Məhkəmə qərarları › İş №3(075)-47/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-47/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-47/2024 14.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəxs QSC-nin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 16 yanvar 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 146250.00 Avro məbləğində vəsaiti 22 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 146250.00 Avro məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bu əmələ görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə 16 yanvar 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin nümayəndəsi (vəkili) X3 təmsil etdiyi hüquqi şəxsin hər hansı bir təqsiri olmadığını, göstərilən vəsaitin Almaniyadan “2021 Mercedes-Benz G 63 AMG” markalı avtomobilin alınması üçün xx.xx.2021-ci il tarixdə 146250 avro vəsait köçürüldüyünü, pulun köçürülməsinə baxmayaraq avtomobilin göndərilmədiyini, bu səbəbdən onlar tərəfindən ilkin olaraq "xxxx" ASC-yə müraciətlər edilərək ödəmənin geri qaytarılmasının, həmçinin satıcının bankına vəsaitin dondurulması üçün müraciət edilməsinin xahiş edildiyini, heç bir nəticə əldə edilmədiyini gördükləri üçün vəkillə hüquqi yardım mqaviləsi bağladıqlarını, vəkil tərəfindən Almaniya Federativ Respublikasının müvafiq səlahiyyətli orqanlarına çoxsaylı müraciətlər edildiyini, nəticədə X4 Bankında bank hesabına köçürülmüş 146.250 avronun blok edildiyini, təmsil etdiyi hüquqi şəxsin heç bir təqsiri olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 16 yanvar 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 146250.00 Avro məbləğində vəsaiti 22 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 146250.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bu səbəbdən barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 57830,00 Avro məbləğində xarici valyutada olan 146250.00 Avro məbləğində vəsaiti 22 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 146250.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti, yəni 146250.00 Avro məbləğinin 20 (iyirmi) faizi miqdarında inzibati cərimə növündə (qərarın icra olunduğu günə manata məzənnəsi üzrə) inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Malların ölkəyə idxal olunmamasının və pulların vaxtında geri qaytarılmamasının barəsində protokol tərtib edilmiş şəxsin iradəsindən asılı olmayan hallarla əlaqəli olması ilə bağlı dəlillərlə də məhkəmə razılaşmır. Məhkəmə nəzərə alır ki, iki il kifayət qədər uzun müddətdir və bu müddətdə həmin mübahisənin həlli gözlənilən olmuşdur. Digər tərəfdən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hesabına pul köçürdüyü hüquqi şəxsin təqsiri səbəbindən zərər çəkməsi gələcəkdə ona qarşı iddiasının əsası kimi də çıxış edə bilər. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 146250 Avro valyuta vəsaiti məbləğinin 20 faizi – 29250 Avro məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar