Məhkəmə qərarları › İş №3(075)-505/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-505/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-505/2025 29.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X11 oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X14 Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1978-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 29 iyul 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-546/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat aliment tutularaq X1na ödənilməlidir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borclu Şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, ondan izahat alınmışdır. Borcludan yaranmış 1680 manat aliment borcunun bu günə qədər hansı səbəbdən ödəmədiyi sual edilmişdir. Borclu imkanının olmadığını bildirmişdir. Keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu tərəfindən tam olaraq icra edilməmişdir. İcra sənədi icra şöbəsinə yazılı ərizə ilə müraciət edərək icra sənədinin icra edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Əvvəllər işlədiyi üçün aliment borcunu ödəmişdir. Hazırda rəsmi işi olmadığına görə aliment borcunu ödəmək imkanı yoxdur. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, o, ikinci dəfə ailə qurmuşdur, həmin nikahdan da uşaqları var, gündəlik fəhləlik edərək qazandığı pul ailəsinə çətinliklə yetir, bu səbəbdən əvvəlki nikahından olan uşaqlarına alimenti ödəyə bilmir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə qanuni qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. X14 Vəkil Bürosunun vəkili X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş; Şəki Rayon Məhkəməsinin e-2(075)-2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şəxs 15 dekabr 2009-cu il təvəllüdlü X8 və 19 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, 280 (iki yüz səksən) manat aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinin e-2(075)-2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən Şəxs ünvanlanmış bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün müddətinə vaxt verilmiş, icra sənədinin icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. X1 xx.xx.2025-ci il tarixdə ərizə ilə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu Şəxs 1400 manat borcu olduğunu qeyd etmiş, borclu haqqında məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclunun məcburi gətirilməsi haqqında Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 3 gün müddətində könüllü olaraq şöbəyə gəlməsi, əks təqdirdə onun məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Borclunun məcburi gətirilməsi haqqında Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı borclu Şəxs poçt xidməti vasitəsi ilə çatdırılmışdır. İş materiallarında görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 29 iyul 2025-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 29 iyul 2025-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 29 iyul 2025-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 29 iyul 2025-ci il tarixdən saat 11:00-dan hesab edilsin. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar