyə bilməz. Əgər hər hansı gəliri olsa idi 50 manatı ödəyərdi. Özü tək başına güclə dolanır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan 09.09.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, 09.09.2020-ci il tarixdə Şəki ŞRPŞ-nin ******* nömrəli, 31.05.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan borclunun məcburi gətirilməsi haqqında 04.11.2020-ci il tarixli təqdimatın təsdiq edilmiş surətindən görünür ki, borclu Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilməsi Şəki Rayon Məhkəməsindən xahiş edilmişdir. Məhkəmə iş materialını təhlil edərək hesab edir ki, icra məmurunun 09.09.2020-ci il tarixdən sonrakı müddətdə borclunun 50 manatı ödəməsini tələb etməsi müddəti keçməmişdir. Çünki icra məmuru 04.11.2020-ci il tarixdə Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilməsi Şəki Rayon Məhkəməsinə təqdimat vermiş və məhkəmənin 20.11.2020-ci il tarixli qərarı ilə borclunun məcburi gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səllahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarının Şəxs tərəfindən alınması barədə hər hansı sənəd yoxdur. Bundan başqa icra sənədi 09.09.2020-ci il tarixdə şöbənin icraatına daxil olsa da, bu müddət ərzində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış və onun izahatı 2021-ci ilin sentyabr ayının əvvəllərində icra məmuru tərəfindən alınmışdır. Belə vəziyyətdə məhkəmə onun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 180 (bir yüz səksən) saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə 180 saat ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verisin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar