Məhkəmə qərarları › İş №3(075)-494/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-494/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-494/2021 22.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Şəki rayonu Baş Kəldək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Baş Kəldək kəndində qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 22 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(041)-1195/2019 saylı icra sənədinə əsasən 29 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X3 ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 22 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(041)-1195/2019 saylı icra sənədinə əsasən 29 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X3 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə Kürdəmir Rayon İcra Şöbəsi tərəfindən 16 oktyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İcra sənədi üzrə tələbi icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs barəsində 08 fevral 2021-ci il tarixdə 820774 nömrəli axtarış işi açılmışdır. 22 sentyabr 2021-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında halhazırkı tarixə yaranmış 2880 manat məbləğində aliment borcunu ödəyə bilməyəcəyini, maddi vəziyyətinin yaxşı olmadığını və ən əsası uşağın ondan olmadığını bildirmişdir. Bununla da keçən müddət ərzində tələbin icrası borclu tərəfindən könüllü olaraq təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, borclunun əlaqə nömrəsi olmadığından onunla indiyədək əlaqə saxlaya bilməmişdir. Həmçinin, bildirişləri borclunun qeydiyyat ünvanı üzrə göndərmiş, poçt şöbəsi borclu tərəfindən şəxsən qəbul edildiyi göstərilən xəbərnamələri qaytarmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(041)-1195/2019 saylı icra sənədinə əsasən ondan 29 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 ödənilməlidir. X1 arasında rəsmi nikah olmamış, 2011-ci ildə ayrılmışlar. Onun məhkəmə iclaslarından, məhkəmə qətnaməsindən və icra sənədindən ümumiyyətlə xəbəri olmamışdır. Belə ki, o, Şəki rayonu Baş Kəldək kəndində qeydiyyatda olsa da, həmin ünvanda özü və ya ailə üzvləri yaşamır. Ailəsi ilə birgə Bakı şəhərində yaşayır. İcra məmuru tərəfindən axtarış işi açıldıqdan sonra polis vasitəsilə gətirilmiş, icra şöbəsində olarkən icra sənədindən xəbəri olmuşdur. İş materiallarına əlavə edilmiş xəbərnamələrdəki imzalar isə ona məxsus deyildir. Borcunu qəbul etmir. Belə ki, uşağın atası o deyildir. Hazırda Kürdəmir Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(041)-1195/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verəcəkdir. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X11 bildirdi ki, Şəxs hərəkətlərində qərəz yoxdur. Belə ki, borclu nəinki icra sənədindən, ümumiyyətlə, onun barəsində məhkəmədə iş olduğundan xəbəri olmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını dinləyərək, işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi Şəxs Kürdəmir Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(041)-1195/2019 saylı icra sənədindən xəbəri olmamışdır. Belə ki, Kürdəmir Rayon İcra Şöbəsi tərəfindən 16 oktyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilsə də, həmin qərarın borcluya çatdırılması iş materialları ilə sübut edilmir. Bundan başqa Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 04 noyabr 2020-ci il tarixli çağırış vərəqəsi borclu Şəxs qeydiyyat ünvanı üzrə Şəki rayonu Baş Kəldək kəndinə göndərilmiş, lakin bildirişin borclu tərəfindən alındığını göstərən xəbərnamə sonuncu tərəfindən imzalanmamış, xəbərnamədəki imza borclu tərəfindən mübahisələndirilmiş, həmçinin məhkəmə tərəfindən vizual müşahidə zamanı borclunun 22 sentyabr 2021-ci il tarixdə icra şöbəsində verdiyi izahatındakı imza ilə müqayisədə xəbərnamədəki imzanın kəskin şəkildə fərqləndiyi müəyyən edilmişdir. Həmçinin, icra məmuru özü də borclu ilə indiyədək əlaqə saxlaya bilmədiyini bildirmişdir. Göründüyü kimi borclunun icra sənədindən məlumatı olmamışdır. Odur ki, onun hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzürlü səbəbdən icra etməməsi tərkib əlamətləri mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yoxdur. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar