Məhkəmə qərarları › İş №3(075)-492/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-492/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-492/2021 05.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1, qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis kiçik serjantı X8, zərərçəkmiş şəxs X3 iştirakları ilə X1 Şəki şəhər-rayon Polis Şöbəsinin YPX inspektoru, polis kiçik serjantı X14 tərəfindən barəsində tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ DYP-nin barəsində İXM-nin 327.6-cı maddəsinə əsasən tərtib etdiyi 06 sentyabr 2021-ci il tarixli protokolunun əsassızlığı və qanunazidd olması ilə ləğv edilməsi, həmin qurumun əməkdaşlarının ona qarşı zor tətbiq etmələrinin qanunauyğun qiymətləndirilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, 06 sentyabr 2021-ci il tarixdə, axşam saat 21:00 radələrində özünün idarə etdiyi **-XH-*** dövlət nömrə nişanlı, “Hyundai-Accent” markalı avtomobillə, Şəki şəhərində “Araz market” mağazasının qarşısında eyni istiqamətdə, yolun sol tərəfində dayanmış “Hyundai-Elantra" markalı, **-DB-*** dövlət nömrə nişanlı avtomobilə arxadan yaxınlaşmış, bu zaman avtomobili saxlayarkən qeyd edilən avtomobillə özünün idarə etdiyi avtomobil arasında araməsafəsi saxlamadan düşmüşdür. Bu zaman öndəki avtomobilin sürücüsü də idarə etdiyi avtomobili tərk edərək öz avtomobilinin arxa hissəsinə yaxınlaşmış və ona araməsafəsi buraxmama haqqında xəbərdarlıq etmiş və o da öz növbəsində qayıdaraq özünün idarə etdiyi avtomobili geriyə çəkmişdir. Bu hadisədən 20 dəqiqə sonra “Kapital Bank”ın Şəki ofisinin önündə onu Şəki ŞRPŞ-nin DYPB-nin Bəhruz adlı əməkdaşı saxlamış və onunla Şəki ŞRPŞ-nin DYPB-nə gəlməyini tapşırmışdır. O, Şəki ŞRPŞ-nin DYPB-nə çatdıqdan sonra idarə etdiyi avtomobili DYP-nin cərimə dayanacağında saxlamaq barədə göstəriş vermiş və bildirmişdir ki, guya idarə etdiyi avtomobillə şəhər ərazisində **-DB-*** nömrə nişanlı avtomobili arxadan çarpmışdır. O, polis əməkdaşından “belə olduqda onu əgər çarpmışamsa, avtomobilimdə heç bir çarpma və yaxud hansısa xəsarət izi niyə yoxdur?” sualını soruşmuş, sonuncu cavabında “sabah biləcəksən” demişdir. 07 sentyabr 2021-ci il tarixdə, axşam saat 17:00 radələrində onu telefonla arayaraq Şəki ŞRPŞ-nin DYPB-yə dəvət etmişlər. O, Şəki ŞRPŞnin DYPB-nin inzibati binasına getdiyində onu Şəki ŞRPŞ-nin DYPB-nin rəisi Şəhmir Uluxanov qəbul etmişdir. Qəbul vaxtı kabinetdə onu saxlamış polis əməkdaşı əməkdaşı Bəhruz və Vüsal adlı daha bir əməkdaş olmuşdur. Şəhmir Uluxanov ona “maşını vurub qaçmısan” deyə müraciət etmiş, o isə cavabında “mən maşın zad vurmamışam, hansı maşındı?” deyə soruşmuşdur. Bu zaman Şəhmir Uluxanov ayağa qalxaraq ondan maşınının DYP-nin cərimə meydanında saxlanılmasına dair təhvil vermə protokoluna imza atmağını tələb etmiş, o isə öz növbəsində maşının dünən saxlanılması ilə protokol tərtib edilməsini və ona görə də protokola imza atmayacağını bildirmişdir. Bu halda Şəhmir Uluxanov onun qıçına təpik ataraq sifətinə yumruq vurmuş, yanında olan əməkdaşlar isə hərəsi bir tərəfdən qolunu buraraq onu qabağa doğru bükülməyə məcbur edərək vəhşicəsinə döymüşlər. Buna görə də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, ona protokol və ya qərarın surəti verilməmiş, üzərindəki cərimələri yoxlayarkən 100 manat cərimə olunduğunu bilmişdir. Məhkəmə iclası zamanı qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis kiçik serjantı X14 izahatında bildirdi ki, 06 sentyabr 2021ci il tarixdə, saat 21 radələrində xidmətdə olarkən Hyundai Accent markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində Hyundai Elantra GLS markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurduğunu, lakin daha sonra hadisə yerindən yayındığını müəyyən etmişdir. Sürücüyə “saxla” işarəsi verib polis şöbəsinə dəvət etmiş, lakin sürücü xəta törətməsi ilə razılaşmamış, heç bir avtomobili vurmadığını bildirmişdir. Bundan sonra zərərçəkmiş dəvət edilərək izahatı alınmış, Hyundai Accent markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 barəsində 06 sentyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və 06 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Odur ki, hesab edir ki, tərəfindən qəbul edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X4 bildirdi ki, 06 sentyabr 2021-ci il tarixdə, saat 21:45 radələrində idarə etdiyi, özünə məxsus Hyundai Elantra GLS markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısına maneə çıxmış və avtomobili dayandırmışdır. Bu zaman Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində onunla eyni istiqamətdə hərəkətdə olan Hyundai Elantra GLS markalı, hazırda nömrəsini xatırlamadığı avtomobil onun avtomobilini arxadan vurmuşdur. Avtomobilə ziyan az dəydiyindən sürücü ilə razılaşmış, heç kəsdən şikayətçi olmamışdır. Məhkəmə tərəflərinin izahatlarını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis kiçik serjantı X14 tərəfindən qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 İXM-in 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis kiçik serjantı X14 tərəfindən qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXM-in 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. 06 sentyabr 2021-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Hyundai Accent markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. 07 sentyabr 2021-ci il tarixdə "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Hyundai Elantra GLS markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 100 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.2-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin İXM-in 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İşə əlavə edilmiş sənədlərdən, eləcə də X5 məhkəmə iclasında verdiyi izahatından gürünür ki, o, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmır və razı olmadığını aydın şəkildə bəyan edir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, X9 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış, inzibati araşdırma zamanı onun izahatı alınmamışdır. Eyni zamanda DYPB-nin əməkdaşı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsə inzibati xəta haqqında protokol tərtib olunacağını bildirməmiş də, şəxsin protokolla razılaşıb-razılaşmadığını müəyyən etməmiş, protokolda bununla bağlı qeyd aparılmamış və ya aparılmaqdan imtina etməsini göstərməmişdir. Bundan başqa X6 inzibati xəta haqqında protokol təqdim edilməmiş və sonuncu məhkəmə iclasında verdiyi izahatına da inzibati xəta haqqında protokolun ona təqdim edilmədiyini, protokoldan şikayət vermə müddətini gözləmədən barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis kiçik serjantı X14 tərəfindən qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X5 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X9 inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Şəki rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinin tələblərini pozaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamasına baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis kiçik serjantı X14 tərəfindən X5 barəsində qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli, həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsində yenidən baxılmalı, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis kiçik serjantı X14 tərəfindən X5 barəsində qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsində yenidən baxılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar