Məhkəmə qərarları › İş №3(075)-508/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-508/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-508/2021 05.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxxxx 1972-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, il ərzində inzibati məsuliyyətə cəlb edilmiş, işləməyən, İİ dərəcə əlilliyi olan, Şəki rayonu Çayqaraqoyunlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş 13 sentyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 sentyabr 2021-ci il tarixdə, saat 00:50 radələrində Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisində VAZ-21063 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən ictimai qaydanın pozulmasına görə xidmətdə olan yol polis əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə və eyni zamanla barəsində inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi müəyyən edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X3 izahat verərək göstərdi ki, Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfərləri Ceyhun Mustafayev və X6 rayonu Çayqaraqoyunlu kəndində xidmətdə olan zaman VAZ-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin sürücüsünün şübhə doğurduğunu görmüş və avtomobili saxlatmışlar. Avtomobil saxladıqdan sonra avtomobilə yaxınlaşmış, özlərini təqdim edərək sənədləri tələb etmişlər. Yoxlama zamanı sürücüdən kəskin spirt iyi gəldiyindən həmin yerə YPX inspektorları Bəhruz Səfərov və o dəvət olunmuşdur. Sürücü nəqliyyat vasitəsi ilə birlikdə polis şöbəsinə gətirilmiş, həmin şəxsin Şəki rayonu Çayqaraqoyunlu kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Sürücü Şəxs həkim müayinəsindən keçirilmiş və sərxoş olması müəyyən olmuşdur. Tərəfindən araşdırma aparılmış və Şəxs Yevlax Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə 500 manat inzibati cərimə edildiyi müəyyən olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs islah olunması məqsədilə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, həqiqətən də 13 sentyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində ona məxsus olan VAZ-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etmişdir. Həmin avtomaşınla Şəki rayonu Çayqaraqoyunlu kəndində hərəkətdə olan zaman polis əməkdaşları ona saxla işarəsi verdiyindən avtomobili saxlamalı olmuş, sərxoş olduğunu bildirmişdir. Etdiyi əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəyinə son verir. Qeyd etdi ki, cəriməni ödəməyə imkanı yoxdur. Ona görə də inzibati həbs edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs 334.2-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında əlavə edilmiş 13 sentyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyininin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarında əlavə edilmiş Mingəçevir şəhər Narkoloji Dispanserinin 14 sentyabr 2021-ci il tarixli, 380 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 3(039)-624/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında əlavə edilmiş Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs İİ dərəcə əlilldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati tənbehin məqsədlərinə nail olmasını, həmçinin ikinci dərəcə əlilliyi olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsi tətbiq edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsi ilə təqsirli bilinib İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar