Məhkəmə qərarları › İş №3(075)-478/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-478/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-478/2020 21.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Həsənova Röya İlham qızının iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, hal-hazırda işləməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Şəki rayonu üzrə İcra Şöbəsinin icraatında olan icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə onun barəsində İnzibati protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə İnzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki rayonu üzrə İcra Şöbəsindən Şəki rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-70/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs xx.xx.2013-cü il təvəllüdlü Həsənova Özləm Vüqar qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment alınaraq tələbkar Həsənova Röya İlham qızına ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icratına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və xx.xx.2020-cı ıl tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən borclu Şəxs barəsində xx.xx.2020-ci ıl tarixdə 820512 saylı axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında aliment pulundan 100 manat ödəniş etmək imkanının olduğunu bildirmişdir. Göstərmişdir ki, əsas iş yeri Bakı şəhəri, Zabrat-1 qəsəbəsində yerləşən hamam olduğu və karantin rejimi olduğuna görə aliment pulunu ödəyə bilməmişdir. Həmçinin borcludan yığılmış aliment pulunu tam şəkildə nə vaxt ödəyə biləcəyinin soruşduqda isə borclu 1 ay vaxt verilərsə bütün aliment borcunu tam ödəyə biləcəyini bildirmişdir. Bununla da o, keçən 5 ay müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Borclu sonuncu dəfə 2020-ci ilin may ayının ortalarında 200 manat ödəniş etmişdir. Hazırda borclu Şəxs 750 manat aliment borcu vardır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 70/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icrası sənədinə əsasən ondan xx.xx.2013-cü il təvəllüdlü Həsənova Özləm Vüqar qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment alınaraq tələbkar Həsənova Röya İlham qızına ödənilməlidir. Göstərmişdir ki, ilk 4 ayda aliment məbləğini mütamadi olaraq ödəmişdir. Bildirmişdir ki, Bakı şəhəri, Zabrat-1 qəsəbəsində yerləşən hamamda kisəçi işləyir. Lakin, ölkə ərazisində pandemiya ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən 2020-ci ilin mart ayından bütün hamamlarda olduğu kimi həmin hamamın da fəaliyyəti dayandırılmışdır. Buna görə də heç bir yerdə işləmir və karantin rejimini qaydalarında yumşalmalar olsa da, hamamların işləməsi ilə əlaqədar qadağalar hələ də qüvvədədir. Lakin, buna baxmayaraq işsiz qalmış olsa da belə aliment ödəməyə çalışmışdır. Belə ki, valideynlərinin yardımı ilə aliment ödənişlərini aparmağa çalışmışdır. Sonuncu dəfə isə 2020-ci ilin may ayının axırında atasından pul alaraq aliment borcundan 200 manat ödəniş etmişdir. Bildirdi ki, onun alimenti ödəməmək kimi bir qərəzi yoxdur, sadəcə pandemiya ilə əlaqədar işsizliyi ucbatından ödənişlər edə bilmir. Əgər karantin rejimi ləğv edilərsə o, yenə həmin işinə bərpa edilərək borcunu tam şəkildə ödəyəcəkdir. Hazırda onun 750 manat aliment borcu vardır. Göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Həsənova Röya İlham qızı izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-70/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs xx.xx.2013-cü il təvəllüdlü Həsənova Özləm Vüqar qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment alınaraq ona ödənilməlidir. Bildirdi ki, borclu əvvəllər mütamadi ödənişlər etsə də, sonradan ödənişlərində kəsirləri yaranmışdır. Belə ki, sonuncu dəfə 2020-ci ilin may ayında 200 manat aliment ödənişi etmişdir. Lakin, bir neçə aydır ki borclu aliment borcundan heç bir ödəniş etmir. Göstərdi ki, borclu Bakı Şəhəri, Zabrat-1 qəsəbəsində yerləşən hamamda kisəçi işləyir və qazancı yaxşıdır. Bildiyinə görə borclu hazırda işləmir. Buna baxmayaraq o, almient borcunun tam şəkildə ödənilməsini istəyir. Belə ki, qeyd etdi ki, borclunun valideynlərinin imkanları yaxşıdır. O, valideynlərindən də pul alaraq aliment borcunu ödəyə bilər. Hazırda onun 750 manat aliment borcu vardır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmdən xahiş edir. Məhkəmə icra məmurunun, borclunun və zərərçəkmiş şəxsin izahatlarına və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göründüyü kimi Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər, həmçinin tərəflərin izahatlarından da göründüyü kimi Şəxs icra sənədi üzrə müxtəlif vaxtlarda ödəniş etmiş, sonuncu ödənişi isə 2020-ci ilin may ayında 200 manat olmuşdur. Bundan başqa tərəflərin izahatları ilə müəyyən oldunur ki, borclu Bakı şəhərində yerləşən hamamların birində kisəçi işləyir. Lakin ölkə ərazisində pandemiya ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən 2020-ci ilin mart ayından bütün hamamlarda olduğu kimi həmin hamamın da fəaliyyəti dayandırılmışdır. Buna görə də borclu halhazırda heç bir yerdə işləmir və karantin rejimini qaydalarında yumşalmalar olsa da, hamamların işləməsi ilə əlaqədar qadağalar hələ də qüvvədədir. Lakin, buna baxmayaraq borclu işsiz qalmış olsa da belə aliment ödəməyə çalışmışdır. Belə ki o, valideynlərinin yardımı ilə aliment ödənişlərini aparmağa çalışmışdır. Bu zərərçəkmişin, icra məmurunun həmçinin borclunun özünün ifadələri ilə də təsdiq olunur. Belə ki, borclu sonuncu dəfə 2020-ci ilin may ayının axırında atasından pul alaraq aliment borcundan 200 manat ödəniş etmişdir. Bütün bu qeyd edilənlər məhkəməyə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsi qənaətinə gəlməsinə əsas verir. Nəzərə alsaq ki, hal-hazırda pandemiya ilə əlaqədar hamamlarda göstərilən bütün xidmətlər hələ də qüvvədədir, belə olan halda borclunun icra sənədinin icrasının qərəzli olaraq icra etməməsindən söhbət belə gedə bilməz. Göründüyü kimi Şəxs icra sənədini icra etməkdən yayınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yoxdur. Belə ki, o, icra sənədi üzrə müəyyən vaxtlarda ödəniş etmişdir. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar