Məhkəmə qərarları › İş №3(075)-480/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-480/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-480/2023 31.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Qladiator fitnes” adlı sahibkarlıq obyektinin sahibi Şəxs həmin obyektdə ümumi ölçüsü 1.80 kv.metr olan fasad reklamının icazəsiz yerləşdirməsi və yayımı faktı üzrə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə 15 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs, fiziki şəxsdir. Onun VÖEN-i yoxdur. X5 İdarəsi tərəfindən ona 01 may 2023-cü il tarixdə göndərilmiş aktı 07 may 2023-cü ildə qəbul etmiş, lakin ona verilmiş 5 gün ərzində aktın göstərişlərini icra etməmişdir. 15 may 2023-cü il tarixdə özünün iştirakı ilə protokol tərtib olunmuş və protokola etirazının olmadığını qeyd etmişdir. Ona görə də, fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, qeyd edilən aktdan və barəsində tərtin edilmiş protokoldan məlumatı olmuşdur. Atası xəstə olduğu üçün qeyd edilən vaxt ərzində pozuntunu aradan qaldıra bilməmişdir. Ona görə də, barəsində yüngül cərimə cəzası tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 01 may 2023-cü il tarixli, 000101 nömrəli aktda görünür ki, Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Qladiator fitnes” adlı məkanda Şəxs tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla 3 x 0.60 = 1.80 kv.metr ölçüdə fasad rekalmı yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış 02 may 2023-cü il tarixli yazılı göstərişin surətindən görünür ki, Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Qladiator fitnes” adlı məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində X5 İdarəsinə müraciət etməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, X5 İdarəsi tərəfindən Şəxs ünvanlanmış göndəriş 07 may 2023-cü il tarixdə şəxsən ünvançı tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 15 may 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs sahibi olduğu, Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Qladiator fitnes” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən 01 may 2023-cü il tarixdə baxış keçirilərkən həmin obyektdə ümumi ölçüsü 1.80 kv.metr olmaqla 1 ədəd fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti 02 may 2023-cü il tarixdə Şəxs rəsmi qaydada göndərilməklə fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Lakin Şəxs icrası məcburi olan göstərişin tələblərinə vaxtında əməl etməmiş, 15 may 2023-cü il tarixdə obyektə təkrar baxış keçirilərkən həmin fasad reklamlarının əvvəlki yerində olduğu aşkar edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə çıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Şəxs sahibi olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamlarının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin 01 may 2023-cü il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Qeyd olunan hüquq normalarının məzmununa görə məhkəmə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin Şəxs rəsmi qaydada göndərilmiş aktı və icrası məcburi olan göstərişi ona rəsmi qaydada verilmiş hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs özünün də təsdiq etdiyi kimi “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla 1.80 kv.metr ölçüdə fasad rekalmı yerləşdirmişdir. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün və protokol tərtib etmiş şəxsin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 300 manat məbləğində cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar