Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-465/2022 14.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxx 1974-cü ildə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə Baş Göynük Bələdiyəsində işləyən, əlilliyi olmayan, Şəki rayonu, Baş Göynük kəndində daimi qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X10 tərəfindən tərtib edilmiş 14 iyul 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 iyul 2022-ci il tarixdə, saat 22:50 radələrində Şəki rayonu Baş Göynük kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 12 iyul 2022-ci il tarixdə, saat 22:50 radələrində Şəki rayonu Baş Göynük kəndində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs islah olunması məqsədilə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, qeyd olunan tarixdə, o, sərxoş vəziyyətdə olmuşdur. Belə olan hallarda, o, öz hərəkətlərini idarə edə bilmir. Ona görə də artıq, o, spirtli işkilərdən istifadə etməyəcək. Həmin gün nə baş verdiyindən asılı olmayaraq, o, polis əməkdaşlarından üzr istəyir və məhkəmədən onun bağışlanmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, o, 13 iyul gecə saatlarında saxlanılmış, həmin gün saat 17-00-da buraxılmışdır. 14 iyul 2022-ci il tarixdə saat 09-00-dan artıq, o, polis şöbəsində olmuş, daha sonra isə məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 məhkəmə iclasında bildirdi ki, göründüyü kimi, Şəxs hadisə baş verən vaxtı sərxoş vəziyətdə olmuş, hərəkətlərini idarə etmək iqtidarında olmamışdır. Bundan başqa hadisə baş verən zaman ətrafda olan digər şəxslər dindirilməmiş, şahidlər yalnız polis əməkdaşları olmuşdur. Polislərin isə ifadələrindən onların qərəzli olduqları açıq-aşkar bilinir. Qeyd olunanları nəzərə alaraq icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə vəzifəsini müvəqqəti icra edən, polis mayoru X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 12 iyul 2022-ci il tarixdə Şəki ŞRPŞ-nin əməliyyat istinta qrupunun üzvləri Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru, Aqşin Gülməmmədov, CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Araz Binyətli və nüvbətçi hissənin sürücüsü polis nəfəri, polis serjantı Məmmədkərim Məmmədkərimov ilə birlikdə saat 22:50-də Şəki rayonu Baş Göynük kənd sakini X4 DİN-in 102 xidmətinə etdiyi müraciət əsasında hadisə yerinə gedərkən Şəki rayonu, Baş Göynük kəndinin mərkəzinə çatıb yolayrıcı dönərkən orada dayanan 7-8 nəfər kənd sakinlərindən biri nalayiq küçə söyüşləri ilə polisin ünvanına söyərkən bu kəndə nəyə görə gəlmisiniz deyə bildirmişdir. Onlar həmin vaxt həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onu nizam intizama dəvət etsələrdə, o, onlara məhəl qoymayaraq yenidən polisin və dövlətin ünvanına ağır formada nalayiq ifadələr işlətməyə davam etdiyi üçün həmin şəxsi Şəki ŞRPŞ-yə dəvət etmişlər. Şöbəyə onlarla getmək istəməmiş, tabesizlik göstərmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəki rayonu Baş Göynük kənd Bələdiyyəsinin hüquqşunası vəzifəsində işləyən Şəki rayonu Baş Göynük kənd sakini Şəxs Zəkəriyyə oğludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 və CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı X9 digər şahid X6 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs sərxoş halda polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, qanuni tələblərinə qəsdən tabe olmamış, onlara müqavimət göstərməklə səs-küy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Şəxs sərxoş vəziyyətdə olaraq etdiyi hərəkətlərin mənasını başa düşməməsi barədə fikirlərinə məhkəmə tənqidi yanaşır və qeyd edir ki, bu hallar şahid ifadələri ilə təsdiq edilmişdir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, onun hazırda məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır və o, bu yolla törətdiyi inzibati xətaya görə barəsində tətbiq ediləcək məsuliyyətdən azad olmaq istəyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, məhkəmə araşdırması zamanı onun inzibati xətanı törədərkən sərxoş vəziyyətdə olması məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 14 iyul 2022-ci il saat 09-00-dan hesab edilsin. Şəxs 13 iyul 2022-ci il tarixdə, saat 00:55-dən şübhəli şəxs qismində tutularaq 13 iyul 2022-ci il tarixə, saat 17:00-dək saxlanıldığı müddət onun barəsində tətbiq ediləcək həbs növündə inzibati tənbeh tədbirinin müddətindən çıxılsın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-465/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-465/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver