Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-49/2024 23.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X9 Vəkil Bürosunun vəkili X5 iştirakları ilə 1 yanvar 1962-ci ildə Şəki rayonu, Aydınbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəki rayonu, Aydınbulaq kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 23 yanvar 2024-cü ildə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-203/2022-005 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 15000 manat borc alınıb X7 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi üzrə tələb borclu tərəfindən tam yerinə yetirilməmiş, borcun bir hissəsi, 5850 manat ödənilmiş, 9150 manat borc qalmışdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1215/2022-018 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1622.29 manat borc və 23 manat dövlət rüsumu alınıb X7 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi üzrə tələb borclu tərəfindən yerinə yetirilməmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-203/2022-005 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədi üzrə 7350 manat ödənilmiş, 7650 manat borc qalmışdır. Borclu icra sənədləri üzrə tələbləri yerinə yetirmədiyindən borclunun əmlakının axtarışına başlanılmış, nəğd pul vəsaitinin olubolmamasını öyrənmək məqsədilə banklara sorğu göndərilmiş, həmçinin adına qeydə alınmış daşınar və daşınmaz əmlakın olub-olmamasını, işləyib-işləməməsini, sahibkarlıqla məşğul olub-olmamasını öyrənmək məqsədilə “Elektron icra” sistemi vasitəsi ilə sorğular göndərilmiş, lakin borclunun nəğd pul vəsaitinin, daşınar və daşınmaz əmlakının olmadığı, iş yerinin olmadığı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı müəyyən edilmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, borclunun tələb yönəldiləcək əmlak aşkar olunmamışdır. Borclu Şəxs kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmuş, yaşadığı kənddə və ətraf kəndlərdə taxıl əkini ilə məşğul olmuş, həmçinin Füzuli adlı şəxsin evində bağbanlıq edib kənddə avtoyuma işlətmişdir. İcra sənədinin icrasının təmin etməsi barədə borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin borclu işlədiyi, qazancı olduğu halda icra sənədləri üzrə tələbləri tam ödəniş etməmiş, icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bu hərəkətləri ilə Şəxs icra sənədini qərəzli olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Şəxs 23 yanvar 2024-cü il tarixdən, saat 13:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:00-da məhkəməyə gətirilmişdir. Zərərçəkmiş şəxs X10 izahat verib bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 203/2022-005 saylı icra vərəqəsinə əsasən Şəxs 15000 manat borc, Şəki Rayon Məhkəməsinin 2(075)-1215/2022-018 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1622.29 manat borc və 23 manat dövlət rüsumu alınıb ona ödənilməlidir. Şəxs tərəfindən Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-203/2022-005 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədi üzrə 7350 manat ödənilmiş, 7650 manat borc qalmışdır. Digər icra sənədi üzrə isə heç bir ödəniş edilməmişdir. Borclu borcu tam ödəyəcəyinə dəfələrlə söz versə də, ödəməmişdir. O, borcun tam ödənilməsini tələb etsə də, borclu axtarıb şikayət etdikləri vaxtda ödəniş etməklə kifayətlənmişdir. O, məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-203/2022-005 saylı icra vərəqəsinə əsasən ondan 15000 manat borc, Şəki Rayon Məhkəməsinin 2(075)- 1215/2022-018 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1622.29 manat borc və 23 manat dövlət rüsumu alınıb X7 ödənilməlidir. İcra sənədləri üzrə əvvəllər cəmi 7350 manat ödəmişdir. O, ayda 400 manat ödəniş etməyə və tam borcu isə may ayına qədər ödəməyə çalışacağını bildirib qeyd etdiklərinin nəzərə alınaraq barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. X9 Vəkil Bürosunun vəkili X11 Şəxs barəsində olan inzibati xəta haqqında protokolun təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, zərəçəkmiş şəxsin və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş sənədlərlə təsdiq olunur. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-203/2022-005 saylı icra vərəqəsinə əsasən Şəxs 15000 manat borc alınıb X7 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1215/2022-018 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1622.29 manat borc və 23 manat dövlət rüsumu alınıb X7 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 23 may 2022-ci il tarixli, 09 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 203/2022-005 saylı, 24 fevral 2022-ci il tarixli və Şəki Rayon Məhkəməsinin 2(075)- 1215/2022-018 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 3(075)-470/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs təqsirini səmimi etiraf etmişdir. Məhkəmə həmin halları cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Cəzanı ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş aparılan şəxs qısa zamanda borcu tam ödəyəcəyinə, icra sənədinin icrasını tam yerinə yetirəcəyinə söz verib məhkəməni inandırmağa çalışsa da, məhkəmə baxışda iştirak etmiş protokol tərtib etmiş icra məmuru məhkəməyə gətirilənə qədər belə vədin verilmədiyini bildirməsi, borcun reallıqda 2019-cu ildən yaranıb 5 ilə qədər müddət ərzində qaytarılmaması, aylıq ödəmək istədiyi pulu arvadının əmək haqqı hesabına ediləcəyini və ondan sonra öz dolanışıqları üçün pul qaymayacağı barədə dediklərini nəzərə alıb səmimi və inandırcı hesab etmir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 23 yanvar 2024cü il tarixdən, saat 13:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 23 yanvar 2024-cü il tarixdən, saat 13:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə sərbəst olmamışdır. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 23 yanvar 2024-cü il tarixdən, saat 13:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 yanvar 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-49/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-49/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver