Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-498/2020 14.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi: X5 iştirakı ilə, Ərizəçi X5 Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş Şəki ŞRPŞ-nin xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi X7 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ev onun mərhum anasından miras qalan evdir. Həmin evdə qardaşları X13 və X9 öz ailələri ilə birlikdə yaşayırlar. xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində qardaşı Nadirin arvadı Katibə Mustafayeva və onun oğlanları Elçin və Nəriman onu ağac parçası və təpiklə döymüşlər. Onlar onu döyməsinə baxmayaraq ondan polis şöbəsinə şikayət etmişlər. Şəki ŞRPŞ-nın Təhqiqat Bölməsində verdikləri izahatlarında isə qeyd etmişlər ki, guya o, dəmir vedrə ataraq Katibə Mustafayevanı qol nahiyəsindən, 31 yaşlı oğlu Elçin Mustafayevi isə vedrə ilə sinəsindən vurmuşdur. O, İİ qrup əlildir və 53 yaşı var. Necə ola bilər ki, onun kimi əlil və yaşlı adam ondan gənc qadını və iki gənc oğlanı döysün. Halbuki, onun anadangəlmə sağ əli və sağ ayağı qüsurludur. Nəticədə onun barəsində xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-nin 157-ci maddəsi ilə 300 manat məbləğində inzibati cərimə edilmişdir. O, həmin gün heç kimə heç bir xəsarət yetirməmişdir. O, fiziki cəhətdən onlara xəsarət yetirmək iqtidarında deyildir. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X7 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan sənədlərdən görünür ki, Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X14 tərəfindən HK-1/437 nömrəli material üzrə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, xx xxxxx 2020-ci il tarixdə aralarında yaranmış mübahisə zəminində Nigar Mustafayeva qohumu Katibə Mustafayevaya dəmir vedrə atıb vurmaqla ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Eyni zamanda Katibə Mustafayeva da qeyd olunan tarixdə aralarında yaranmış mübahisə zəminində qohumu Nigar Mustafayevanın baldır nahiyəsindən vurmaqla ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. X11 Nigar Mustafayeva tərəfindən döyülməsi faktı öz təsdiqini tapmamışdır. Aparılmış araşdırmanın nəticəsi olaraq Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X14 tərəfindən xx xxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən HK-1/437 nömrəli material üzrə Nigar Mustafayeva və Katibə Mustafayevanın əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş HK-1/437 nömrəli material üzrə X6 izahatından görünür ki, yaşadığı ünvanın sahibliyinin müəyyən edilməsi məqsədilə Nigar Mustafayeva ilə onun ailəsi arasında məhkəmə prosesi getməkdədir. Həmin şəxs onun atası Nadir Mustafayevin bacısıdır. Onun yaşadığı ünvan isə atasının anasına məxsusdur. Nigar Mustafayeva da həmin evin özünə məxsus olduğunu bildirməkdədir. Dəfələrlə onu və ailəsini təhqir etmiş, bu zəmində də aralarında mübahisələr yaranmışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvanda olan həyətdən səs-haray gəldiyini eşitmişdir. Bu zaman bayıra çıxdıqda Nigar Mustafayevanın ucadan nalayiq ifadələrlə qardaşı Nəriman və anası Katibəni təhqir etdiyini aşkar etmişdir. Eyni zamanda qardaşı və anasının deməsinə əsasən Nigarın sonuncuları vedrə ilə vurmasından məlumatlanmışdır. O, Nigara DİN-nin 102 xidmətinə zəng edərək, qeyd olunan faktla bağlı məlumat verəcəyini qeyd etsə də, Nigar yenidən öz nalayiq ifadələrini davam etdirmişdir. O da DİNnin 102 xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş HK-1/437 nömrəli material üzrə X1 izahatından görünür ki, yaşadığı ünvanın sahibliyinin müəyyən edilməsi məqsədilə Nigar Mustafayeva ilə onun ailəsi arasında məhkəmə prosesi getməkdədir. Həmin şəxs onun həyat yoldaşı Nadir Mustafayevin bacısıdır. Onun yaşadığı ünvan isə həyat yoldaşının anasına məxsusdur. Nigar Mustafayeva da həmin evin özünə məxsus olduğunu bildirməkdədir. Dəfələrlə onu və ailəsini təhqir etmiş, bu zəmində də aralarında mübahisələr yaranmışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvanda olan zaman həyətə çıxaraq təmizlik işləri görməyə başlamışdır. Eyni həyətdə yaşadığı Nigar Mustafayeva da yaşadığı ünvandan çıxaraq evdə olan çirkli suyu yaşadığı ünvanın həyətinə tökmüşdür. O, Nigara suyu tökməməsini xahiş etsə də Nigar Mustafayeva yenidən həmin çirkli suyu həyətə tökərək nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin zəmində də aralarında mübahisə yaranmışdır. Davamında isə Nigar əlində olan dəmir vedrəni onun üzərinə atmışdır. Həmin vedrə onun qol nahiyəsindən dəymişdir. Həmin an isə oğlu Nəriman evdən bayıra çıxaraq bibisi olan Nigarı sakitləşdirməyə çalışmışdır. Lakin Nigar evlərindən götürdüyü plastik vedrəni Nərimanın üzərinə atmışdır. Həmin vedrə də Nərimanın sinə nahyyəsindən dəymiş və mübahisə davam etmişdir. Bundan sonra digər oğlu Elçin Mustafayev bayıra çıxmış, DİN-nin 102 xidmətinə zəng edərək, məlumat verəcəyini bildirmişdir. Bundan sonra isə Nigar Mustafayeva yenidən öz səs-haray davam etdirərək onları təhqir etmişdir. İş materiallarına əlavə edilmiş HK-1/437 nömrəli material üzrə X3 izahatından görünür ki, yaşadığı ünvanın sahibliyinin müəyyən edilməsi məqsədilə Nigar Mustafayeva ilə onun ailəsi arasında məhkəmə prosesi getməkdədir. Həmin şəxs onun atası Nadir Mustafayevin bacısıdır. Onun yaşadığı ünvan isə atasının anasına məxsusdur. Nigar Mustafayeva da həmin evin özünə məxsus olduğunu bildirməkdədir. Dəfələrlə onu və ailəsini təhqir etmiş, bu zəmində də aralarında mübahisələr yaranmışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvanda olan zaman bayırdan səs-haray gəldiyini eşitmişdir. Bu zaman bayıra çıxdıqda isə anası Katibə Mustafayeva ilə bibisi Nigar Mustafayeva arasında sonuncunun çirkli suyu həyətə atması barədə mübahisə yarandığını görmüşdür. Bu zaman Nigar Mustafayevanı sakitləşdirməyə çalışsa da Nigar əlində olan dəmir vedrəni anasının üzərinə atmış və qol nahiyəsindən vurmuşdur. Davamında isə yaxınlıqda olan plastik vedrəni də onun üzərinə atmış və sinə nahiyəsindən dəymişdir. Sonradan onların yanına qardaşı Elçin Mustafayev gəlmişdir. İş materiallarına əlavə edilmiş HK-1/437 nömrəli material üzrə X5 izahatından görünür ki, Katibə Mustafayeva qardaşı Nadir Mustafayevin həyat yoldaşıdır və o, həmin ailə ilə eyni həyətdə ayrı evdə yaşamaqdadır. Uzun müddətdir ki, həmin ailə ilə aralarında torpaq məsələsi ilə bağlı münaqişə vardır. Dəfələrlə də aralarında olan münaqişələrlə bağlı polis şöbəsinə müraciətləri olmuşdur. xx xxxxx 2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı evin qarşısına su tökmüş və bunu görən Katibə Mustafayeva ona acıq olsun deyə çirkli suyu onun yaşadığı evin qarşısındakı güllərə tökmüşdür. Bu səbəblə də Katibə Mustafayeva ilə aralarında münaqişə yaranmış və münaqişə zamanı Katibənin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin, münaqişə zamanı Katibə Mustafayevanın üstünə dəmir vedrəni atmış, lakin həmin vedrə Katibə Mustafayevaya dəyməmişdir. Bundan sonra Katibə Mustafayeva taxta parçasını gətirərək, onun sol ayağından bir neçə dəfə vurmuşdur. Həmin vaxt Katibənin uşaqları Elçin və Nəriman da münaqişəyə qarışmışlar. Lakin sonuncularla aralarında hər hansı fiziki təmas olmamışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx xxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanda gəlini X2 döymüşdür. İş materiallarında olan xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, X5 ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarından və işin faktiki hallarından məlum olur ki, qeyd edilən hadisə lazımınca araşdırılmamışdır. Belə ki, xx xxxxx 2020-ci il tarixdə X7 və X4 arasında baş vermiş mübahisənin bilavasitə şahidi olmuş bir nəfər belə şahidin izahatı alınmamış və ya olmuş real şahidlər ilkin araşdırma zamanı aşkar edilərək dindirilməmişdir. İş materiallarına əlavə edilmiş şahid X10 isə hadisəni bilavasitə görməmiş, qardaşı və anasının deməsinə əsasən Nigarın sonuncuları vedrə ilə vurmasını bilmişdir. Göründüyü kimi Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X14 tərəfindən hərtərəfli araşdırma aparılmamış, yalnız hadisənin şahidi olmayan zərərçəkmişin oğlu X6 izahatına əsaslanaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Buna görə də Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən X5 barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən X5 barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-498/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-498/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver