Məhkəmə qərarları › İş №3(075)-490/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-490/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-490/2021 20.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.1-ci maddələri ilə 20 sentyabr 2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahat verərək göstərdi ki, Şəki şəhərrayon Polis Şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2020-ci tarixli, ******* saylı icra sənədinə əsasən Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə olunmuşdur. İcra sənədi 02 dekabr 2020-ci ildə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən nə könüllü verilmiş müddətdə, nə də inzibati cərimənin ödənilməsi üçün qanunla müəyyən olunmuş müddətdə cərimə ödənilməyərək icra sənədinin icrası təmin edilməmiş, cərimə məbləği ödənilməmiş qalmışdır. Eyni zamanda borcluya göndərilmiş bildiriş və xəbərdarlıqda icra sənədinin icrası tələb olunmuş, icra məmurunun qanuni tələbinin yerinə yetirilmədiyi halda barəsində İXM-nin 528.1 və 529.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi nəzərinə çatıdırlmışdır. Borclu həm cəriməni qanunla müəyyən olunmuş vaxtda ödəməmiş, həmçinin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank-kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti, daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Borclu Şəxs 20 sentyabr 2021-ci il tarixli izahatında cərimə məbləğini imkanı olmadığı üçün ödəmədiyini, gələcək 1 il müddətində ödəyəcəyini bildirmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2020-ci tarixli, ******* saylı icra sənədinə əsasən o, İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə olunmuşdur. İcra sənədindən xəbəri olmuşdur. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Belə ki, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı vardır. Uşaqlarını təkbaşına böyüdür. Heç yerdə işləmir. Sosial yardım pulu kəsilmişdir. Bu yaxınlarda məktəblər açılacaqdır, lakin o, məktəbə getmələri üçün uşaqlarına ən zəruri əşyaları belə ala bilməmişdir. Borcunu ödəməkdən yayınmır. Əlinə düşdükcə az-az borcunu ödəyəcəkdir. Bundan başqa qeyd etdi ki, icra məmurunun əvvəlki bildirişlərini almış və icra şöbəsində bir neçə dəfə olmuşdur. Lakin sonuncu bildirişi gec almış və aldıqdan sonra məcburi qaydada deyil, özü icra şöbəsinə gəlmişdir. Bütün bunları nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 oğlu inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun İXM-nin 529.1-ci maddəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi Şəxs Şəki ŞRPŞ-nin 10 oktyabr 2020-ci tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəki ŞRPŞ-nin 10 oktyabr 2020-ci tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmədiyindən həmin qərar on gün sonra, yəni 21 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş və icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ-nin 10 oktyabr 2020-ci tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı əsasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 02 dekabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinə əsasən Şəki ŞRPŞ-nin 10 oktyabr 2020-ci tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvəyə mindiyi gündən 3 ay müddətində, yəni 22 yanvar 2021-ci il tarixədək barəsində olan 300 manat məbləğində inzibati cəriməni ödəməli olmuşdur. Lakin inzibati cərimə onun ödənilməsinin son müddəti olan 22 yanvar 2021-ci il tarixədək Şəxs tərəfindən ödənilmədiyi təqdirdə növbəti gündən başlayaraq 2 ay müddətində, yəni 23 mart 2021-ci il tarixədək icraatında həmin icra işi olan icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda qanunvericiliyin bu tələbi pozularaq, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən uzun müddət sonra, yəni 20 sentyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati cərimənin ödənilməsindən boyun qaçırmır və hissə-hissə ödəyəcəyini bildirir. Məhkəmə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun İXM-nin 528.1-ci maddəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs icra məmurunun bütün çağırışlarına gəlmiş, bir neçə dəfə izahatı alınmışdır. Sonuncu məhkəmə bildirişi öz deməsinə görə ona gec çatmış, xəbər tutanda isə gəlmişdir. Bu da Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsinin və icra sənədini üzürlü səbəbdən icra etməməsinin bariz nümunəsidir. Borclunun himayəsində 3 azyaşlı uşağı var və onları təkbaşına böyüdür. Onun borcunu ödəyə bilməməsi qərəzliliklə deyil, maddi imkansızlıqla bağlıdır. Buna görə də məhkəmə bunu qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilə bilməz. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən 20 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanılmış inzibati icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi, həmçinin İXM-nin 528.1-ci maddəsi üzrə isə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən 20 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.1-ci maddələri ilə başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar