Məhkəmə qərarları › İş №3(075)-50/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-50/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-50/2022 24.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxx 1993-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X11 tərəfindən tərtib edilmiş 23 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 yanvar 2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 23 yanvar 2022-ci il tarixdə, saat 00:40 radələrində Şəki şəhəri, F.Abdurəhmanov küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, 22 yanvar 2022-ci il tarixdə təxminən 700 qram spirtli içki qəbul etmişdir. Geri qayıdarkən sərxoş halda avtomobili idarə etmişdir. Bu zaman avtomobildə ailə üzvləri və bacanağı olmuşdur. Gecə vaxtı olduğundan yolun buzlu olduğunu görməmiş, avtomobil sürüşmüş, divara dəyib dayanmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşmışdır. O, avtomobildən düşmüşdür. Polis əməkdaşı ondan içkili olubolmadığını soruşmuşdur. O da polis əməkdaşına içkili olduğunu, evinin 30-40 metr yaxında olduğunu bildirmiş, ailəsini düşürüb gəlməsi üçün icazə istəmişdir. Lakin polis əməkdaşı razılaşmamış, özlərinin ailə üzvlərini düşürdə biləcəklərini bildirmişdir. O, bundan əsəbiləşmiş, “sən kimsən ki, mənim ailəmi aparırsan” demişdir. Bundan sonra aralarında sözlə mübahisə olmuşdur. Daha sonra polis əməkdaşı avtomobildə olan bacanağına ailəsini düşürməsi üçün icazə vermişdir. O, bacanağı ailəsini apardıqdan sonra yol patrul xidməti maşınına əyləşmiş, Şəki ŞRPŞ-yə gəlmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, içkili halda maşın sürdüyünə görə peşmandır. Lakin o, polisə itaətsizlik göstərməmiş, heç kəsin paqonunu cırmamışdır. Sadəcə yol buzlu olduğundan polis əməkdaşı onu zorla maşına mindirərək ayağı sürüşmüş, yıxılmasın deyə polisdən tutmuşdur. Bu zaman döş nişanı qopmuşdur. O, ünvansız nalayiq ifadələr işlətməmiş, “məndə rəhbərliyinizin rüşvətlə bağlı videosu var” deməmişdir. Çünki ümumiyyətlə polisin rəhbərliyini tanımır. Məhkəmədən bütün bunların nəzərə alınmasını və ədalətli qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 bildirdi ki, Şəxs əməllərində heç bir inzibati xətanın tərkibi yoxdur. Odur ki, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru X12 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 23.12.2021-ci il tarixdə, təxminən saat 00:40 radələrində YPX inspektorları Şahin Şeyixov və Tural Mamedovla birlikdə xidmətdə olduqları vaxt **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəki şəhəri, F.Abdurəhmanov küçəsində onların avtomobilini görüb yüksək sürətlə hərəkət etmiş, yolun kənarında işıq dirəyinə vurmaqla yol nəqliyyat hadisəsi törədib dayanmışdır. O, həmin sürücüyə yaxınlaşaraq özünü təqdim etdikdən sonra istəyən zaman sürücü yüksək tonla “sənədlərim yoxdur” demişdir. Ondan spirtli içki qəbul edib-etmədiyini soruşduqda o “içmişəm yaxşı eləmişəm, siz və sizin rəhbərliyinizin məndə rüşvət alma çəkilişiniz var” demişdir. O, sürücünü sakitləşdirməyə çalışsa da, sürücü ona tabe olmamış, ünvansız söyüşlər söyərək maşınına heç kəsin minə bilməyəcəyini bildirmişdir. Bundan sonra digər YPX əməkdaşları Şahin Şeyixov və Tural Mamedov həmin şəxsi şöbəyə dəvət etmişlər. Lakin həmin şəxs maşını sürüb ailəsini düşürdəcəyini israrla bildirmiş, aralarında mübahisə yaranmışdır. Bu zaman həmin şəxslə birlikdə avtomobildə olan digər şəxs maşını sürüb uzaqlaşmış, YPX inspektoru Şahin Şeyixov avtomobilin arxasınca qaçsa da çata bilməmişdir. Sonradan YPX inspekloru Şahin Şeyixov ara küçələrin birindən həmin avtomaşını tapmış və hər iki şəxs polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində həmin şəxslərin Şəki şəkər sakinləri Şəxs və X5 olmaqla, hər iki şəxsin orta dərəcəli sərxoş olmaları müəyyən olunmuşdur. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, döş nişanı aralarında mübahisə olarkən yerə düşmüşdür. Şəxs bunu qəsdən etmədiyini, ondan tutunarkən təsadüfən qopduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru X10 digər şahid X8 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Əlavə olaraq bildirdi ki, həmin şəxsə əvvəlcə Rauf Əhmədov yaxınlaşmış, mübahisə yaranarkən onlar müdaxilə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru X4 digər şahid X8 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Əlavə olaraq bildirdi ki, döş nişanı X14 Cabbarov arasında mübahisə olarkən yerə düşmüş, o, yerdən götürmüşdür. Lakin Şəxs tabesizlik göstərərkən onu sakitləşdirməyə çalışdıqlarından qəsdən və ya təsadüfən qopmasını deyə bilmir. İş materiallarına əlavə edilmiş Şəki Mərkəzi Rayon X1 23 yanvar 2022-ci il tarixdə tərtib etdiyi 54 nömrəli «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həmin gün orta dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs sərxoş halda avtomobil idarə etməklə yol nəqliyyat hadisəsi törətmiş, bununla bağlı prosedur qaydalara əməl etməklə polis şöbəsinə gedərək izahat verməli olduğu halda bunu etməmiş, polis əməkdaşlarına müqavimət göstərməklə səs-küy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Şəxs heç bir ictimai qaydanı pozmadığı barədə fikirlərinə məhkəmə tənqidi yanaşır və qeyd edir ki, bu hallar şahid ifadələri ilə təsdiq edilmişdir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, onun hazırda məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır və o, bu yolla törətdiyi inzibati xətaya görə barəsində tətbiq ediləcək məsuliyyətdən azad olmaq istəyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, məhkəmə araşdırması zamanı onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə qəbul edildiyi saatdan hesab edilsin. Şəxs 23 yanvar 2022-ci il tarixdə, saat 01:00-dan şübhəli şəxs qismində tutularaq 24 yanvar 2022-ci il tarixə, saat 10:30-dək saxlanıldığı müddət onun barəsində tətbiq ediləcək həbs növündə inzibati tənbeh tədbirinin müddətindən çıxılsın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar