Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-50/2024 23.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxx 1982-ci il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN 403H3CX olan, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-354/2022-005 saylı, 04 aprel 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 20000 manat alınıb X2 ödənilməlidir. Sözügedən borc borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-354/2022-005 saylı, 04 aprel 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 20000 manat alınıb X2 ödənilməlidir. İcra sənədi 31 may 2022-ci il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi üzrə tələb borclu tərəfindən yerinə yetirilməmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü müddətdə yerinə yetirmədiyindən borclunun əmlakının axtarışına başlanılmış, banklarda nəğd pul vəsaitinin olubolmamasını öyrənmək məqsədilə banklara sorğu göndərilmiş, həmçinin adına qeydə alınmış daşınar və daşınmaz əmlakın olub-olmaması, işləyib-işləməməsini, sahibkarlıqla məşğul olub-olmadığnı öyrənmək məqsədilə “Elektron icra” sistemi sorğular göndərilmiş, lakin borcluda nəğd pul vəsaiti, daşınar və daşınmaz əmlakın olmadığı, iş yerinin olmadığı, sahibkarlıq fəaliyyətinin olmadığı müəyyən edilmişdir. Borclunun yeri məlum olmadığından 24 iyun 2022-ci il tarixdə axtarış barədə qərar qəbul olunaraq Şəki ŞRPŞ-nə göndərlmiş, polis tərəfindən axtarış işi açılmışdır. Borclu 23 yanvar 2024-cü il tarixdə polis tərəfindən tapılaraq şöbəyə gətirilmişdir. Borclu şöbədə olarkən icra sənədinin tam icrası tələb olundu, borclu tələbi yerinə yetirmədi. İzahatı alınan borclu izahatında bildirdi ki, borcunun olduğunu, borcuna görə axtarışda olduğunu bilib, lakin borcunu ödəməyib. İzahatında onu da bildirdi ki, o əvvəllər 4 ay əvvələ qədər sürücü işləyib, hazırda isə avtomobillərin matorunu yığır, ayda 900 manat qazancı olur. Bütün bunlardan görünür ki, borclu işlədiyi, qazancı olduğu halda icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmiş və əməlinə davam etdirir. Bununla da borclu Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 23 yanvar 2024-cü il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 354/2022-005 saylı, 04 aprel 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 20000 manat alınıb X2 ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. İşləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Hal-hazıradək icra sənədində göstərilən borc məbləğindən hər hansı ödəniş etməmişdir. Hazırda borcundan 3000 manat məbləğdə ödəniş edə bilər. Qalan borcunu isə aylıq 100 – 150 manat, işi yaxşı olarsa 300-400 manat olmaqla hissə-hissə ödəyə bilər. Ailəlidir, himayəsində 4 uşağı vardır. Əlavə olaraq bildirdi ki, o, 23 yanvar 2024-cü il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Taleh Neymət oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 23 yanvar 2024cü il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən saxlanılmış daha sonra məcburi qaydada polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 23 yanvar 2024-cü il tarixdən, saat 11:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılması, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sərbəst olmamışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli 23 yanvar 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 23 yanvar 2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-50/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-50/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver